“İran sazişi məqsədlərimizə uyğundur”

Hassan Rohani

-

İran prezidenti Hassan Rohani deyir ki, ölkəsi tarixi razılaşmada əsas məqsədlərinə çatıb. İranın dünya gücləri ilə əldə etdiyi tarixi razılaşma Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Avqustun 2-də televiziya ilə canlı çıxışında Rohani deyib ki, “lap əvvəldən” o, danışıqlarda “qələbə”yə əmin idi. Xəbəri İranın rəsmi IRNA agentliyi yayıb.

“Heç vaxt bədbin olmamışam. Bircə saniyə belə uğurumuza şübhə etməmişəm,” Rohani deyib. Onun sözlərinə görə danışıqlarda qarşıdurma əvəzində “konstruktiv qarşılıqlı əlaqə” olduğu üçün nəticə əldə olunub. Danışıqlar İranla altı dövlət – Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya arasında aparılıb. Prezidentin sözlərinə görə, razılaşma İranın hərbi sirlərinin açılmasına və ya “təslim olmasına” gətirib çıxarmayacaq, IRNA bildirir.