Azərbaycanı necə yola gətirməli...

Rachel Denber

-

slate.com saytı «Human Rights Watch» hüquq-müdafiə təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber-in məqaləsini dərc edib.

Məqalədə qeyd olunur ki, Rusiyada hökumətin vətəndaş cəmiyyətinə təzyiqləri hər yerdə geniş işıqlandırılır. Moskvadan mincə mil cənubda yerləşən başqa bir postsovet ölkəsində – Azərbaycanda da eyni təzyiq kampaniyası baş alıb gedir, ancaq bu təzyiqlərə eyni diqqət ayrılmır. «Ancaq diqqət olmalıdır, çünki repressiya dalğası bu ölkənin insan haqları icmasını tamamilə sıradan çıxarmaqdadır», - müəllif yazır.

«Keçmiş sovet ölkələrində insan haqları sahəsində 24 illik təcrübəm var. Heç vaxt insan haqları liderlərinin həbsi ilə bu qədər cidd-cəhdlə məşğul olan hökumət görməmişəm. Bu liderlərin, onların ailələrinin həyatı məhv olmaqdadır. Bir sıra fəallar və dissidentlər ölkədən qaçıb. Bəzi hallarda hökumət onların ölkədə qalan ailə üzvlərinə təzyiqlərə başlayıb».

Müəllif həbs olunan hüquq müdafiəçilərindən, jurnalistlərdən, qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklərdən bəhs edir. Bütün bunları 2011-ci ilin «Ərəb baharı» və 2013-2014-cü il «Maydan» hərəkatı ilə izah edir. Belə ki, hakimiyyət ictimai narazılığın səbəblərini araşdırmaq əvəzinə narazıları susdurmaq yolunu seçib. Rusiya nümunəsi də hakimiyyəti ürəkləndirib: «Niyə də olmasın axı? Həbslər, repressiya artdığı bir vaxtda Azərbaycan fəxrlə Avropa Şurasına sədrlik edib».

Ancaq müəllif bu tendensiyanın dəyişməyə başladığını, bu ilin iyununda BMT-nin İnsan Haqları Şurasında, daha sonra AŞPA-da Azərbaycanla bağlı tənqidi qətnamələri yada salır. Qeyd edir ki, hökumət bu repressiyanı nə vaxtsa dayandıra, siyasi motivlərlə tutulanları buraxa bilər.

«Ancaq o vaxtadək beynəlxalq ictimaiyyətdən daha çox hərəkət gərəkir. Təşkilatlar mümkün alətlərdən yararlanmalıdırlar – daha çox bəyanat verməli, nüfuzlu qurumlardan çıxarmaqla hədələməlidirlər və s. Bakıya təzyiq artırılmalıdır… Xarici səfirliklər, hökumətlərarası təşkilatların hamısı məhkəmə dinləmələrinə təmsilçi göndərməlidirlər. Beləliklə hökumət məhkəməyə gedənləri qorxuda bilməz. Ən vacibi, onlar Yunuslara, Rəsul Cəfərova, İntiqam Əliyevə və Xədicə İsmayıla dəstək olarlar».

Donald Trump

DONALD TRUMP-IN AZƏRBAYCANDA BÖYÜK DÜŞÜNMƏYİ

Giorgi Lomsadze eurasianet.org saytında ABŞ prezidentliyinə namizədlərdən biri Donald Trump-ın Azərbaycandakı biznes maraqlarından bəhs edir.

«Onsuz da düşünəcəksənsə, böyük düşün», - bu sitat Donald Trump-a məxsusdur. Və deyəsən, Azərbaycanda həm layihə rəhbəri, həm də tərəfdaş kimi belə də edib.

Bu günlərdə «Mother Jones» saytı yazıb ki, Trump Bakıda bir göydələnə adının verilməsindən və onun idarəçiliyindən 2.5 milyon dollar qazanıb. Bu layihədə isə onun tərəfdaşı azərbaycanlı oliqarx Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Bu razılaşma və Məmmədovun Azərbaycanın ABŞ-dakı maraqlarını irəli aparması ABŞ-Azərbaycan münasibətlərində iki paralel dünyanı göstərir. Bakı Vaşinqtonun insan haqları tənqidlərini acılayır, eyni zamanda lobbiçiləri ABŞ siyasətçilərinin başını bişirməkdədir. Eləcə də Trump kimi investorların.

Putin-lə yaxşı yola gedə biləcəyini düşünən Trump seçki kampaniyası çıxışlarında Cənubi Qafqaz mövzusuna, ümumiyyətlə, toxunmayıb. Heç vaxt Bakıda səfərdə olmayıb. Qızı Ivanka ötən payızda buraya dəyib.

Bakıdan əvvəl isə Trump Gürcüstanla oxşar əlaqələr yaradıb.

Müəllif Məmmədovlar ailəsinin inhisara aldığı sahələr, Anar Məmmədovun qaranlıq biznes imperiyası barədə mediada yazılanlara da toxunur. Ölkədə insan haqları pozuntularına Qərbdən gələn tənqidləri isə Bakı bir qayda olaraq «qərəzli» adlandırır.

«Amerikanı yenidən böyük edək!» şüarıyla kampaniya aparan Trump isə hələlik bu araşdırmaya cavab verməyib.