Saçların gül iyi verir, amma daha çox kül

Frida Kahlo. Avtobus (1929)

- "Sənin çirkin olduğunu söyləyən anama nifrət etdim. Sənə mənim kimi baxa bilməyən hər kəsə. Sənin gözəlliyini görməmələrini anlaya bilmədim heç."

Təqdim etdi: Sevinc Sultan

Fillə göyərçinin məhəbbəti

Yəqin ki, tarix başqa heç vaxt iki nəhəngin bu cür fırtınalı və tutqulu sevgisinə şahid olmayıb.

XX əsrin iki böyük rəssamı - Frida Kahlo və Dieqo Rivera... İnsanlar bu cütlüyü heç bir-birinə yaraşdırmırdılar. Ətrafdakılar onların birliyinə fillə göyərçinin izdivacı deyirdilər.

Dieqo Rivera - nəhəng, yöndəmsiz bədənli meksikalı sosialist rəssam, iki dəfə evli olmuş üç qız atası, saysız-hesabsız sevgi macəralarının qəhrəmanı və Frida - Meksikada yaşayan bir yəhudi ailəsinin zərif, ciddi və məsum görkəmli qızı...

Onlar evlənmək istədikdə qızın ailəsində heç kəs bundan razı qalmamışdı. Amma həm də hər kəs yaxşı bilirdi ki, bu inadkar və dəcəl qız doğru bildiyi hər şeyi edəcək, ətrafda heç kimin fikri onunçün maraqlı olmayacaq.

Uşaqlığında və yeniyetməlik dövründə üzləşdiyi qəzalar Fridanın sağlamlığını əlindən almışdı. Axsaq və nazik ayaqlarını örtmək üçün daim uzun paltarlar geyinməyə məcbur idi.

Uzun sürən yataq müalicəsindən, ağrı və əzablardan sonra ayağa qalxıb yeriyəndə hamını təəccübləndirmişdi. Hətta həkimlər də üç yerdən bel sümüyü sınmış qızcığazın nə vaxtsa yeriyəcəyinə inanmırdılar.

Amma xəstəliyi həm də yaradıcı istedadının ortaya çıxmasına səbəb olmuşdu. Başı üzərindəki güzgüdə özünə baxaraq uzanmış vəziyyətdə ilk avtoportretlərini yaratmağa başlamışdı.

O, yalnız özünü - taleyin haldan-hala saldığı acılarla, sevgiylə dolu Fridanı çəkirdi. İnsanların arasında çılğın, şən, həyat dolu Frida rəsmlərində ancaq yalnızlığını, əzablarını anladırdı.

“Sənət tarixində ilk dəfə bir qadın tam bir səmimiliklə - sadəliyi və sakitliyi içində acımasız deyilə biləcək bir içdənliklə yalnız qadını maraqlandıran özəl və ümumi halları dilə gətirdi.

Çox yumşaq və həm də zalım hesab oluna biləcək içdənliyi bəzi şeylərin qəti və mübahisəsiz bir biçimdə şahidliyini təmin etdi; bunun üçün öz doğumunu, döş əmməsini, ailəsi içində böyüməsini və hər növ qorxunc acılarını, dəqiq faktlarla duyğuları ümumiləşdirib, onların kosmoqonik ifadəsinə çatdığı durumlarda belə, hər zamankı kimi gerçəkçi qalaraq, dərinə enərək rəsm etmişdir.

Frida Kahlo Meksika rəssamlarının ən böyüyüdür. Gələcək üçün lazım olduğu dəyəri ölçmək mümkün deyil” - Dieqo Rivera onun yaradıcılığı haqqında belə yazırdı.

Toy mərasiminə Fridanın ailəsindən yalnız atası gəlmişdi və bir az ata qısqanclığıyla Dieqoya:

“Qızımın xəstə olduğunu və həyatı boyunca sağlamlıq problemləri olacağını unutmayın. Ağıllıdır, amma gözəl deyil. Bunu yadınızdan çıxarmayın. Hər şeyə rəğmən onunla evlənmək istəyirsinizsə razılığımı bildirirəm” - demişdi.

Deyilənə görə, rəfiqələri Fridadan ərinin birinci, ikincici, üçüncü sevgilisiylə eşq macərası haqqında bilib-bilmədiyini soruşanda o, sakitcə başı ilə təsdiqləyər və başqa cavab verməzmiş.

Dieqo Rivera

Dieqo - “eyni bədəndə yırtıcı və müqəddəs” olan bu adam Fridanı sevsə də, heç nə onu rəsmini çəkdiyi hər qadınla sevişməkdən saxlaya bilməzdi.

