Bir vaxtlar Kremldəki nüfuzuna görə “Putin-in bankiri” kimi ad çıxarmış, lakin prezidentin gözündən düşdükdən sonra bütün biznes imperiyasını itirmiş maqnat Sergei Pugachev Rusiyadan 10 milyard dollar təzminat tələb edir.
O, bu iddia ilə Haaqadakı Daimi Arbitraj Məhkəməsinə müraciət edib.
Maqnatın yaxın çevrəsindən Reuters agentliyinə bildiriblər ki, onun vəkilləri işin təfərrüatları barədə çərşənbə axşamı Parisdə bəyanat verəcəklər.
Agentlik xəbər verir ki, Rusiya hökumətindən bu məlumatlarla bağlı şərh almaq mümkün olmayıb.
Rusiyaya qarşı daha bir iddia 50 milyard dollarlıqdır
Hazırda Rusiya ona qarşı elə həmin məhkəmə tərəfindən Yukos neft şirkətinə görə qoyulmuş 50 milyard dollarlıq təzminat hökünə qarşı çarpışmaqda davam edir.
1999-cu ildə Putin-in hakimiyyətin ən yüksək pilləsinə ucalmasında əsas rollardan birini oynamış Pugachev, 2008-ci il böhranı zamanı gözdən düşüb.
Rusiyanı 2011-ci ci ildə tərk etmiş Pugachev Putin-in müttəfiqlərini onun Sibir kömür yataqları və böyük gəmi tərsanələri də daxil biznes imperiyasını çökdürməkdə ittiham edir.
Rusiya hökuməti isə bildirir ki, 52 yaşlı Pugachev ona aid bankın çökməsindən sonra böyük məbləğlərdə mənimsəmədə ittiham olunur və axtarışa verilib. Moskva deyir ki, Pugachev sözügedən bankı Rusiya Mərkəzi Bankının krediti ilə alıb.
Pugachev bu iddiaları rədd edir.
Bu da xəbər verilir ki, İnterpol Rusiyanın ricası ilə Pugachev barəsində həbs orderi verib.