Boşanmya görə qadın vəkili bıçaqlayıblar

Foto arxiv

Avqustun 25-də Gəncədə vəkil qadın bıçaqlanıb. Hadisə Gəncə Hüquq Məsləhətxanasında baş verib.

Vəkillər Kollegiyasının üzvü Xatirə Cəbrayıla 6 bıçaq zərbəsi endirilib və o Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qadını vəkillik etdiyi prosesdə qarşı tərəfin nümayəndəsi bıçaqlayıb.

Meydan TV-nin məlumatına görə, məhkəmədə uduzan şəxs qarşı tərəfin vəkilinə 6 bıçaq zərbəsi vurub.

Hadisə Gəncə Nizami rayon Məhkəməsində boşanma prosesindən sonra baş verib. Vəkil Xatirə Cəbrayıl qadın tərəfi müdafiə edib və məhkəmə onların lehinə qərar çıxarıb.Məhkəmə bitdikdən sonra hər iki tərəf Gəncə Hüquq Məsləhətxanasında vəkil Xatirə Cəbrayılın iştirakı ilə yenidən görüşüblər. Qarşı tərəf vəkilə alimentin çox olduğunu bildirib, mübahisə düşüb və məhkəmədə məğlub olan şəxs vəkilə 6 bıçaq zərbəsi endirib. Həkimlər əməliyyatdan sonra onun orta-ağır vəziyyətədə olduğunu deyirlər.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.