Qadın yazıçı Corc adıyla e-mail açıb və romanını...

Robert Braithwaite "Martineau kit'in yazı dərsi" (1852)

- Catherine Nichols'un bu yazısı Qərb ədəbi dairələrində geniş əks-səda doğurub. Yazıçı xanım romanını nəşr etmək yolunda rastlaşdığı maraqlı bir çətinlikdən yazır. Kiçik ixtisarlarla həmin yazının tərcüməsini təqdim edirik.

"Səbr, düzgünlük, qaydalar çərçivəsində oyun - ənənəvi müdriklik məni heç vaxt uğura gətirib çıxarmazdı."

Romanı kişi imzasıyla göndərməklə nə öyrəndim?

Bu plan ağlıma gələndə tüklərim ürpəndi və özümü qeyri-səmimi hiss etdim. Odur ki, romanımı kişi imzasıyla göndərmək planımı həyata keçirmək üçün çox götür-qoy etdim, xeyli vaxt keçdi.

Amma hər dəfə elm fakültələrinin kişilərin sayı xeyrinə qadın tələbələrə qarşı qərəzli olduqları haqda bu keçiddəki kimi xəbərləri oxuyanda qərarım qətiləşirdi.

Kişi adıyla yeni e-mail açdım, George Leyer (Corc Leyer). Amma öz qadın adımla ədəbiyyat agentlərinə romanımı göndərməyə davam edirdim.

Həftələr ötürdü. Əsərimi alan agentlərdən səs-səmir çıxmırdı. Bu vaxt başqa bir xəbər oxudum, xəbərdə işə götürənin CV göndərən kişi və ağdərili adlarına necə üstünlük verdiyindən danışılırdı.

Mənim etməyə hazırlaşdığım şey qaydalara zidd idi... Amma artıq yazmağa həvəsim tam itmişdi, ağ vərəq sindromu yaranmışdı məndə. Ağ vərəqi teatrda işıqların söndüyü ana bənzədirdim. Yazmaqdan çox telefonda ağlamaqla vaxt keçirirdim. Yazının başına dönə bilmirdim.

Çox tərəddüd etdim. Oxucuları çaşdırmağın yaxşı iş olmadığını bilirdim. Nəhayət, bir şənbə səhəri, öz adımla öz e-mailimdən ədəbiyyat agentlərinə göndərdiyim məktubu Corc e-mailinin yeni məktub bölməsinə kopyaladım.

Növbəti ədəbiyyat agentinin ünvanını ünvan yerinə yazdım. Bir neçə həftə cavab alacağımı gözləmirdim.

Yalnız bir neçə məktub göndərəcək və eksperimentimi qapadacaqdım.

Ədəbiyyat agentləri qapıçı kimidir.

Başqa bir agentliyin səhifəsində əsər daxil etmək qaydalarını oxuyub yeni məktub göndərmək istəyirdim, birdən Corcun e-mailinə məktub gəldiyini gördüm.

"Cənab Leyer, məmnun oldum. Həyəcan doğuran mətndir. Lütfən bütün əlyazmanı göndərin."

Demək olar ki, bütün naşirlər yeni əsəri agent vasitəsilə qəbul edirlər, əsərini pulla çap etmək yox, ənənəvi yolla nəşr etmək və bazara girmək istəyənlər üçün ədəbiyyat agentləri qapıçı kimidir.

Agentlərin diqqətini cəlb etməyin çoxlu üsulları var. Amma ən yayğın yol onlara məktub göndərməkdir. Məktubda roman təsvir olunur, müəllif haqda məlumat verilir və adətən mətnin ilk bir neçə səhifəsi əlavə olunur.

Bu, oxucular dükanda kitabı əllərinə götürəndə nə görə bilərsə, o qədər məlumat olur.

Agentlərin susması artıq cavabdır, imtina cavabı. Amma onlar məktub yazaraq romanı oxumaq istədiklərini də deyə bilərlər.

Bir günə altı sorğu yazdım. 24 saat ərzində Corc beş cavab aldı. Onlardan üçü romanı oxumaq istədiklərini yazırdı, ikisi bu həyəcanla dolu mətni tərifləyərək, ilıq şəkildə imtina məktubu yazmışdı.

Müqayisədə, mən öz adımla eyni məktubu və eyni mətni 50 dəfə göndərmişdim, yalnız iki yerdən əlyazmanı oxumaq istədikləri haqda cavab almışdım.

Mənə "cənab Corc" kimi müraciət edən məktublar əvvəl xoşuma gəlir, sonra məni dəli edirdi. Bir günə üç cavab, özü də qeyri-iş günündə - şənbə günü!

Mətnim haqda evimin divarları qədər möhkəm olan mühakimələr mənasızlaşmağa başladı. Problem romanımda deyil, şəxsiyyətimdə idi, mən Corc yox, Ketrin idim.

Corcun dünyasında yaşamaq necədir, bu haqda daha çox bilmək istəyirdim, bu səbəbdən daha çox məktub yolladım.

Ümumi hesab: Corc 50 sorğu göndərdi, 17 dəfə imtina məktubu aldı. O, eyni kitabı yazmaqda məndən səkkiz dəfə yarım yaxşıdır.

Məktub göndərdiyi hər üçüncü agent onun kitabını görmək istəyirdi, mənə isə yalnız 25 məktubdan biri cavab yazırdı, bu rəqəmi aşa bilmirdim.

Bu, mənim ikinci romanımdır. Əvvəllər də roman yazmışam, əvvəllər də göndərmişəm. O romana kifayət qədər yaxşı cavablar gəlirdi, amma heç kəs onu təmsil etmək istəmirdi.

