Elmar Məmmədyarovdan həmsədrlərə cavab

Elmar Məmmədyarov

-

“İnsidentlərin araşdırılması mexanizminin yaradılması o halda nəzərdən keçirilə bilər ki, bu, həmsədr ölkələrinin prezidentlərinin də qəbul etmədikləri mövcud status-kvonun saxlanmasına və işğala bəraət qazandırılmasına xidmət etməsin”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə deyib. O, ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 26-dakı açıqlamasını şərh edib. Azərtac-a danışan nazir deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir.

“Qeyd edilən “insidentlərin” baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğudur”- deyə nazir bildirib.

ATƏT-in Misnk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün mexanizm qəbul etməyə çağırıblar.

Həmsədrlər sentyabrın 24-də Ermənistan XİN rəhbəri Edvard Nalbandyan, sentyabrın 25-də - Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, daha sonra isə hər iki nazirlə birgə görüş keçiriblər.

Görüşlərdə danışıqların bərpa olunması və tərəflər arasında etimadın artırılması üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində gərginliyin azaldılmasının vacibliyi qeyd olunub.

Həmsədrlər tərəfləri münaqişədən zərər çəkmiş cəmiyyətlər arasında etimadın yaradılmasına dair proqramları reallaşdırmağa çağırıblar.