Ukraynanın şərqində azı 7 nəfər ölüb

Foto arxiv

Son gün ərzində Ukraynanın şərqində gedən atışma və Mariupol şəhərinin intensiv artilleriya atəşinə tutulması nəticəsində azı 7 nəfər ölüb.

Sakinlər bunun son 3 ayda ən ağır toqquşma olduğunu deyirlər.

Agentliklər Mariupolun 5 kilometrliyində yerləşən Sartana kəndində 1 evin dağıldığını, həmçinin neft bazasına xəsarət dəydiyini xəbər verirlər.

Regional polis Sartana kəndində 2 dinc sakinin öldüyünü xəbər verir.

Rusiyapərəst separatçılar isə hökumət qüvvələrinin Horlivka məntəqəsini atəşə tutuması nəticəsində 3 nəfərin öldüyünü bildirirlər.

Bundan başqa hökumət qüvvələrinin Donetski atəşə tutuması nəticəsində azı 2 nəfərin öldüyü xəbər verilir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, Ukraynanın şərqində hadisələrin inkişafı, Kiyevin geniş miqyaslı əməliyyatları bərpa etmək istəməsinin mümkünlüyündən xəbər verir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.