Nazir ABŞ səfiri R.Cekutanı qəbul edib

Shahin Mustafayev

Shahin Mustafayev

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 2-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekutanı qəbul edib.

Nazirliyin rəsmi saytının yaydığı məlumata görə, görüşdə enerji, sənaye, təhsil və digər sahələrdə əməkdaşlığın daha da artırılması ətrafında fikir mübadiləsi aparılıb.

Şahin Müstafayev qlobal iqtisadi böhranın qarşısını almaq üçün görülən tədbirlər, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir həmçinin Azərbaycanın kənd təsərrüfatı, neft maşınqayırması, əczaçılıq, İKT və neft-kimya sahələrinə sərmayyə qoyulması üçün mövcud imkanlardan danışıb.

Azərbaycanın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlığına toxunan Şahin Mustafayev bildirib ki, təşkilatın maliyyə dəstəyi ilə Azərbaycanda 50-dən çox layihə həyata keçirilib.

Nazir həmçinin səfirə Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını təqdim edib və bunun yolverilməz olduğunu bildirib.

O qeyd edib ki, ABŞ hökuməti belə halların qarşısını almaq üçün tədbirlər görməlidir.

Robert Cekuta isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycana yeni təyin olunmuş direktoru xanım Mikaela Meredesi təqdim edib, qarşılıqlı iqtisadi əlaqələr, sərmayyə qoyuluşu və ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyətindən danışıb. Səfir ABŞ-ın ticarət missiyasının bu ilin noyabrında Azərbaycanagələcəyini bildirib.