Əvvəlki romanımı oxuyan agentlər yazırdılar ki, pis deyil, "amma mühüm struktur problemi var". O problemi düzəldə bilmədiyim üçün romanı bir kənara atmışdım.

..."Lütfən yenə göndərin" kimi nəzakətli cavablarla rədd olunurdu.

Düşünürdüm ki, bütün gənc yazıçıların yaşadığı təcrübəni yaşayıram və cəhdlərə davam edirdim. Bu cavabları mətnə görə aldığımı düşünürdüm.

Bu yeni kitab isə başqa məsələdir. Onun əvvəlki romanımdan yaxşı olduğuu bilirəm, daha iddialı, daha maraqlı, daha oyunsal, daha həyəcanlıdır.

Dostlarım bu romanı çox seviblər və öz agentlərinə mənim xeyrimə göndəriblər. Onlara ya belə imtina cavabları verilib: "Gözəl yazıdır, amma baş qəhrəman çox qorxaqdır", ya da susublar.

Hələ də ümid edərək, kor-koranə sorğular göndərmişəm. Heç bir məna verməyən sükutlar günlər keçdikcə mənalı sükuta çevrilib...

Dostlarımsa deyirdilər ki, yaxşı kitabdır və mən öz əsərimə inanmalıyam, bu gün-sabah biri müsbət cavab verəcək.

Yazıçılıq işinin bir hissəsi imtina olunmaqdır. Amma məni özümdən çıxaran bu problem deyil, insan təbiətindəki astiqmatizmdir...

Problem bütün fikirlərimi işğal etmişdi düşünürdüm ki, mən nəinki yanlış kitab yazmışam, hətta yanlış insanam.

Corc isə baxışlarımı dəyişdirdi. Corcu Michael Fassbender kimi bir oğlan kimi görürəm, mən gecələr boyu yazmaqda ikən o, araq içir, qatar stansiyalarında avaralanır...

Corca gələn imtina cavabları belə, daha nəzakətli və istidir. Corcun yazısı "ağıllı", "yaxşı konstruksiya olunmuş", "həyəcanlı"dır.

Heç kəs onun cümlələrinin lirik, baş qəhrəmanının qorxaq olduğunu demir. Bəziləri böyük səxavətlə tənqid yazıblar ki, bunun üçün həm minnətdarlıq duydum, həm də öz qeyri-səmimiyyətimdən utandım.

Btüün bunlardan ədəbiyyat agentlərinin mütləq seksist olduğu nəticəsini çıxarmıram.

Birincisi, agentlər bəlkə də düşüncəli və rasional hərəkət edirlər. Onlar üçün Corcun kitabını nəşriyyatlara satmaq daha asandır.

İkincisi, kişi yazıçının qadın baş qəhrəman yaratması qeyri-adidir, bəlkə bu səbəbdən Corc daha çox diqqət gördü. (Amma şübhə edirəm ki, qadın kişi qəhrəmanın diindən yazsaydı, eyni effekt olacaqdı.)

Üçüncüsü, mənim adımla romanı bəlkə "Qadın nəsri" kimi qəbul ediblər, Corc haqda isə belə qərəz olmayıb ki, yazdığı qadın nəsri olacaq.

Nəhayət, bəlkə agentlər təhtəlşüur olaraq, yəni xüsusi bir səbəb haqda düşünmədən Corc adına isti reaksiya veriblər. Təhtəlşüur qərəzi aşmaq çox çətindir.

Bir dəfə bir agentlə üzbəüz görüşdüm. Romanımın ilk 20 səhifəsini müzakirə etdik. Dedi ki, yaxşıdır, amma roman elə iddialdır ki, bütün kitab boyu bu səviyyənin saxlandığına şübhə edir.

Yəqin ki, həmin 20 səhifəni ona e-mail ilə yollasaydım, başqa imtina cavablarından biri kimi cavab alacaqdım. Ola bilsin, Corcun iddialı bir kitab yazması ehtimalını yüksək görüblər...

Agentlərin özləri həm kişilər, həm də qadınlar idi...

...Məgər jurnallar da belə etmirmi, çap etdiklri yazarlar arasında qadınlara kişilərin xeyrinə yox deyilmirmi. Bu hada VIDA rəqəmləri var.

Hətta oturuşmuş yazıçılarla da bu cür rəftar olunur. "Bad Feminist" kitabında Roxane Gay bu haqda faktları yazır. O, Toni Morrison, Joyce Carol Oates, Margaret Atwood, Doris Lessing, Marilynne Robinson kimi yazıçılardan nümunələr gətirir.

Əgər Corc eksperimentini etməsəydim, bir kənara atmış olacaqdım o kitabı, halbuki, indi Corca gələn məsləhətlərlə redaktə etdiyim kitabı bir agentlik qəbul edib və o, məni təmsil edəcək.

İndi artıq mənim öz romanıma və yeni yazmaqda olduğum romana da baxışımda fundamental dəyişiklik var.

Məktublar yazıb sorğular göndərməkdən imtina etdim. Corca gələn məktublarda kitabı inkişaf etdirmək haqda yazılmış tənqidi məsləhətləri nəzərə aldım, romanımda redaktələr etdim.

Əgər Corc eksperimentini etməsəydim, bir kənara atmış olacaqdım o kitabı, halbuki, indi Corca gələn məsləhətlərlə redaktə etdiyim kitabı bir agentlik qəbul edib və o, məni təmsil edəcək.

Səbr, düzgünlük, qaydalar çərçivəsində oyun - ənənəvi müdriklik məni heç vaxt uğura gətirib çıxarmazdı.