Fridanın bu yaşlı rəssama heyranlığına təəccüblənən və Riveranın yekəqarın, pis, qorxulu olduğunu söyləyən rəfiqələrinə Frida belə cavab vermişdi: “Dieqo elə mədəni, mülayim və şirindir ki... Onu özüm çimizdirirəm”. Və onun kürəyini oyuncaqlarla dolu vannada necə sabunlamasından danışmışdı.

“Heç kəs heç zaman başa düşməyəcək ki, mən Dieqonu necə sevirəm. Mən bircə şey istəyirəm: heç kəs onu yaralamasın və narahat etməsin, yaşaması üçün - öz sevdiyi kimi yaşaması üçün lazım olan enerjidən onu məhrum etməsin. Əgər mənim sağlam canım olsaydı, mən onu bütövlüklə Dieqoya bağışlardım”.

Çəkdiyi avtoportretlərdə öz “qurbağa gözlü Dieqo”sunu qucağında körpə, amma yekəpər, təpəgöz uşaq şəklində təsvir edən Frida hər şeyə rəğmən sevgisindən əl çəkmədi.

Fridanın Dieqoya yazdığı məktubları oxuyarkən belə bir təəssürat yaranır: Mövcud olan Fridadır. O sevir, acı çəkir, xəyanətlə üzləşir və hər şeyə rəğmən yenə sevməkdə davam edir. O, “eşqin, acının və devrimin qadını”dır.

Amma Dieqonun - bu eşqbaz nəhəngin məktubları da böyük aşiqlikdən xəbər verir. Frida üçün bu gerçək belədir:

Diego Rivera'nın "Lenin" freskosu

“Sən gerçəkləşdirirsən və mən alıram. Sözün boşluqda səyahət edib mənim ulduzlarım olan hüceyrələrimə çatır, sonra sənin hüceyrələrinə gedir ki, onlar da mənim işığım”.

25 illik bir izdivac yaşayan və ən çətin şərtlərdə belə, bir- birindən ayrı yaşamağı bacarmayan bu iki insanın məktubları ağrı-acı içindəki ən böyük sevgini anladır.

Dieqo Riverama …

Səni sevməyə başlayalı çox uzun zaman oldu. Kiçik bir qız idim, səni sevməyə başlayanda. İndi isə bədəni çürüməyə başlayan yaşlı bir qadınam. Bütün bədənlər çürüyür əslində, Dieqom. Əskiləşir bütün bədənlər.

Ama acı çəkən ürəyi varsa bir bədənin, daha sürətli çürüyür o bədən.

Mənim acı çəkən bir ürəyim var, Dieqo. Səni sevməyə başladığım o gündən bəri acı çəkən bir ürəyim var.

Məni anlamadın, deməyəcəyəm. Məni anladın. Elə ən dözülməz acı da bu idi. Sən məni anladın. Anladığın halda canımı yandırdın, Dieqo ...

Mən də səni anlamaq istədim. Bütün həyatımı, həyatımın hər bir zərrəsini səni anlamağa həsr etdim. Sən hara getdinsə, mən də getdim. Sən nəyə güldünsə ona güldüm. Sən kimi sevdinsə onu sevdim.

Hansı qadınla sevişdinsə, o qadınla sevişdim. Məndə tapa bilmədiyin və başqa qadınlarda axtardığın şeyi araşdırmaq üçün, sənin öpdüyün qadınları öpdüm. Toxunduğun qadınlara toxundum ...

Sənin sevmədiklərini də sevdim mən, Dieqo. Niyə sevmədiyini anlamaq üçün onları ... sevdim!!! Ya da sevməyə çalışdım ... İçimdəki sənə aid olan qəzəbi dayandırmaq üçün etdim bəlkə. Qəzəbim durmadı, Dieqo.

Hər dəfə büsbütün aşiq olaraq, sənə döndüm. Ya da əslində səndən heç getməmişdim.

Səninlə Amerikaya gəlməyimi istədiyində, mənim olduğunu sandım. Ən böyük yanılmam oldu bu bəlkə də. Sən nə mənim, nə də başqa bir qadının ola bilməzdin. Kimsəyə aid ola bilməzdin sən!

Ruhun buna icazə verməzdi. Halbuki, mən sənə aid oldum həmişə. Yatdığım bütün adamlarla sənə aid olaraq yatdım, Dieqo. Acı çəkərək sevişdim onlarla ...

Bir tək sənin uşağını doğmaq istədim. Ah Dieqom ... Bu parça-parça olmuş bətnimdən nifrət etdim, körpəmizi tuta bilməyincə. Söküb atmaq istədim bətnimi. Sənə uşaq doğmağı bacarmayan bir orqanı daşımaq yük oldu mənə.

