Michel Platini-nin öz namizədliyini gələn il fevralın 26-da keçiriləcək seçkidə FİFA prezidentliyinə irəli sürməsinin ardınca onun iki potensial rəqibi fransalını kəskin tənqid edib.
60 yaşlı UEFA prezidenti dünya futbolunun ən yüksək vəzifəsinə namizədlik verərkən deyib ki, korrupsiya iddialarının girdabında qalmış FİFA-nın “yeni səhifəsini” açmaq niyyətindədir.
Şahzadə Ali: “Platini pis seçim olardı”
Şahzadə Ali: FİFA-ya yeni, keçmişin təcrübəsinə aidiyyəti olmayan şəxs rəhbərlik etməlidir
Lakin bu təmənnada onun iki potensial rəqibi – şahzadə Ali Bin al-Hussein və Musa Bility mətbuata deyiblər ki, Platini “çox pis seçim olardı”.
Son prezident seçkisində Blatter-ə rəqib olmuş şahzadə Ali bildirib ki, “futbol azarkeşləri və oyunçuları” daha yaxşı rəhbərə layiqdirlər.
İordaniya kral ailəsinin üzvü olan şahzadə Ali deyib ki, FİFA-ya “yeni, keçmişin təcrübəsinə aidiyyəti olmayan şəxs rəhbərlik etməlidir”.
Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bility isə iddia edib ki, Platini rəhbər kimi FİFA-ya “daha çox parçalanma, xaos və problem” gətirə bilər.
Avropa Platini-ni dəstəkləyir
Fransa yığmasının keçmiş kapitanı, üç dəfə “Ballon d'Or” mükafatı almış Platini FİFA-ya prezident seçilmək üçün real şansa malikdir, beləki o, Avropa konfederasiyaları tərəfindən dəstəklənir.
Son yarım əsrdə FİFA-nın yalnız iki prezidenti olub. Belə sabitlik, dəyişkən dünyada paradoks sayıla bilər
FİFA-ya üzv 209 futbol assosiasiyasının prezident və baş katiblərinə göndərdiyi məktubda Michel Platini yazır ki, “futbolun maraqları naminə yorulmadan fəaliyyət göstərəcək”.
“Son yarım əsrdə FİFA-nın yalnız iki prezidenti olub” – yazır Platini.
O əlavə edib ki, “belə sabitlik, dəyişkən dünyada paradoks sayıla bilər, lakin son hadisələr dünya futbolunun ali qurumundan yeni səhifə açmağı və idarəçilik barədə yenidən düşüməyi tələb edir”.
Michel Platini həmçinin bu məktubda özünün UEFA rəhbəri kimi uğurlu fəaliyyətini yada salır.