Krım tatarları Krımı blokadaya almağa çağırır

Foto arxiv

Krım tatarlarının liderləri Ukraynadakı vətənpərvəq qüvvələri Krımın “Ərzaq blokadası”na qoşulmağa çağırıblar.

Onlar bu aksiyaya sentyabrın 20-dən başlamaq fikrindədirlər.

AzadlıqRadiosu Krım xidmətinin məlumatına görə, Krım-Tatar xalq məclisinin rəhbəri Refat Cubarov Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynanın yarmadaya göndərdiyi qida məhsulları işğalçı qüvvələrin hərbi qarnizonlarına verilir.

Bunu Ukrayna prezidentinin Krım-Tatar məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cemilev də təsdiqləyib.

Onun sözlərinə görə, Ukraynadan göndərilən ərzaq məhsullarının təxminən 80 faizi Rusiya ərazisinə gedir.

O qeyd edib ki, bizim həmvətənlərimizi ələ salan quldurları yedizdirmək olmaz.

Amma o qeyd edib ki, planlaşdırılan aksiya Ukrayna hakimiyyətinin siyasətinə zidd olmamalı və bu ölkə rəhbərliyi ilə razılaşdırılmalıdır.

Rusiya 2014-cü ilin martında Krımı ilhaq ütdikdən sonra rəsmi Kiyev yarmadanı müvəqqəti işğal edilmiş ərazi elan edib.