Qanlar içində qaldığımda ağ örtüklər üzərində, mənə necə ağrıyaraq baxdığını gördüm. Necə qorxduğunu, ölməmdən. Sırf bundan ölmədim mən, Dieqo. Sən acı çəkmə deyə…

Və məni tərk etdiyində, o qanlar içində qaldığım günkü acı dolu baxışlarına sığınaraq, ağrılı məktublar yazdım sənə. Çarəsizlik iyi verən, qadınlıq qürurumu ayaqlar altına atdığım məktublar yazdım. Mənə acı və geri dön istədim. Buna belə razıydım, sevgilim.

Sənin çirkin olduğunu söyləyən anama nifrət etdim. Sənə mənim kimi baxa bilməyən hər kəsə. Sənin gözəlliyini görməmələrini anlaya bilmədim heç ...

Qurbağa sevgilim, Dieqom ... Mənə dünyanın ən böyük ağrısını yaşatdın sən. Günbəgün öldüm səni sevməyə başladığım ilk andan etibarən.

Ama sevgilim, bir daha gəlsəydim dünyaya, yenə səni sevərdim ... Canlı-canlı çürüyəcəyimi bilərək …

***

Frida Kahlodan Dieqo Riveraya ...

23 iyul 1935

(İndi bilirəm ki) bütün bu məktublar, qızlarla əlaqələr, mənə ingiliscə! müəllimləri, qaraçı modellər, "xoş niyyətli" asissentlər, ''uzaqlardan gələn tam səlahiyyətli elçilər" yalnız bir eşqbazlıq… və əslində sən və mən bir-birimizi çox sevirik və buna görə saysız macəra yaşayırıq, qapıları çırpırıq, lənətlər yağdırırıq, təhqirlər edirik; bütün bunlara rəğmən bir-birimizi daim sevəcəyik ...

Bütün bunlar, birlikdə yaşadığımız yeddi il boyunca davamlı təkrarlandı, yaşadığım bütün qəzəb dönəmləri yalnız sonunda səni canımdan çox sevdiyimi anlamama xidmət etdi; yenə anladım ki, məni eyni ölçüdə sevməsən belə, hər hansı bir şəkildə sevirsən. Belədir, deyilmi? ...

Daim bunun davam etməsi ümidini daşıyacağam, bu mənə yetər ...

Dieqo...

Heç bir şey əllərinlə müqayisə edilə bilməz, heç bir şey gözlərinin qızılı-yaşılı kimi deyil. Vücudum günlərdir sənlə dolu. Sən gecənin aynasısan. Şiddətli bir şimşək çaxışı. Torpağın nəmi.

Qoltuq altlarının oyuğu mənim sığınacağımdı. Barmaqlarım qanına toxunur. Bütün sevincim çiçək çeşməndən fışqıran həyatı hiss etmək və sənə aid bütün sinir yollarımı bununla doldurmaq.

***

Oksoxrom - Kromofor

Dieqo.

Rəngi geyən qadın.

Rəngi görən adam.

1922-ci ildən bəri.

Həmişə və daim. İndi 1944-cü ildə. Yaşanan bütün saatlardan sonra. Vektorlar əsl istiqamətlərində davam edir. Heç bir şey onları çəkindirmir. Canlı hissdən başqa bir məlumatları yoxdur. Tək istədikləri bir yerdə görüşənə qədər davam etmək.

Yavaşca. Böyük bir hüzursuzluqla, ama "qızıl parçanın" hər şeyə bələdçilik etdiyinə dair etibarla. Hüceyrəvi bir düzülüş var. Hərəkət var. İşıq var. Bütün mərkəzlər eyni. Axmaqlıq deyə bir şey yoxdur. Hər zaman olduğumuz və olacağımız kimiyik. Axmaq taleyə, qədərə bel bağlamıram.

***

Dieqom:

Gecənin aynası. Gözlərin bədənimdə yaşıl qılınclar. Əllərimizin arasında dalğalar. Hamısı səslərlə dolu bir boşluqda – kölgədə və işıqda. S

ənə rəngi tutan OKSOXROM dedilər. Mənə XROMOFOR – rəng verən. Sən ədədlərin bütün kombinasiyalarısan. Həyat. Diləyim cizgiləri, şəkilləri, tonları, hərəkətləri anlamaq.

Sən gerçəkləşdirirsən və mən alıram. Sözün boşluqda səyahət edib mənim ulduzlarım olan hüceyrələrimə çatır, sonra sənin hüceyrələrinə gedir ki, onlar da mənim işığım.

***

Dieqodan Fridaya sevgilərlə ...

“Dieqom:

Ağzımda sənin dodaqlarından qalan badam dadı var. Dünyalarımız heç kənara çıxmadı. Bir dağın içini ancaq başqa bir dağ bilə bilər”.

Bütün məktubları unut, Frida. Sonsuza uzanan bir eşqin xülasəsi say. Zaman əzilir və qərarsız bir mövsüm girir aramıza. Eşq nədir ki? Bəlkə bir dodaq tiryəkiliyi.

