Rasim Əliyevin ailəsi istintaqdan narazıdır

Rasim Əliyev

-

Qətlə yetirilmiş jurnalist Rasim Əliyevin ailəsinin maraqlarını müdafiə edən vəkil Əshabəli Mustafayev Turan-a deyib ki, ailə istintaqın gedişindən narazıdır.

Onun bildirdiyinə görə, ailə qisas almaq, mümkün qədər çox insanın məsuliyyətə cəlb edilməsini deyil, obyektiv araşdırma və ədalət istəyir.

«Əliyevin doğmaları ilk növbədə cinayət işinin ağır bədən xəsarətləri yetirilməsi (126.3-cü maddə) kimi tövsif edilməsi ilə razı deyil. Bu cinayətdə qətl əlamətləri var. Rasimi döymək istəsələr, bunun üçün 1-2 nəfər kifayət idi. Tutaq ki, onlar Rasimi tanımırdılar və fiziki cəhətdən güclü insan olduğunu düşünürdülər. Amma onlar onu gördükdə 5-6 nəfərin hücumunun və amansızca döyməsinin Rasimin ölümünə gətirib çıxaracağını dərk etməli idilər. Buna görə bu insanların qəsdən Rasimə ağır zərbələr endirdiyini güman etmək üçün əsas var. Yəni həyata qəsdin bütün əlamətləri var», - Mustafayev bildirib.

Əliyevin yaxınları futbolçu Cavid Hüseynova qarşı irəli sürülmüş ittihamla – məlum cinayət haqqında məlumat verməmək ittihamı ilə razı deyillər.

Vəkilin dediyinə görə, ailə KİV-də Cavid Hüseynovun təqsirsiz olması, ona qarşı ifadə olmaması haqqında fikrin təbliğindən, guya jurnalistin doğmalarının barışığa razı olması haqqında yanlış məlumatların yayılmasından narazıdır.

Rasim Əliyev avqustun 8-də döyülüb və bir gün sonra xəstəxanada keçinib. Döyülməsinə səbəb «facebook»da «Qəbələ» komandasının kapitanı Cavid Hüseynovu tənqid etməsi olub.

Jurnalistin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə cinayət işi qaldırılıb. Bu ittiham üzrə 6 nəfər həbs edilib.