Balaca itin valsı

George Sand və Frederic Chopin

- "Məzarı Parisdə Per-Laşez qəbiristanlığında olsa da, ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və indiyədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır."

Qalib Şəfahət

ŞOPENİN ÜRƏYİ

Polşa kimi bir məmləkətdən yola çıxan Chopin (Şopen) Fransaya ürəyi ilə ayaq basmışdı. Onda onun cəmi 21 yaşı vardı. 21 yaşda hər adam o boyda ürəyə sahib ola bilmir. Şopen o ürəklə şöhrətin zirvəsinə yol açdı.

Qalib Şəfahət

Elə ilk konsertlərindən bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayıldı.

Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış bəstəkarlar - List, Berlioz, Bellini, yazıçılar - Heyne, Balzak, rəssam Delakrua ilə bir sırada çəkilir, musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açır.

Şopenin tez bir zamanda şöhrət tapmasını görən yaxınları onun musiqisi haqqında yazırdılar:

“Çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular burada necə də ustalıqla əks etdirilir!

Məhz səmimilik, hisslərin bilavasitə ifadəsi Şopen musiqisinin möcüzəsini, onun dinləyicilərin könlünə asanlıqla yol tapmasını şərtləndirən cəhətdir. Bu səbəbdən Şopen dünyada ən çox ifa olunan və sevilən bəstəkarlardan biridir”.

Lakin o, ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır. Yaradıcılığında da bu hissləri ifadə edir.

Doğma diyarının musiqisini yeni, daha yüksək zirvələrə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görür. Polyak musiqisinin klassikinə dönür.

Bəstəkar fortepianonun ifadə vasitələrini o dərəcədə genişləndirmiş, elə parlaq və zəngin boyalar tapa bilmişdir ki, bu alət sanki bütöv orkestrin, eləcə də insan səsinin tembr çalarlarını özündə cəmləşdirmişdir.

Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə - fortepianoya həsr etmiş yeganə bəstəkardır.

Bu səbəbdən onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Maraqlıdır ki, təkcə bir alətin tembr imkanları ilə kifayətlənsə də, Şopen musiqisi heç də yeknəsəq, darıxdırıcı səslənmir.

***

Bu səmimiyət ürəkdən gəlirdi. Böyük çin filosofu Konfutsinin bir sözü yada düşür: “İnsanın daxili aləmi, onun xarakterini, həyat və fəaliyyətini tənzim edir”

21 yaşında vətənindən ayrılan Şopen ömrünün sonuna kimi geri qayıtmır. Bu nisgil onu heç vaxt tərk etmir.

Şopenin ilk sevgisi 16 yaşına təsadüf edir. Sonralar məşhur olsa da, maddi durumu o qədər də yaxşı olmur. Yeganə qazanc mənbəyi fortepiano dərslərinə görə aldığı qonorar idi. Elə maddi durumuna görə qraf qızına olan sevgisi də nakam qalır.

1835-ci ilin yayında Almaniya kurortlarından birində Şopen Polşa qrafı Vodzinskinin qızı Mariya ilə görüşür. İlk baxışdan ona vurulur. Ancaq qraf öz qızını, məşhur olsa da, əməkhaqqı hesabına yaşayan musiqiçiyə ərə vermək fikrində deyildi. Onun üçün əsas var-dövlətdi.

***

Dünya şöhrətli bəstəkar, pianoçu Frederik Şopen sonralar hər zaman qadınların diqqət mərkəzində olur. Ətrafında gözəl və gənc sevgililəri dolaşır. Parisin ən gözəl qadınları belə onun pərəstişkarlarıydı.

Bəstəkarın gücü yaraşıqlı olmasında, parlaq zəkasında idi. Hələ hamının heyran olduğu möhtəşəm musiqisini demirik. Amma bu münasibətlər yataqdan o yana keçmirdi. Yüngül sevgi macəralarından ibarətdi.

Şopenin məhəbbəti Mariya və Sandla tarixə düşdü. Qəribədir, “Onu heç bəyənmədim, üzündə elə bir ifadə var ki, məni özündən iyrəndirdi“, valideyinlərinə məktubda belə yazan Şopen bir müddətdən sonra Jorj Sanda (George Sand) aşiq olur.

Bəlkə Şopen Sandla tanış olanda Mariyanı sevərkən qovuşa bilmədiyi məhəbbətini onda tapacağına inanırdı. İlk sevginin çiçəkləndiyi və vaxtsız şaxtaya tuş gəldiyi məkan o ürəkdi.

