Rəşadət 31 yaşını həbsdə qeyd edir

Rəşadət Axundov

-

NİDA-nın idarə heyətinin üzvü Rəşadət Axundov 3-cü dəfədir ki, doğum günün həbsxanada keçirir. O, 1984-ci il avqustun 7-də doğulub.

O, Azərbaycan İqtisad Universitetini bitirib. Daha sonra Budapeştdə Mərkəzi Avropa Universitetinin biznes məktəbində magistratura təhsili alıb.
Onunla eyni vaxtda həbs edilən sonradan əfv ilə azadlığa buraxılan Üzeyir Məmmədli Rəşadətlə bir neçə gün öncə telefonla danışdığını deyir. Onun əhvalının yaxşı olduğunu, həbsxanada vaxtını kitab oxumaqla, ingilis və alman dili biliklərini təkmilləşdirməklə keçirdiyini bildirir.

Rəşadət Axundov 2013-cü ilin mart- aprel aylarında həbs edilən 8 NİDA-çıdan biridir.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. “Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Şahin Novruzlu, Üzeyir Məmmədli, Zaur Qurbanlı, və həbsdə olarkən NİDA-nın üzlüyündən imtina edən Bəxtiyar Quliyev müxtəlif zamanlarda imzalanan əfv sərəncamı ilə azadlığa çıxıb.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.