-
“Azərbaycanda jurnalistlərə hücuma görə cəzasızlıq mühiti cinayətlərin üstünü açılmaz edir. Bu, yeni cinayətlərə sövq edir. Eyni zamanda bu cür vəziyyət ifadə azadlığına mənfi təsir göstərir”.
Beynəlxalq Mətbuata Dəstək təşkilatı (IMS) Rasim Əliyevin ölümünü pisləyən bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, avqustun 8-də facebook statusuna görə naməlum şəxslərin hücumuna məruz qalan R.Əliyev bir gün sonra ölüb.
Son 10 ildə isə Azərbaycanda jurnalistlərə 300-dən çox hücum olub. Son ildə 7 jurnalist və 5 hüquq müdafiəçisi həbs olunub. Bu siyahı artmaqda davam edir.
“Hakimiyyət jurnalistlərə qarşı cəzasız qalan cinayətlərə, zorakılığa son qoymalıdır. R.Əliyevin vaxtsız ölümü Azərbaycanda ifadə azadlığının ağır vəziyyətdə olduğunu, jurnalist və hüquq müdafiəçilərinin qoruma mexanizminin yaradılmasının vacibliyini xatırladır”.
IMS Rasim Əliyevin yaxınlarına və həmkarlarına başsağlığı verir.