-
“Azərbaycan da daxil olmaqla 9 ölkə qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair İstanbul Konvensiyasını imzalasın və ratifikasiya etsin”. Bu çağırışla iyulun 30-da Avropa Şurasının baş katibi Thorbjørn Jagland çıxış edib. Avqustun 1-də həmin konvensiyanın qüvvəyə minməsindən bir il ötür.
Thorbjørn Jagland deyib ki, “İstanbul Konvensiyası” sayəsində Avropada qadınların təhlükəsizliyi güclənib.
İstanbul Konvensiyası kimi tanınan sənəd Avropa Şurasının “Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığı ilə Mübarizə və Qarşısının Alınması” Konvensiyasıdır. Bu konvensiya qadınlara qarşı zorakılığın bütün formalarını kriminallaşdırır – cinsi zorakılıqdan tutmuş, cinsi qısnama, psixoloji pis rəftaradək.
Həmin konvensiyanı qəbul edən ölkələr nəinki cinayətkarları təqib etməli, zorakılıq qurbanlarını dəstək və qoruma ilə təchiz etməlidirlər.
Avropa Şurasının 18 üzvü sazişi yerli qanunvericiliyinə daxil edib, 20 üzv ratifikasiya məqsədilə imzalayıb. Sənədi imzalamayan ölkələr bunlardır: Ermənistan, Azərbaycan, Bolqarıstan, Çex Respublikası, İrlandiya, Latviya, Lixtenşteyn, Moldova və Rusiya Federasiyası.