Bəlkə də onu kişi kimi geyinən məşhur yazıçı Jorj Sanda (əsl adı Avrora Düdevandır) bağlayan əvvəlki ülvi hissləriydi. (Fransız ədəbiyyatı onu “kişi üzlü qadın yazıçı“ kimi tanıyır). On il birlikdə yaşasalar da, sonra ayrılırlar.

Bu ayrılıq Şopenə çox böyük təsir göstərmişdi. Müasirlərinin xatirələrinə görə, ayrıldıqdan sonra Jorj Sand əvvəlki tək fəal, çalışqan və ətrafındakılarla mehriban ünsiyyətdə idi.

Şopen isə sanki havadan məhrum olmuşdu, o artıq musiqi bəstələyə bilmirdi, yalnız ifa edirdi. Amansız xəstəlik onu üstələyirdi.

Bu ayrılığın səbəbi nəydi? Jorj Sandla onu bağlayan yalnız ehtiras deyildi. Ona qarşı dərin bir daxili bağlılıq, həqiqi və səmimi dostluq hiss edirdi.

Fridrix heç kiminlə bu qədər açıq olmamışdı. Özünün sənət problemlərini heç kiminlə belə dərindən müzakirə etməmişdi. O, Jorj Sand ailəsinin bir üzvünə çevrilmişdi, yazıçının uşaqlarının - Moris və Solanj - hər bir problemi ilə yaxından maraqlanırdı.

Nə də Düpenin qadın zərifliyi və lətafətini nə kişi geyimi, nə də yüngülcə xırıldayan zəif səsi korlaya bilmişdi. Əksinə, bütün bunlar onu daha füsunkar, daha cazibədar edirdi. Onun içərisində bir qadın ürəyi yatırdı. Hər an oyanırdı.

Amma qadının hisslərini, emosiyalarını dərindən duymaq çox çətindir. Bəlkə Şopenin üzün müddət qayğısına qalmaq onu usandırmışdı. Axı Şopenin xəstəliyi var idi. Bəlkə Şopen onun etiraslarına biganə idi.

Qadın qayğını, ona diqqəti çox sevir. Şopenin Sanda qarşı böyük məhəbbəti olsa da, nifrəti də az deyildi. Bu sevgi Sandın dünyagörüşünün böyük olması, onu düzgün başa düşməsi olsa da, nifrəti kobudluğu, kişi kimi hərəkət etməsiydi.

Məhəbbət münasibətləri qaranlıq meşədir. Kənardan kimin günahı üzündən nakam qaldığını anlamaq çətindir. Yalnız üzdə görünənlərdən bəhs etmək olar.

Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaradıb, həyatının elə ən xoşbəxt və ən ağır məqamlarını məhz bu qadınla keçirib, özündən sonra əbədi qalan ən yaxşı sonata və noktürnlərini yazıb.

Balaca küçüyü ilə oynamağı sevən Jorj Sand bir dəfə Şopenə deyir: “Mən sizin yerinizdə olsaydım, mütləq mənim itimin şərəfinə hansısa bir musiqili pyes yazardım...”

Lui Eno xatirələrində qeyd edir ki, Şopen o dəqiqə fortepianoya yaxınlaşır, çox lətif musiqisi olan vals çalır. Sonralar bəstəkarın tələbələri və tanışları bu musiqini belə də adlandırırlar – “Balaca itin valsı...”

Şopen ölüm ayağında dostu Franşoma gileylənmişdi: O deyirdi ki, məni onsuz ölməyə qoymayacaq, deyirdi ki, mən onun qollarında öləcəm...

Şopen cismən öldü, ruhən həmişə yaşayır və yaşayacaq. Məzarı Parisdə Per-Laşez qəbiristanlığında olsa da, ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və indiyədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır.

Polşanın hitlerçilər tərəfindən işğalı zamanı Varşavada Şopenin abidəsi dağıdılır, faşistlər onun musiqisinin ifa olunmasına ciddi qadağa qoyurlar.

Həmin dəhşətli günlərdə bəstəkarın məzarı da təhlükəyə məruz qalır. Polşa vətənpərvərləri həyatlarını təhlükəyə ataraq Şopenin ürəyini kilsədən çıxarıb müharibənin sonunadək etibarlı yerdə gizlədirlər.

Bu ürək Şopenə məxsus idi. Böyük ürəyi var idi ki, ətrafındakıları hiss edə və ətrafındakılara hiss etdirə bilmişdi.