ABŞ şirkətlərinə Kubada işləməyə icazə verildi

Raul Castro və Barack Obama

-

ABŞ administrasiyası elan edib ki, Kubaya qoyulan ticarət və investisiya qadağalarının bir qismi qaldırılır. Bəzi Amerika korporasiyalarına Kubada öz nümayəndəliklərini açmağa, adada maliyyə fəaliyyətini genişləndirməyə icazə veriləcək.

Sentyabrın 18-də ABŞ prezidenti Barack Obama və Kuba rəhbəri Raul Castro arasında telefon danışığı olub. Ağ ev bildirir ki, dövlət başçıları iki ölkə arasındakı əlaqələrin normallaşması prosesinin sürətləndirilməsi məsələlərini müzakirə ediblər.

Kuba hakimiyyətinin yaydığı məlumatda deyilir ki, Raul Castro «blokada siyasəti»nə birdəfəlik son verməyin vacibliyini vurğulayıb.

Bu yayın əvvəlində ABŞ-Kuba arasında 50 ildən çox dondurulan diplomatik münasibətlər yenidən bərpa olunub.