Məhkəmə Cavid Hüseynovu həbsdə saxladı

Cavid Hüseynov

Bakı Apellyasiya Məhkəməsi avqustun 31-də həbsdə olan futbolçu Cavid Hüseynovun şikayətini təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Adəm Məmmədov məlumat verib.

Səbail rayon məhkəməsi bundan əvvəl Cavid Hüseynov barəsində seçilmiş həbs- qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Apellyasiya şikayəti də həmin qərardan idi.

Vəkil Adəm Məmmədov gələn həftə həbs- qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı yenidən Səbail rayon məhkəməsinə müraciət edəcəklərini deyir.

Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə görə həbs olunub.

Jurnalist avqustun 8-də Bayıl qəsəbəsində bir qrup adam tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Cavid Hüseynovla yanaşı, jurnalisti döyən 5 nəfər də həbs edilib. Onlardan biri Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur.

Cavid Hüseynov bibisi oğlu Elşən İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməkdə ittiham olunur.