-
Ramin Deko (AzadlıqRadiosu üçün)
Bəzi məzarlar yağış sularının qurbanına çevrilib, bəzilərini də dimdikləriylə quşlar oyub...
Yalnız quşların və sahibsiz heyvanların səsi eşidilən lal məzarlar var. Başdaşıları taxtadan olan bu ünvan «kimsəsizlər qəbiristanlığı» adlanır. Gözdən uzaq, könüldən iraq bir məkana kiminsə yolu düşübsə, bəlkə də ürəyində min kərə «iraq olsun» deyib.
İKİ FƏRQLİ QƏBİRİSTANLIQ
Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən və «Qurd qapısı» kimi dillər əzbəri olan qəbiristanlığın bir küncünü zəbt edən bu yeri heç də hamı tanımır. Hətta gözətçilərdən soruşanda da gözlərini döyürlər. Onlar «bilmirik» deyərək, ünvanı bəlli olan məzarları səliqə-sahmana salır, yeni cığırlar - gələcək əbədi qonaqlarına qəbir yeri hazırlayırlar.
Ərazi çox böyükdür. Yüksəklikdən baxanda, ağ-qara başdaşılar şahmat taxtasına bənzəyir. Hər beş-on məzardan bir adamlar gözə dəyir. Kimi dünyasını dəyişən yaxınının ot basmış qəbrini təmizləyir, kimi ətrafa su çiləyir, kimi də yorğun-arğın oturub, matdım-matdım daşa oyulmuş şəkillə söhbətləşir...
Ən axırda - hamar yolun bitdiyi, sanki tektonik dəbərmə nəticəsində dağın uçub düzənliyə çevrildiyi ərazidə çox balaca bir qəbiristanlıq var.
Həqiqətən, kimsəsizlər yuvasıdır. Yüksəklikdən şahmat taxtasına bənzəyən qəbiristanlıqdan tam ayrı və elə bil, başqa-başqa ölkələrin ərazisidir.
DİQQƏT! BURADA MƏZAR VAR
«Moskvskaya R.S 25 ABŞ», «Qurbanova İ.M 126», «Sozikinka T.P. 98», «Dadaş 136», «Əl 253», «Ayaq 111», «NKM. 467», «NQM 4639»... Siyahını çox uzatmaq olar: bunlar başdaşı üzərindəki yazılardır. İlk baxışdan adama adi gəlir. Atası-anası olmayan, imdadına heç kimin çatmadığı bir uşağın ürəkdən çəkdiyi ah-nalə qədər qandonduran, eləcə də vahiməli bir yerdir.
Məzarlar arasında məsafə heç yarım metr də deyil. Ot-ələflə, mənşəyi bilinməyən alaq-ulaqla örtülmüş bu qəbirlərin arasında gəzərkən, gərək diqqətli olasan, əks halda hər addımında uyuyan bir kimsəsizi narahat edə, dərinliyi dizə çatmayan qəbrini dağıda bilərsən...
Başdaşı kimi qoyulan paslı dəmirlər üzərində tabaşirlə yazılmış işarələr miladdan öncəki mixi yazıları xatırladır. Bəli, Azərbaycan qədim yurddur!..
VƏ BİR GÜN...
Qəbiristanlıqda yerə səpələnmiş taxta parçaları da var. Boş sahələrə atılmış bu hazır «başdaşı»lar kimsəsiz sahiblərini gözləyir. İlk baxışdan məzar olduğunu hiss etmədiyin qəbirlər də az deyil. Yalnız addım atanda anlayırsan ki, ayaqlarının altında kimsə səssiz-səmirsiz yatıb...
Yarğana oxşayan qəbirlərinsə sayı-hesabı yoxdur. Bəzi məzarlar yağış sularının qurbanına çevrilib, bəzilərini də dimdikləriylə quşlar oyublar.
«Kimsəsizlər qəbiristanlığı»nda sahibinin yolunu gözləyən, hələlik, içinə çör-çöp yığılan məzarlar da az deyil. Səngərə oxşayan bu qəbirlərin kiminsə son mənzili olacağını düşünmək insanı çıldırır. «Bu izsiz məkan bir gün məni də ağuşuna alar», - deyib yan ötmək mümkünsüzdür. Tanınmaz hala düşdüyün bir qəza nəticəsində və «kimsəsiz» adıyla gözünün ucuyla baxdığın yerin sahibinə çevrilə bilərsən... Və sonra quşlar məzarını dimdikləyər. Hə, bu qədər bəsit və dəhşətli mənzərə!..
KİMİN NƏYİNƏ LAZIMDIR?!
«Kimsəsizlər qəbiristanlığı»nda ölümün şəriksiz tiranlığı hökm sürür: yan-yörədə heç kim gözə dəymir. Sahibsiz mal-qaranın ayaqları altında xışıldayan otlar burada hökmranlıq edən lal sükunəti pozur. «Axı «detdom» uşaqlarının atası olmur, nəçənnik...».