Aydın Bəşirov gəmini belə oğurladı

Aydın Bəşirov

-

virtualaz saytı yazır ki, Bakı buxtasındakı yaxtanın yoxa çıxması ilə bağlı yeni təfərrüatları ortaya çıxıb.

Füzuli Abdullayev adlı şəxs polisə «Yaxt-klub»dakı 65 metrlik yaxtasının oğurlanmasından şikayət etmişdi.

«Sonradan isə məlum olmuşdu ki, bu yaxta Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin keçmiş sədri Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsusdur. Bu faktı «Yaxt-klub»un mətbuat katibi Əhməd Əsgərov da təsdiqləyib: «Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmin gəmi itməyib və gəminin fotolarını mətbuata təqdim edəcəyik. «Yaxt-klub»dakı dayanacağa gəlincə isə, ora pulludur və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz».

virtualaz-ın əldə etdiyi məlumata görə, bu yaxta Aydın Bəşirov «Kaspar»ın rəhbəri olan dövrdə özəlləşdirilib, daha doğrusu, mənimsənilib.

DAĞLAR QOYNUNDA ŞƏKİ

«Azadlıq» qəzeti «Dağlar qoynunda Şəki» məqaləsində Şəkiyə necə getməkdən, bölgənin problemlərindən yazır:

«Regionların inkişafı...» adına 51 milyard manat pul mənimsənildi-dağıdıldı, ölkəmizin başqa yerləri necə - Şəki də eləcə: tikilmədi, qurulmadı. Az-çox tikilən-qurulan nə varsa ayrı-ayrı hakimiyyət adamlarınındır. Şəkilinin yaxşı yaşayışı Rusiyadan gələn pula bağlıdır: kimin Rusiyada qazananı varsa, Şəkidə güzəranı var, yoxsa... çətinlik çətinlik üstünə qalanacaq».

XALQ SİYASİ KURSU DƏSTƏKLƏYİR

«Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılıb.

«Dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerində tanış olmaq, sadə vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir».

BAKI-VAŞİNQTON MÜNASİBƏTLƏRİNDƏ «U» DÖNÜŞÜ

«Yeni Müsavat» qəzeti yazır ki, son həftələr ABŞ-la Azərbaycan arasında ilıqlaşma, yandırılan körpülərin bərpası müşahidə edilirdi. Ancaq indi məlum olur ki, bu ilıqlaşma etibarlı, daimi əsaslara söykənmir.

«ABŞ Azərbaycan iqtidarına münasibətdə təməl insan haqları məsələsindən nəinki vaz keçməyə hazırlaşmır, əksinə, digər sahələrdəki geniş əməkdaşlığa baxmayaraq, zaman-zaman bu amildən rəsmi Bakıya qarşı istifadə etmək niyyətindədir. Həm Dövlət Departamentinin bəyanatı, həm də ona Bakının kəskin cavabı Azərbaycanda Rusiya «5-ci kolonçu»larının son zamanlar açıq-aşkar fəallaşması və buna hökumət səviyyəsində reaksiya verilməməsi fonunda səslənməsi ilə də diqqət çəkir».