İctimai yerlərdə siqaret qadağan ediləcək

Foto arxiv

Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək artıq gələn ildən qadağan edilə bilər.

Milli Məclisdən Trendə verilən məlumata görə, artıq gələn il məsələ ilə bağlı qanun qəbul edilə bilər.

Məlumatda bildirilir ki, ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması hissə-hissə həyata keçirilir və bu artıq yaxşı nəticələr verib: “İlk olaraq bir neçə il bundan əvvəl ictimai nəqliyyatda siqaret çəkməyi qadağan edən qanun qəbul edildi. Bu qanun artıq işləyir. Bundan əlavə, ötən ilin sonuncu iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər oldu. Tütün məmulatlarına aksiz vergiləri qaldırıldı və qiymətlər artırıldı”.

Məlumata görə, Milli Məclisin növbəti iclaslarında bununla bağlı yenidən məsələ qaldırılacaq.

Bu ilin payız sessiyası və ya gələn ilin yaz sessiyasında ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi ilə bağlı qanun qəbul edilə bilər.

Belə ki, hava və dəniz limanları, dəmiryol və avtobus vağzalları, şəhərlərarası marşrutlar, taksi və bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan ediləcək.Bundan başqa, kinoteatrlar, idman yarışları və konsertlər keçirilən qapalı zallar, tədris müəssisələri, uşaq bağçaları, səhiyyə və ictimai-iaşə müəssisələri və şadlıq evlərində siqaret çəkilməsinə məhdudiyyət qoyulması nəzərdə tutulur. İş yerlərində isə xüsusi ayrılmış yerlərdə siqaret çəkilməsinə icazə veriləcək.