-
Azərbaycan filmləri XI Kazan Beynəlxalq müsəlman kino festivalının proqramına daxil edilib.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Azərbaycan istehsalı olan «Bakı sübhdən günbatanadək» filmi festivalın «Tammetrajlı sənədli filmlər» kateqoriyasında, «Köhnə saat» cizgi filmi isə «Animasiya filmləri» kateqoriyasında təqdim ediləcək.
Kazan festival sentyabrın 5-dən 11-dək keçiriləcək.
«Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə» devizi ilə reallaşan festivalın proqramına 25 ölkədən 50 tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər, eləcə də, animasiya filmləri daxildir.
«Bakı sübhdən günbatanadək» tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə «Dünya sübhdən günbatanadək» beynəlxalq layihəsi çərçivəsində hazırlanıb.
Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik süjetlərdən ibarət 18 qısa film çəkilib. 50 dəqiqəlik tammetrajlı sənədli film bu filmlər əsasında formalaşıb.
Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və «Azanfilm» studiyasıdır.
«Azanfilm»in«Birlik» yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi «Köhnə saat» cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.