Buludsuz bir göyə içimizi çəkmək bəlkə. Kiçik bir əl, ipək dalğası və ya qayğılı bir səs; açıb-söküb bağlayır küskün yanlarımızı. Həyatın tarixi də belə bir şey, Frida.

Təmiz üzlü bir uşaqdan doğuluruq, sonra bütün dəftərləri dənizə atırıq. Dilimizdə soyutduğumuz sözləri unut, Frida. Onlar ki, zamana açılan dəhlizdə bir cingilti səsi. Keçmişin ağlını qarışdırırıq və heç ummadığımız yerdən qırılır ürəyimiz. Gecə və kədər, iki dəfə tər ...

Sənin bu əllərin deyirəm, açıq bir bağça qapısı və kətandan kəlama uzun bir yol xəritəsi. Bir şənliksə əgər dünya, sənin əllərin yerli yerində, Frida.

Bütün məktubları unut, Frida. Bəzi həqiqətlər vardır, bıçağın ucu qədər iti. Getmək istədiyimiz yerlər var, gömülmək istədiyimiz nəğmələr. Halbuki, dürüst bir həyat üçün yaşlanır hər kəs. Və xatirələr ünvanı silinmiş evlərdə saxlanır.

Bəlkə unutmağı bacara bilmirik, Frida, ağlımızda həmişə əski sözlərin yükü. Nəyə toxunsaq, ora palçıqlı gecə. Hara baxsaq, oradan bir külək gəlir üzümüzə.

Çürümək də belə bir şeydir, Frida. Əşyalar yalnızlaşar, bağlanar qapılar və tavan çökər bədənimizə. Cəh-cəhli günlərin xəyalı girər yuxumuza. Saçlarınla danışarıq, bir az gül iyi verər. Amma daha çox kül, durmadan ...

Sənin bu əllərin deyirəm, qəfil bir yaz iqlimi və otaqdan–otağa keçən xoş gecə nəğməsi. Həyatın hüznü bir vidasa əgər, sənin əllərin dərman yerində, Frida.

Dieqodan Fridaya:

“Dieqo...

Heç bir şey əllərinlə müqayisə edilə bilməz, heç bir şey gözlərinin qızılı-yaşılı kimi deyil. Bədənim günlərdir sənlə dolu. Sən gecənin aynasısan. Şiddətli bir şimşək bıçağı. Torpağın nəmi. Qoltuq altının oyuğu mənim sığınağım”.

Sevgili Fridam, bir su zanbağı açar-açmaz başlayıram səni sevməyə. İçimin dərin quyularına qədər çəkirəm qoxunu. Qucaqlaşırıq, ölkədən ölkəyə keçir bədənimiz.

Ömrümüz yer dəyişdirən bir küçə, başdan sona gedirik aşiq qalaraq. Səni düşündüyüm hər yerdə bir incəlik və gözəllik xatirəsi. Yer üzü çəmənlikləri və dağlar mavi bir tərpənişlə oyanır hər səhər.

Sənin döşlərindəki süd, gözlərindəki duz; yeni-yeni ağaclar böyüdür. Sevmək də belə bir şeydir, Frida. Bizi gözləyən xatirələrə doğru gedərkən, bir qadın da quşları süpürür arxamızdan. Ah Fridam! Dodağımı dodağınla ısladıram, bir mismar da düşür çarmıxdan ...

Sənin bu əllərin deyirəm, sevimli bir çöl uşağı və sərin örtüklərə sinmiş bəyaz yuxu. Unutmaq bir qəlb ağrısı deyilsə əgər, sənin əllərin bədən bilgisi, Frida.

Sevgili Fridam, gülümsəyirsən, günəş bir az daha yaxınlaşır dünyaya. İki şəhər birdən sevinir. Hey gözlədik, bəzi yaralar gec sağalır, Frida. Eşq ki, köhnə dəftərləri qarışdırma həvəsidir və biz bu səs-küy içində özümüzü axtarırıq.

Taxta saraya oyulmuş məktub kimi üzümüzdən başlayır bir uçurumun dərinliyi. Darıxırıq Frida, səsin səsimdəki pası siləcək qədər incə. Necə olsa alışır insan, məsumiyyət gizli bir pislikmiş.

Tənhalığın tarixi də belə bir şeydir, Frida. Pıçıltıyla öpüşür bütün çiçəklər və tam zamanında gəlir ölüm. Gecikməmək üçün heç bir şeyə, gəl bir daha gülümsə ...

Sənin bu əllərin deyirəm, əsmər bir musiqiyə bənzəyir. Səbr diləməyin tərsinə oxunuşu deyilsə əgər, sənin əllərin qüsursuz dəli, Frida.