Salam Sarvan. Gənc şairlərə 11 məsləhət

Salam Sarvan

- Demək istədiklərimin bəzilərini bu layihədə mənə qədər bəzi dostlarımız səsləndirib deyə, yalnız əlavələrimi edirəm. Məsləhət vermək fikrim yoxdur, sadəcə, arzularımı bildirirəm.

1. Nəzərə alsalar yaxşı olar ki, şeirdə uğur qazanmağın heç bir yolu-zadı yoxdur, sən elə durduğun yerdə birdən-birə şair olur­san, vəssalam. Və təbii ki, şair olursansa, deməli, sənin öz intonasiyan, öz informasiyan, öz düşüncə tərzin olur.

Uğurlu nəsrə bəlkə də yavaş-yavaş, axta­rışlar apara-apara, püxtələşə-püxtələşə gəlib çıxmaq olar, uğurlu şeirə isə adam birdən gəlir – nə özünün, nə də başqalarının gözləmədiyi halda.

2. Yaxşı olar ki, 25 yaşa qədər özlərini şeirdə təsdiq etməyiblərsə, təcili nəsrə keçsinlər. Mümkündür ki, nəsrdə alınsın.

Çün yaxşı şeir yazmaq yaxşı nəsr yazmaqdan qat-qat çətindir. Məsələn, indiyədək dünyaca məşhur 300 nasir varsa, dünyaca məşhur 30 şair ola-olmaya.

3. Yaxşı olar ki, cürbəcür ədəbi tədbirlərdən, qəzet-sayt müsahibələrindən, televiziya verilişlərində iştirakdan mümkün qədər yayınsınlar... Yəni hələ ki, çox üzdə olmağa çalışmasınlar.

Çox üzdə olmaq adamı çox dərində olmaqdan eləyən haldır. Şöhrət, özünütəsdiq spontan baş verməlidir. Hər cür reklam gücsüzdür bu məsələdə, uzaqbaşı, müvəqqəti, keçici təsiri ola bilər.

4. Ədəbi “mühit”lə sıx bağlı olmasalar, yaxşı olar. Yəni çayxana, kafe görüşləri, qələm yoldaşlarıyla “otur-dur” və sair. Bu mənada dünyanın modernist şairlərinin dörddivararsı həyat tərzi daha uyğundur.

Yox, əgər belə yığıncaqlardan qaçmaq mümkün deyilsə, oralarda şəxsiyyətə yönəlik qeybətlərdən uzaq olsunlar, uzaq olsunlar, uzaq olsunlar.

5. Yaxşı olar ki, şeirlərini ona-buna məsləhət verməkçün göndərməsinlər.

Şeir məsələsində heç kəs – nə şair, nə nasir, nə oxucu, nə tənqidçi – düzgün məsləhət verə bilmir, müəllifin ruhuna, düşüncə tərzinə, estetikasına tam uyğunlaşa bilmir. Həm də adətən belə məsləhətlərə onsuz da heç kəs əməl eləmir, eləyə bilmir.

6. Ədəbi təşkilatlanmalara, ədəbi qurumlara meyil edərkən bunu nəzərə alsalar yaxşı olar ki, əslində, ədəbi qurumlar yazar yetişdirmək üçün yox, oxucu yetişdirməkçündür.

Söh­bət ən yaxşı halda han­sısa ideya, ədəbi cərəyan, çox hallarda isə konyuktur məqsədlər ətra­fında birləş­mə­lərdən ge­­dir.

Yəni, “eyni cür düşünən” yazarlar cəmiyyəti öz audi­­to­ri­ya­sına çevirməyə çalışırlar. Ancaq ədə­biy­yatın ya­radılmasında kollektiv cəhdlərin rolu yox­dur, olmayıb, olmayacaq.

Ədə­biy­yatı təklər yara­dır – məsələn, markeslər, dosto­yev­skilər, nazimlər… Ədəbiyyat təklərin cəmidir.

Nəzərə alsalar yaxşı olar ki, məsələn, Amerikada ilk Nobeli alan Luis Sinkler o vaxtlar Amerikanın AYB-si olan İncəsənət və Ədə­biyyat Aka­­demiyasının üzvü deyildi.

7. Şeir yaradıcılığında mütaliənin effektinə təslim olmasalar, yaxşı olar. Yaxşı olar ki, ədəbiyyatşünaslıqla, nəzəri məsələlərlə çox maraqlanmasınlar. Bunun ikili təsiri olur: bir tərəfdən məlumatlandırır, o biri tərəfdən qurudur.

Nəzəriyyəni, mütaliədəngəlmə informasiyanı şahmatın debüt hissəsinə bənzətmək olar.

Debüt (məsələn, “Vəzir qambiti”, “Каго-Каnn” müdafiəsi...) şahmatda 10-15-ci gedişədək bütün variantlarçün işlənib hazırlanmış əzbər gedişlər sistemidir.

Ancaq debüt oyunda uzaqbaşı məhz 10-15-ci gedişə qədər önəmli olur. Ondan sonra oyunçu­nun öz talantı işə düşməli, öz yara­dı­cılığı baş­lamalı, öz beyni işləməlidir... Şeir yaradıcılığında da belədir.

Bu düstura bir baxıb görsünlər, qəbul edirlər, yoxsa yox: (70 faiz istedad + 30 faiz intellektual baza) + 100 faiz özünəməxsusluq. Burda mötə­ri­zə­nin içindəki cəm güclü mətnin şərtidir. Onun üstü­nə 100 faizlik üslu­bun gəlinməsiynən isə müəl­li­fin tamamlanmış ob­razı alınır.

Bunu da qəbul eləsələr, yaxşı olar ki, şeir hansı estetikada olmasından asılı olmayaraq, bütün hallarda göy hadisəsidir, ilahi faktdır, ədəbiyyatüstü təzahürdür.

8. Mütaliə edərkən isə əsəri adi oxucu marağıyla oxumasalar, yaxşı olar.

Yəni yaxşı olar ki, bədii mətni oxuyanda qəhrəmanı izlə­­məsinlər, müəllifi izləsinlər ki, görək yazıçı hara gedir, necə gedir, hansı labirintlərdən keçir, hansı manevrləri elə­yir, hansı oyunlardan-hoqqalardan çıxır və hara gəlib çatır?

9. Yaxşı olar ki, ədəbiyyatı həm də təsərrüfat kimi qəbul eləsinlər. Yəni yazılarının tərcümə məsələlərinə fikir versinlər, dünyaya çıxış imkanları barədə düşünsünlər.

Hərçənd, talantlı adamların əksəriyyəti belə məsələlərdə bir az ərincək, bir az həvəssiz olur, amma cəhd eləmək lazımdır.

10. Yaxşı olar ki, tənqidə daxilən dözümsüz olsalar belə, heç olmasa, xarakter naminə tənqid qarşısında vüqarlı, qürurlu, təmkinli dayansınlar, vasvası olmasınlar.

11. Yaxşı olar ki, içkiylə səliqəli davransınlar. Və yaxşı olar ki, imkan daxilində yazı mühitində işləməsinlər, iş yerləri ədəbi qurumlar, sayt-qəzet, mətbuat xidmətləri-filan olmasın.

P.S. Yaxşı olar, ürəklərində məndən soruşmasınlar ki, sən özün bütün bunlara nə dərəcədə əməl eləmisən?