Bakı ATƏT-dən Almaniyaya şikayət edir

Elmar Məmmədyarov və Frank-Walter Steinmeier.

-

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier ilə görüşüb.

Azərbaycan XİN-in məlumatına görə, görüş zamanı Məmmədyarov alman həmkarına Ermənistan-Azərbaycan münaqişəsində son vəziyyətlə bağlı məlumat verib. O, Ermənistanın əsl məqsədinin danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək olduğunu bildirib.

Nazir deyib ki,Ermənistanın ilhaqçı siyasəti münaqişənin həllində başlıca maneədir, regional sülh və təhlükəsizlik üçün təhdid yaradır.

O, münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin fəallıq göstərməsi və yaxından iştirak etməsinin vacibliyini qeyd edib.

Daha sonra nazirlər növbəti il ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniyanın sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir E.Məmmədyarov ATƏT və onun strukturlarının, o cümlədən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi ehtiyacın olduğunu vurğulayıb. O, adıçəkilən qurumun Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar bəyanatının DTİHB-nin mandatına zidd olduğunu qeyd edib. DTİHB-nin tətbiq etdiyi seçki metodologiyasının ciddi surətdə yenidən nəzərdən keçirilməli olduğunu bildirib.