-
Azərbaycan çempionu «Qarabağ»la Şotlandiyanın «Celtic» klubunun avqustun 5-də keçiriləcək qarşılaşması təhlükə altındadır. Səbəb Tofiq Bəhramov adına stadionun ot örtüyünün bir hissəsinin sıradan çıxmasıdır. Oyun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilməlidir.
Bu xəbəri Şotlandiya saytları Azərbaycan mediasına əsasən paylaşıb.
KOSMETİK İŞLƏR, YA QIZMAR HAVA?
Mark Walker scotsman.com saytında yazır ki, stadionun bu qarşılaşmaya ev sahibliyi etməsi sual altına düşüb.
Avqustun 2-də azerisport.com saytı yazıb ki, Tofiq Bəhramov adına Respublika stadionu ilə bağlı ciddi problem yaranıb. «Belə ki, arenanın ot örtüyü sıradan çıxıb. Bir neçə gün öncəyə qədər hər şey qaydasında olsa da, mərkəzi arenanın qazonuna cavabdeh olan şirkətin apardığı kosmetik işlər əks effekt verib. Belə ki, qazonun 30 faizi hazırda dəhşətli vəziyyətdədir. Bir sözlə, ot örtüyü belə qalacağı halda, mərkəzi arena Avrokubok matçını qəbul etməyə bilər».
Sayt başqa çıxış yolunun qalmadığını da bildirib. «Qarabağ» UEFA-ya ehtiyat stadion kimi «Bakcell Arena»nı təqdim edib. Bu stadionda isə avqustun 6-da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində «Qəbələ»-«Apollon» (Kipr) matçı keçiriləcək. Bu üzdən də sözügedən arenanın iki gün ardıcıl oyun qəbul etməsi mümkünsüzdür. Çünki avqustun 5-də «Qəbələ» ilə «Apollon»un bu stadionda oyun öncəsi son məşqi də baş tutmalıdır.
scotsman.com saytı ot örtüyünün sıradan çıxmasına həddən artıq isti keçən hava şəraiti ilə əlaqələndirir. Artıq oyuna 30 min biletin satışına da başlanıb ki, bu da «Qarabağ»ın dilemmasını artırır.
«Celtic»in sözçüsü sayta deyib: «Bakıdakı ot örtüyü məsələsindən xəbərdarıq. Hazırda ot örtüyü ilə bağlı təminat almağa çalışırıq».
OYUN NƏ VAXT TƏXİRƏ SALINIR
UEFA-nın qaydalarında deyilir ki, «ev sahibi olan klub yarışın keçirilməsinin mümkünsüzlüyünü aşkarlayırsa, məsələn, meydança münasib deyilsə, qonaq komandanı və məşqçini onlar öz ölkələrindən çıxmamışdan xəbərdar edir. Xəbərdarlıq eyni zamanda UEFA-ya da göndərilir. Bu halda oyun başqa meydançada, başqa tarixdə keçirilir. Buna UEFA hər iki klubla məsləhətləşmələrdən sonra qərar verir».
UEFA-nın referi komandası «Celtic»in Azərbaycana çatmasını gözləyib oyunu sonradan təxirə salırsa, «oyun ya ertəsi günə, ya da ehtiyat tarixə keçirilir».
scotsman.com yazır ki, «Qarabağ»ın ot örtüyü ilə problemi birinci dəfə deyil yaranır. Ötən il Avropa Liqası çərçivəsində «Saint Etienne» klubu ilə qarşılaşma ərəfəsində də oxşar problem çıxıb.
azerisport.az saytının məlumatına görə, «Qarabağ» rəhbərliyi mərkəzi arenaya baş çəkib, qazonun son vəziyyəti ilə tanış olublar. Gördükləri isə klub rəsmilərini məyus edib. Böyük ehtimalla komanda belə acınacaqlı ot örtüyündə oynamaq məcburiyyətində qalacaq.
Sayt qeyd edir ki, «Qarabağ» azarkeşləri «Celtic»lə ilk oyundan sonra cavab qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi istəyi ilə AFFA rəhbərliyinə açıq məktub ünvanlamışdı. Amma həmin vaxt qazonun pis vəziyyətdə olması yox, «Qarabağ»ın oyununa daha çox azarkeş toplamaq məsələsi gündəmdə idi. Ancaq Ağdam klubu 60 minlik yeni arenanı UEFA-ya təqdim etmədiyindən, matçın Olimpiya Stadionunda keçirilməsi mümkünsüz idi.
«YERİMİZ ÇEMPİONLAR LİQASIDIR»
Böyük Britaniyanın express.co.uk saytı isə «Celtic»in «Qarabağ»la oyun ərəfəsində inamlı açıqlamalarından bəhs edən yazı yayıb.
Müdafiəçi Van Dijk çərşənbə günü keçiriləcək oyunda «işi bitirəcəyinə» əmindir: «Qələbəyə çox yaxınıq və yüksəkkeyfiyyətli komandamız var. Ümid edirik ki, Çempionlar Liqasında yerimizi təmin edəcəyik. «Celtic» orada olmalıdır»...
«Qarabağın ötən ilki nəticələrini görmüşəm və hazır olmalıyıq. Çətin yarış olacaq. Onların böyük stadionu var və ağzınacan dolacaq. Hamıya göstərməliyik ki, klub kimi Çempionlar Liqasına məxsusuq».
«Celtic» ötən mövsümdə Çempionlar Liqasına düşə bilməyib. Ancaq Van Dijk inanır ki, bu dəfə fürsəti əldən verməyəcəklər: «Bunu çərşənbə günü göstərə biləcəyik».
scotsman.com saytı «Qarabağ»ın ötən mövsümdə Avropa Liqasındakı uğurlarını və gözlənən yarışmanın çətin olacağını qeyd edir: ««Qarabağ»a uduzsalar, qitədə nüfuzları onların büdcəsinin beşdə biri qədər olan «Aberdin» komandasından artıq olmayacaq».
İyulun 29-da Çempionlar Liqasının III təsnifat mərhələsində «Qarabağ» səfərdə «Celtic»ə 0:1 hesabı ilə məğlub olub.