- Günay SƏMA ŞİRVAN
HOKKULAR (Haykular)
***
Adını yazmışam
mehrab yerinə,
Məbəddir qəlbim.
***
Al qızılgüllər idi
xəyallarımız.
Ax, bu sarı çiçəklər...
***
Ayrılıqdan öc alacam--
Saçlarımı boyadacam,
gözlərinin rəngində.
***
Bir budaq kəsiləndə,
sürətlə böyüyür digərləri.
Həyat bizi budayır.
***
Boylana bilmir
ömür ötən günlərə.
Əlvida, bahar!
***
Çiçək qoxulu yaylıq var
xatirələrimin əlində,
arada göz yaşlarını silirəm.
***
Dualarımız
çatırdı Tanrılara.
Ax, tanrıçalar...
***
Eşqimi yazdım
tikanlı yarpaq üstünə
Günəş susdu.
***
Qıpqırmızıdı
göy üzü - qan dənizi.
...Boğulur Günəş.
***
Sənin çiçəkləməyən nar sevdan
mənim
Suda batmayan anbur* eşqimdir.
***
Sizə güvəndiyim dağlar,
Ruhunuzu tozlu şəhərin kirli havası qarsdı...
...daş yağır.
***
Şəhərin asma aynəbəndləri,
üz-üzə dayanmışdılar.
“Bənövşə bəndə düşə” oynayacaqlarmış kimi.
***
Tanıyardı ayaq səslərimizi
ağzıgöyçək söyüdlər.
Pıçıldaşardı yarpaqları.
***
Yağışla öpüşən
torpaq qoxuyardın,
Ətrinə susadım.
***
Yayın istisi...
Tərpənmir bir yarpaq da.
...titrəyir qəlbim.
***
Yelləncək qurmuşam
sənli günlərimə,
Xatirələr yellənir.
***
Zaman zolaqlarına bürünmüş
Yer kürəsi,
Tale ilahələrinin nəğmələriylə.
*Suda batmayan yeganə ağac. “Dəmirağac” da adlandırılır.