ABŞ-la Rusiya razılaşdı

Suriyadan görüntü, arxiv fotosu

-

Birləşmiş Ştatlar və Rusiya BMT qətnaməsinin layihəsi üzrə razılıq əldə ediblər. Məqsəd Suriyada kimyəvi silah hücumlarına görə məsuliyyət daşıyanların müəyyənləşdirilməsi və ədalət məhkəməsinə cəlb olunmasıdır. Məlumatı diplomatlar avqustun 5-də yayıblar.

Qətnamə layihəsi BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvünə paylanıb və mətnə etiraz olmasa, avqustun 7-də səsverməyə çıxarıla bilər.

Rusiya və ABŞ Suriya münaqişəsini bitirmək üzrə razılıq əldə edə bilməsə də, müharibənin 5-ci ilində kimyəvi silahların məhvinə razılaşıb. Birləşmiş Ştatlar Şuraya təzyiq göstərirdi ki, iddia olunan xlor hücumlarından ölüm və xəsarət hallarının artmasıyla bağlı tədbir görsün. Rusiya da oxşar bəyanatla çıxış etmişdi.