-
Xarici işlər naziri Elmar Məmmədyarov diplomatlarla bağlı qalmaqallara ilk dəfə mətbuatda münasibət bildirib. O, Qazaxıstana yola düşməzdən öncə jurnalistlərə deyib: “Bütün dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcəkdir”.
Bu ilin mayında səfir Arif Məmmədov sosial şəbəkədə paytaxtın Azadlıq prospektindəki yanğınla bağlı məmurları tənqid etmişdi. Bir sıra diplomatlar isə onun fikirlərini bəyənərək “like” etmişdi. Hökumətyönlü medianın bu məsələni qabartmasından sonra Arif Məmmədov istefa verməli, onun dediklərini bəyənən diplomatlarsa təkzib verməli oldular.
Arif Məmmədov hazırda Brüsseldə yaşayır. Azərbaycan onu korrupsiyada ittiham edərək haqqında axtarış elan edib. Arif Məmmədov hakimiyyətə qarşı tənqidlərinə görə hədəfə alındığını bildirir.
Bu günlərdəsə Azərbaycanın Avstraliyadakı diplomatı Anar Həsənovun tutduğu vəzifədən uzaqlaşdırıldığı bildirilib. Diplomatsa səfirlikdəki korrupsiya haqda Prezident Administrasiyasına yazdığına görə işdən uzaqlaşdırıldığını deyir.
Nazirlik baş verənlərlə bağlı açıqlamalar versə də, nazir Məmmədyarov indiyədək səfirliklərdə baş verənlərə münasibət bildirməmişdi.
Prezident İlham Əliyevin iki gün öncə - sentyabrın 8-də dövlət büdcəsi ilə bağlı keçirdiyi müşavirədə Elmar Məmmədyarovun iştirak etməməsi medianın diqqətini çəkmişdi və onun fəaliyyətinin dövlət başçısını qane etmədiyi üçün seçkilərdən sonra vəzifədən uzaqlaşdırılacağı haqda ehtimallara yol açmışdı.
Nazir jurnalistlərə deyib ki, XİN-də və ölkənin diplomatik nümayəndəliklərində “prezidentin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlar xidmət edir”.