ABŞ Prezidenti Barack Obama rusiyalı həmkarı Vladimir Putinlə görüşmək qərarına gəlib.
Görüş gələn həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sesiyası çərçivəsində baş tutmalıdır.
Bu barədə Nyu-York Tayms qəzeti məlumat yayıb.
Əgər görüş baş tutsa bu son 1 il ərzində iki ölkə arasında ilk yüksək səviyyəli görüş olacaq.
Ukrayna münaqişəsinə görə Putinlə görüşmək istəməyən Obama indi bu görüşü faydalı sayır.
ABŞ hökuməti hesab edir ki, bu görüş Ukrayna münaqişəsi ilə bağlı Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl edilməsi və Suriya münaqişəsinin diplomatik həlli yollarının tapılmasında faydalı ola bilər.
Ağ ev hələlik məlumata rəsmi münasibət bildirməyib.
Rusiya Federasiyasının rəsmiləri son günlər ABŞ prezidenti ilə görüşməkdə maraqlı olduqlarını bəyan ediblər.
Amma Obamanın müşavirləri Rusiyanın Suriyada hərbi iştirakının artdığı bir dövrdə Rusiya ilə iş görməyin mümkünlüyünə şübhə ilə yanaşırdılar.
Onların bəziləri hesab edir ki, belə bir görüş Putinin xeyrinə və onun üçün mükafat olardı.