-
Hökumətin dərman və tibb ləvazimatlarının idxalı üzərinə məhdudiyyətlər qoyulması barədə təklifi Rusiyada müxtəlif xəstəliklərdən əzab çəkənləri və onların yaxınlarını qorxuya salıb.
AzadlıqRadiosunun müxbiri Claire Bigg-in reportajında deyilir ki, Yulia Koptseva hökumətin bir sıra xarici tibbi malların idxalına qadağa qoyacağı barədə xəbəri eşidəndə, beynindən bircə fikir keçib: «Mən qızımın ölməsini istəmirəm».
Bu qadın internetdə yayılmış və artıq 10 mindən çox artıq imza toplamış petisiyada da məhz bu sözləri yazıb.
Koptseva-nın 6 yaşlı qızı Anastasia «Epidermolysis Bullosa» (Bullozlu epidermoliz) adlı nadir və ağrılı xəstəlikdən əzab çəkir. Bu xəstəlik zamanı dəriyə azca toxunulması onun şişməsi və çatlaması ilə nəticələnə bilər.
«QOY ONDA XƏSTƏLƏRİ GÜLLƏLƏSİNLƏR»
Hökumətin təklifi keçərsə, Anastasia yüksəkkeyfiyyətli alman sarğılarından məhrum olacaq. Bu sarğılar ağrıları azaldır və dəri zədələnməsinin genişlənməsinin və iltihab törətməsinin qarşısını alır.
«Bu kütləvi qətliam deməkdir» –Moskva universitetlərindən birinin keçmiş müəllimi Koptseva deyir. O öz işini qızına baxmaq üçün tərk edib.
«Onda qoy bu cür tibb məhsullarına ehtiyacı olanları birdəfəlik güllələsinlər» – deyir Koptseva.
Reportajda deyilir ki, xarici dərmanların və ləvazimatın idxalının dayandırılması onsuz da təchizat korluğu çəkən Rusiya xəstəxanalarını çətin vəziyyətə salacaq.
Tibb ekspertləri bildiriblər ki, təklifdə nəzərdə tutulan 100 adda tibb məhsulunun ölkəyə gətirilməməsi Rusiyada xəstəliklərdən əzab çəkənlərə sağalmaz yara vuracaq.
BİR SARĞI NƏDİR Kİ?..
Hökumət təklifində söhbət ventilyatorların, MRT skanerlərinin, rentgen aparatlarının, ultrasəs cihazların, defibrillatorların və yeni doğulmuş uşaqlar üçün inkubatorların idxalına qadağa qoyulmasından gedir.
Qadağan olunması təklif edilən məhsulların arasında protezlər, sarğılar, ortopedik xəstəxana döşəkləri, yerimə çərçivələri və hətta prezervativlər də var.
Maraqlıdır ki, bu qadağanlar özəl şirkətlərə şamil edilməyəcək və deməli, tibbi xidmət sahəsində zənginlərlə yoxsullar arasındakı uçurum daha da genələcək.
BELA adlı xeyriyyə cəmiyyətinin rəhbəri Alyona Kuratova deyir ki, onlar yenə də xarici mal almaqda davam edəcəklər, lakin «Epidermolysis Bullosa» xəstəliyi olan uşaqlar dövlət təchizatından məhrum olacaqlar.
«KƏPƏNƏK UŞAQLAR»
Rusiyada bu xəstəlikdən əzab çəkən 1500 uşaq var. Onları dərilərinin kövrəkliyinə görə «kəpənək uşaqlar» adlandırırlar.
Məhz bu təhlükəni nəzərə alan BELA və bir neçə qeyri-hökumət təşkilatı baş nazir Dmitry Medvedev-ə müraciət edərək sözügedən təklifi rədd etməyə çağırıb.
Təklif avqustun 17-dək müzakirə edilməli olsa da, «məsələnin emosionallığı» nəzərə alınaraq qərarın qəbulu üçün ayrılan müddət 60 gün də artırılıb.
Rusiya hökuməti sözü gedən məhsulların Rusiyada istehsal olunacağını bildirir. Lakin ekspertlərin fikrincə, Rusiyada tibb sənayesinin səviyyəsi aşağı olaraq qalır.
İctimaiyyətin bir çox nümayəndələri bu təklifin siyasi motivli olduğuna inanırlar.
YAXACIRMA VƏTƏNPƏRVƏRLİYİ
Bundan bir qədər əvvəl prezident Putin-in sərəncamı ilə xaricdən gələn ərzağın məhv edilməsi Kremlə yönəlmiş ittihamları şiddətləndirib. Müxalifət hesab edir ki, Putin hökuməti vətənpərvər təbliğat naminə rusiyalıların həyatını qurban verir.
Ekspertlər bildirirlər ki, bir sıra tibb avadanlıqları Rusiyada sadəcə olaraq istehsal edilmir. Onlar deyirlər ki, məsələn, MRT skanerlərinin yalnız 5 faizi Rusiya istehsallıdır.
«Biz Rusiyada tibb avadanlığı istehsal etmirik», - Moskva xəstəxanalarından birinin onkoloq cərrahı Aleksei Maschan deyir. «Edəndə də elə edirik ki, tamamilə rüsvayçılıq alınır».
1996-cı ildə prezident Boris Yeltsin-in ürəyində beşli şunt əməliyyatı aparmış kardioloq Renat Akchurin AzadlıqRadiosuna bildirib ki, Rusiyada istehsal olunan tibb məhsullarından yalnız duzlu su məhlulu istifadəyə yararlıdır.
Həkim deyib ki, Rusiyada tibb avadanlığı sənayesi «yaxacırma vətənpərvərliyi» yox, amerikalılarda olduğu kimi, yüksək texnologiyalar üzərində qurulmalıdır.
Koptseva isə deyir ki, vətənini ürəkdən sevir, lakin bu sevgi xətrinə qızını itirmək fikrində deyil.