“Avropada insanlar tam qorxu içindədir. Ona görə ki, onun liderləri görünməmiş qaçqın axınına nəzarət edə bilmirlər.”
Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O sentyabrın 3-də Brüsseldə Avropa Parlamentinin prezidenti Martin Schulzla görüşdə deyib ki, bu təkcə Avropanın yox, həm də Almaniyanın problemidir.
Orban deyib ki, heç kim Macarıstanda qalmaq istəmir və bizim işimiz yalnız onları qeydiyyata almaqdır.
Məlumatlara görə sentyabrın 1-dən Budapeştdə azı 2 min qaçqın yığışıb.
Onların əksəriyyəti Almaniyaya keçmək istəyir.
Amma Macarıstan hökuməti buna imkan vermir və qaçqınları mərkəzi vağzaldan çıxarıb.
Macarıstan rəsmiləri deyir ki, Avropa Birliyi ərazisində hərəkət qanuni sənədlər və birliyin qanunları çərçivəsində mümkündür.
Macarıstanın dəmiryol şirkəti qərb istiqamətində bütün birbaşa reyslərin dayandırıldığını deyir.
Əksəriyyəti Siriya, İraq və Əfqanıstandan olan qaçqınlar Qərbi Avropa ölkələrinə keçmək istəyirlər.