PKK ABŞ-ı Türkiyə ilə münaqişədə vasitəçiliyə çağırıb

PKK-nın yaradıcılarından biri Cemil Bayık

“The Telegraph” qəzetinin yazdığına görə PKK-nın üç keçid həmsədrindən biri olan Cemil Bayık deyib ki, o, ABŞ-ın qarantiyası altında Türkiyə ilə atəşkəsə razıdır.

“The Telegraph” qəzetinin yazdığına görə Kürdüstan İşçi Partiyası - PKK-nın üç keçid həmsədrindən biri olan Cemil Bayık deyib ki, o, ABŞ-ın qarantiyası altında Türkiyə ilə atəşkəsə razıdır.

Erdoğan hökuməti ölkə daxilində də etirazlarla üzləşib

PKK kürd qiyamçı təşkilatının liderləri bu barədə ABŞ-la dolayısı ilə gizli danışıqlarda olduqlarını iddia ediblər.

Qəzetə verdiyi müsahibədə Bayık bildirib ki, Ankara ilə hər hansı birtərəfli atəşkəs variantını rədd edir.

Atəşkəs pozulandan bəri Türkiyə PKK ilə toqquşmalarda 20 polis və hərbçisini itirib.

“PKK marksist idi, pluralist olub”

Hazırda ABŞ və Avropa İttifaqı ölkələri PKK-nı terrorçu təşkilat hesab edirlər, lakin burası da var ki, bu təşkilat İraqdakı koalisiya qüvvələri ilə çiyin-çiyinə İslam Dövləti adlanan təşkilata qarşı vuruşub.

Suriyada İD-lə döyüşlərdə PKK-nın YPG qanadı iştirak edir.

Qəzet yazır ki, hər iki cəbhədə təşkilat özünü koalsiya qüvvələrinin ən etibarlı müttəfiqi kimi göstərə bilib.

“The Telegraph” müxbiri ilə naməlum dağlıq ərazidə görüşən Cemil Bayık deyib ki, İŞİD-lə döyüşməsi PKK-ya beynəlxalq münasibəti dəyişməkdədir.

PKK bildirir ki, o marksist təşkilat kimi qurulsa da, hazırda plüralist demokratiyanı dəstəkləyir.

Türkiyə İŞİD-dən çox PKK-nı bombalayır

Qəzet yazır ki, İncirlik hərbi bazasını ABŞ təyyarələrinin istifadəsinə verdikdən sonra Ankara da İŞİD üzərinə hava reydləri keçirir, lakin o, əslində PKK mövqelərinə daha çox raket zərbəsi endirib.

Türkiyənin F-16 qırıcı təyyarəsi PKK mövqelərini bombalayır

Türkiyə israr edir ki, onun PKK ilə atəşkəsi pozmasına səbəb polis və əsgərlərinin öldürülüməsi olub və o, öz sərhədlərini terrorçulardan qorumaq haqqına malikdir.

“The Telegraph” yazır ki, Türkiyənin bu bəyanatlarına baxmayaraq Vaşinqton rəsmiləri Ankaranın PKK təhlükəsinə belə çevik reaksiyasından təəcübləniblər.

Erdoğan atəşkəsi seçkiyə görə pozub?

PKK liderlərindən biri – Cemil Bayık isə Türkiyə prezidenti Recep Tayyip Erdoğanı partiyasının seçki məqsədlərinə görə iki illik atəşkəsi pozmaqda ittiham edib.

Bir sıra təhlilçilər düşünürlər ki, Erdoğan Türkiyədə növbədənkənar seçkilərin keçiriləcəyi halda millətçilərin səslərini AKP-yə cəlb etməyə çalışır və məhz buna görə də kürdlərin üzərinə hücumlar başlanıb.

Yeri gəlmişkən, AKP-nin parlament çoxluğu əldə etməsinə də kürdpərəst HDP-nin seçkilərdəki uğuru mane olub.

Cənab Bayık bildirib ki, Erdoğan PKK-nı cavaba sövq edən üsullara bilərəkdən əl atıb.

Amerika kürdləri itirsə…

PKK lideri həmçinin “The Telegraph” qəzetinə yeni atəşkəs üçün kürd tərəfinin şərtlərini də açıqlayıb.

PKK: Əgər Amerika Türkiyənin siyasətini dəstəkləməkdə davam etsə, mümkündür ki, kürdləri itirsin.Əgər Amerika kürdləri itirsə, İŞİD-i məğlub etmək çətin olacaq

Bu şərtlərə PKK mövqelərinin bombardmanının dayandırılması ilə yanaşı, təşkilatın hazırda həbsxanada olan başçısı Abdullah Ocalanla təmaslara icazə verilməsidir.

Cənab Bayık həmçinin Türkiyənin apardığı “polis əməliyyatlarının” dayandırılmasını tələb edib.

O deyib ki, Şimali İrlandiyada sülhün bərqərar edilməsində ABŞ-ın müstəsna rolu olub, lakin Türkiyə-PKK münaqişəsinə müdaxilə edib-etməmək qərarını Vaşinqtonun özü verməlidir.

“Əgər Amerika Türkiyənin siyasətini dəstəkləməkdə davam etsə, mümkündür ki, kürdləri itirsin, - deyib Bayık, - Əgər Amerika kürdləri itirsə, İŞİD-i məğlub etmək çətin olacaq”.