Bir daha məndən doğulmaq istərsənmi

Hədiyyə Şəfaqət

- Şeirlər

Hədiyyə Şəfaqət

-1-

Bilirsənmi,

Sinəmdəki bu sancılar var ha,

Bu sancılar...

Cücərmək istəyən küknar ağaclarının tərpənişidir,

Toxum dənələri qabığını çərtir...

Gözlərimi yumuram nəfəsimi içimə çəkərkən,

Şirəli yaşıllığı gözlərimə dolur budaqların

Bir də

Ətir

Duyuram...

Amma bu sonra olacaq...

İndi tez-tez

Əlimi tumurcuqların üstünə-sinəmə qoyuram

Orda yeni bir həyat başlamaqdadır...

Sən...

Qorxma sən...

Sinəmdəki sancılar

Doğuş sancısı kimi olacaq sonra-müqəddəs və fərəhli...

Mən ölməyəcəyəm ki,

Sinəmdən küknar meşəsi göyərəcək...

-2-

Mən sizin

Döyüş idman oyunlarınızı

Döyüş filmlərinizi heç sevmədim...

Və anlamadım açdığınız cəbhələrdə

Ədalət axtarmanızı...

Uşaqlarınıza

Silah oyuncaqları alımanızdakı mənasızlıqdır

Baş kəsənlərin niyyətini sorğulamanız...

Və qızlar

Pəmbə gəlinciklərlə oynarkən...

Gərəksiz utanc içində

Oğlan uşaqlarının əlindən alıb atdığınız

Çiçəklərdir gülləyə çevrilib sizə dəyən...

Sonra şəhid qəbrlərinə qapanıb ağlarsınız...

Sizin qan iyinə hərisliyinizi

Barmağınızdan qan alınarkən,

Ya da körpənizə iynə vurularkən üçünüzü yana tutmanızla

Bir yerə qoymaq çətindi...

Anaların dilində

Ən yayılmış qarğışdır-

"Səni gülləyə gələsən!"...

Bəyəndinizmi etdiyinizi?

...Cəhənnəmə cevirdiniz

Gözəlim Dünyanı...

-3-

..İndiyəcən heç kimin

Getmədiyi,

Heç kimin

Bilmədiyi,

Heç kimin,

Heç kimin doğulmayıb, heç kimin ölmədiyi,

Olmayan şəhərdəyəm...

...Hər tərəfi nur seli, hər yanı ağ işıqdır

Heç nəyin kölgəsi yox,

Özü yox, özgəsi yox,

Günəşi belə yoxdur, Günəşə qarışıqdır

Mən də yoxam,

Gözəldir...

...Çıxarmışam, atmışam bədənimi hardasa,

Barmaqlarım toxunmur uzatdığım heç nəyə

Güzgülərdə əksimi görəmmirəm, görmürəm

Başımın üstündə göy ləpələnir su kimi

Səngimiş düşüncələr

Hardan hara əsdiyi bilinməyən küləyin nəfəsində yayılır

Olmayan ayaqların izi boşluğa düşür,

Olmayan qanadların çırpınışı duyulur...

İndi sənə bunları niyə pıçıldayıram?

Yaxşıyam, qorxma deyə,

Bu olmayan şəhərdə

Olmağıma darıxma deyə pıçıldayıram...

...Bu şəhər

Ah, bu şəhər

Bil ki,

Bil ki, bu şəhər

Mənim ruhumu tutub

İçinə sığdıracaq qədər geniş deyildir...

Qayıtmaq istəyirəm...

...Qayıtmaq istəyirəm

Mavi zərli qanadı yanan kəpənəklərin daşıdığı ümüdü

Məni sevən adamın

Nə tufanda, nə seldə, nə ağrıda-acıda

Buraxa bilmədiyi əllə anlatacağam

Hər şeyi ikimizin

Danışdığı, duyduğu,

Kəlmələrə sığmayan dillə anlatacağam...

...İndiyəcən heç kimin

Bilmədiyi şəhərdən,

Heç kimin doğulmayıb ölmədiyi

Şəhərdən...

Gələcəyəm...

Üzülmə...

-4-

Eyyyy...

Şaman...

Adıma əkilən sidr ağacı kimi yaşılam

Köklərim

Saplanıb dərinlərə...

Budaqlarım

Dualar pıçıldayır

Küləklərlə təmasından...

Gözünü zillədiyin ocaqda yanmaq istəmirəm ...

Hələ vaxtım çatmayıb…

Eyyyyy....

Şaman...

Gözlədinizmi,

Boylandınızmı üfüqə

Sən və adıma əkilən Sidr ağacı...

Ucsuz-bucaqsız çöllər saralarkən

Gördünüzmü,

Gördünüzmü gələcəyəm?...

Oynayan alov dilimləri nə söyləmişdi,

Dərin bir yuxuya dalarkən?...

Eyyyyy...

Şaman....

Və Sidr ağacı

Ayılın...

Mən gəldim...

-5-

...Sən bir də doğulmaq istərsənmi, Şəms?

İstərsənmi?

İstərsənmi...

İstərsənmi

Gecələr

Daş divarlı qaranlıq hücrələrin

Soyuq döşəməsində uyumaq

Gündüzlər

Dar dəhlizlərində dolaşmaq, “eşq” deyərək...

Eşq!-

Və gözləmək...

Sonra

Uzuuuun bir yolçuluq

Başlarkən

Ruhun

Kəpənək qanadları kimi zərif,

Ayaq səslərin

Torpağın ovcunda daşınırmış kimi

Yumşaq...

Özün

Külək-külək şeirlər kimi azad

Olacaqsan...

Bətnim-məbəd kimidir,

Şəms,

Məbəd kimidir...

Və sən

Son baharda,

Açılarkən

Sarı çöllərdə ümid çiçəkləri...

Bir daha məndən doğulmaq

İstərsənmi,

Şəms...

İstərsənmi?...