ABŞ Statkevich-in buraxılmasını alqışlayır

Mikalay Statkevich azadlıqda

-

ABŞ Dövlət Departamenti Belarusda müxalifət fəalı və prezidentliyə keçmiş namizəd Mikalay Statkevich və daha 5 nəfərin azadlığa buraxılmasını alqışlayır.

Dövlət Departamentinin sözçüsü John Kirby avqustun 23-də bunu “Belarus xalqı üçün müsbət hadisə və Birləşmiş Ştatlarla münasibətlərin normallaşması istiqamətində mühüm addım adlandırıb”.

Kirby-nin sözlərinə görə, Dövlət Departamenti inanır ki, “Belarusda qarşıdan gələn seçkilərdə ATƏT-in və DTİHB-nin standartlarına əməl olunması ABŞ-la münasibətləri yaxşılaşdıracaq”.

Avropa Birliyi də Statkevich-in buraxılmasını alqışlayıb.

Statkevich avqustun 22-də qəfildən buraxılıb. O, namizəd olduğu 2010-cu il prezident seçkisindən sonra, “kütləvi iğtişaşların təşkili”ndə təqsirli bilinərək həbs olunmuşdu. Belarus prezidenti Alyaksandr Lukashenka cümə günü Stetkevich, Mikalay Dedkov, Ihar Olinevich, Yauhen Vaskovich, Artsyom Prokopenko və Yury Rubtsov-un da azadlığa buraxılması barədə sərəncam imzalayıb.