Miqrantlarla bağlı tam razılıq alınmadı

Foto arxiv

Avropa Birliyi ölkələrinin daxili işlər nazirləri ilkin olaraq 32 min qaçqının yerləşdirilməsi ilə bağlı razılıq əldə ediblər.

Bu bundan əvvəl Avropa Komissiyasının mayda istədiyi 40 min nəfər və komissiyanın prezidenti Jean-Claude Junckerin ötən həftə çağırdığı 160 min nəfərdən çox azdır.

Avropa şurasının sədri Donald Tusk bildirib ki, əgər daxili işlər nazirləri razılığa gələ bilməsələr Avropa Birliyi liderlərinin təcili sammitini çağıracaq.

Jean-Claude Juncker sentyabrın 9-da Avropaya böyük miqrant axını ilə bağlı fövqəladə plan təqdim edib və daxili işlər nazirlərini sentyabrın 14-də keçirilən iclasda onu təsdiqləməyə çağırmışdı.

Proqramda hər bir Avropa Birliyi ölkəsinə qaçqın qəbulu ilə bağlı məcburi kvota nəzərdə tutulur.

Almaniya ilə Fransa kvotanı təsdiqləyib.

Amma Çexiya, Slovakiya və Macarıstan da daxil olmaqla bir sıra Avropa Birliyi ölkəsi buna qarşı çıxır.