Parlament düzəlişləri qəbul etdi

Foto arxiv

Ukranya parlamenti ölkə konstitusiyasına düzəliş edilməsi ilə bağlı qanun layihəsini ilkin oxunuşda təsdiqləyib.

Düzəlişlərdə ölkənin şərqində rusiyapərəst separatçıların nəzarətində olan regionlar, xüsusilə də Donbas və Luqanska yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.

Avqustun 31-də keçirilən səsvermədə 368 deputatdan 265-i ilkin oxunuşda düzəlişlərin lehinə səs verib.

Qanun layihəsinin növbəti sesiyada keçməsi üçün azı 300 səs lazım olacaq.

Bundan əvvəl düzəlişlərə qarşı çıxan Radikal Partiya və Azadlıq koalisiyasından olan deputatlar bir qrup deputat Ali Radanın tribunasını dövrəyə alaraq səsverməni əngəlləmişdi.

Həmçinin yüzlərlə fəal parlamentin qarşısında etiraz aksiyası keçiriblər.

Bu düzəlişləri iyulun 15-də parlamentə prezident Petro Poroshenko təqdim edib.

Bu, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişində nəzərdə tutulur.

Rusiyapərəst separatçılar bu rayonlara xüsusi status verilməsinin Konstitusiyaya salınmasını təkid edirlər.

Ötən ilin aprelindən Ukraynanın şərqində kökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.