Dəmiryolçular Prezident Administrasiyası qarşısında etiraz edir

Dəmiryolçuların etirazı - 26 avqust 2015

-

Avqustun 26-da 40-dək dəmiryolçu Prezident Administrasiyasının qarşısında toplaşıb etiraz aksiyası keçirirlər.

Bu haqda AzadlıqRadiosuna aksiyaçılardan biri Mələk Əliyeva deyib.

Etirazçılar 2001-ci ildən yığılan əmək haqlarının, ezamiyyət pullarının ödənilməsini tələb edilər. Bundan başqa, işdən çıxarılan dəmiryolçuların işə bərpasını istəyirlər.

«Dəmiryol İdarəsində iki əməkhaqqı cədvəli olub. Dəmiryolçular 300-500 manata qol çəksələr də, 80-100 manat maaş alıblar. Son etirazlardan sonra bu məbləğ 200 manata qaldırılıb. Biz maaşımızın yerdə qalanını tələb edirik», - dəmiryolçu qadın deyir.

Mələk Əliyeva oturaq aksiya keçirmək niyyətində olduqlarını bildirir: «Maaşımız ödənilməyənə qədər Prezident Administrasiyasının qarşısını tərk etməyəcəyik».

Bu, dəmiryolçuların ilk aksiyası deyil. Onlar bundan əvvəl də iş və əməkhaqqı tələbiylə etiraz ediblər. Rəhbərlik bu məsələnin yoluna qoyulacağını vəd edib.