- Hikmət Carçılı Orhun
Şeirlər
Gülüşümüzü bölərdik...
Bir tikə çörəyə tamarzı idik,
bir qırıq oyuncağa,
bir təzə paltara,
zavod qoxuyan ayaqqabılara...
Qonşunun fasonlu qızına,
dikbaş oğluna həsədlə baxardıq,
gözümüz böyüyüb
nəlbəki boyda olardı...
Onlar elektrik sobaların istisinə qızınanda
biz günəbaxan şaxının tüstüsünə kor olardıq;
onlar televizora baxanda
biz özümüz çalıb oxuyar,
evdəkilərə "konsert" verərdik;
onlar çiyninə alabəzək çanta asanda
biz əlimizə üstü şəkilli sellofan götürərdik.
Bir az daha az yeyər,
bir az daha gec durar,
bir az daha qəndə-şəkərə qənaət edərdik...
Bir az daha az gülərdik,
tənəffüsdə acanda gülüşümüzü bölərdik
kökə yerinə...
Böyüdükcə anladıq.
Ki, təbəsümümüzə qədər
yeyib bitirib aclıq.
Qaş-qabağımız -
dolu döymüş kimi...
Gülüşümüzü bölərdik
kökə yerinə...
Qırmızı çaxır
İtirib axtarmır, o alagözlüm,
Odlanıram, tüstüm təpəmdən çıxır.
Qoluboş gəzəndə yolda-yamacda,
Dost-tanış adama bir təhər baxır.
Gələnə oxşamır bahar xeylidir,
Payıza dönəcək il əvvəl-axır.
Qışda qar tökülür, payızda yarpaq
Gün keçir, ay ötür, gözlərim baxır.
Dərdi dərd üstündən qalaqlamışam,
Ölmürəm, ölməmək yandırıb yaxır.
Siqaret çəkirəm öskürək tutur,
Sonuma çıxacaq qırmızı çaxır.
Sözü qanlı
Səni axtarmışam,
Soruşub durmuşam,
O qərtə yol yormuşam,
Atımın dizi qanlı.
Özümü küləyə bürümüşəm,
Küləyi sürümüşəm,
Nələr görmüşəm,
Mən - gözü qanlı.
Bağı vardı - barlı, bəhərli,
Atı vardı - xurcunlu, yəhərli,
Balı vardı - zəhərli,
Südü vardı - üzü qanlı.
Tezdən durar hər səhər,
Qazanar nə təhər...
Adam var, dili zəhər,
Sözü qanlı...
Sevin tanrını...
Tanrı da adam kimidir -
əli var,
ayağı var,
iki qulağı,
iki gözü var,
ürəyi var...
O da bizim kimi
Ağzından nəfəs alır,
gözündən görür
qulağından eşidir...
Birini əzilən görəndə
ürəyindən ağrıyır...
Əcəli çatanda
dərgahına aparsa da,
adam yeyən deyil.
Sevin tanrını, təklənməsin...
Tanrı da adam kimidir...
***
ağac əkin,
hündür binalara qarşı.
gül dikin,
kasıb komanıza yaraşsın.
yar sevin,
başınıza pərvanə olsun.
ailə qurun -
xoşbət.
dünyaya övlad gətirin
ağacınızın barını dərib,
gülünüzü qoxlayıb
böyüsün...