Yakov Bronovski və “İnsanın Yüksəlişi” kitabı

Jacob Bronowski'nin "İnsanın yüksəlişi" kitabı

- Elmi-kütləvi kitabların tanıtımı.

Yalçın İslamzadənin kitab köşəsi

Yakov Bronovski (Jacob Bronowski, 1908-1974), Polşa əsilli britaniyalı riyaziyyatçı, elm tarixçisi, aktyor, şair, ixtiraçı və humanistdir.

Yalçın İslamzadə

“İnsanın yüksəlişi” adlı kitabı insanlıq tarixini elmin və texnologiyanın inkişafı prizmasından ələ aldığı və BBC üçün hazırladığı 13 seriyalı sənədli filminin kitab variantıdır.

Bronovksiyə görə biz bir elm sivilizasiyasıyıq və bir sivilizasiyada mütəxəssis olmayanlara təbiətin necə işlədiyi öyrədilməzsə, o sivilizasiyanın çöküşü qaçılmazdır.

Kitabda, yaşadığı mühiti radikal dəyişdirmə bacarığına sahib olan yeganə növ kimi insanlığın sivilizasiya istiqamətində memarlıqda, riyaziyyatda, kimyada, astronomiyada və insanın əməli və zehni fəaliyyətinin digər sahələrində “insanın yüksəlişi” adını verdiyi addımlarının təsviri və əhəmiyyətinin açıqlanması əsas yer tutur.

Jacob Bronowski

Kitabda köçəri həyatının ətraflı təsviri hərəkət halında olan insan qrupunun bütün enerjisinin qida təminatına və təhlükələri sovuşdurmağa xərcləndiyi, tamamən təbiətin sikllərinə bağlı olaraq köç etmək məcburiyyətində olduqları üçün sivilizasiya yarada bilməyəcəkləri əsaslandırılır.

Ovçu-toplayıcı köçərilikdən mədəniyyətə gedən yolda ilk addım Orta Şərqdə Eriha vadisində 14 xromosomlu vəhşi buğda növü ilə 14 xromosomlu keçi otunun calağı ilə 28 xromosomlu Emmer buğdasının yaranması ilə əkinçilikdə baş verən və qida istehsalında sıçrayışa səbəb olan yenilikdir.

Qida artı dəyərinin yaranması, ixtisaslaşmanı mümkün etdi, yazının və bürokratiyanın yaranmasını stimullaşdırdı.

Kitabda ardıcıl olaraq, daş dövrü memarlığındaki nailiyyətlərdən Renessans və sənaye inqilabına gedən yoldan və keçən əsrdə elm və texnologiyada baş verən dəyişikliklər, onların həyatımızı, dünyanı anlamamız baxımından əhəmiyyətindən bəhs edilir.

Bronovskinin öz sözlərinə görə “Bu kitabın əhatə dairəsi əslində elm sahəsindən daha genişdir, ağlımda mədəni inkişafımızın digər mərhələləri də olduğu üçün kitaba “İnsanlığın yüksəlişi” adını verdim.

Mövzusu “təbiət fəlsəfəsi” deyilən məşğuliyyətin müasir formasıdır. Mənə görə, bu gün biz təbiət fəlsəfəsini anlamaq üçün son üç yüz ildə hər hansı bir dövrdə olduğundan daha yaxşı düşünmə biçimi içindəyik.

Bunun səbəbi insan biologiyasındakı son kəşflərin Renessansın təbiətin dünyasına qapı açmasından bu yana ilk dəfə elmi düşüncəyə yeni bir istiqamət verməsidir”.