İranda qadınların bərabərlik mübarizəsinə ərləri də qoşulub.Onlar həyat yoldaşlarını dəstəkləmək üçün Facebookda minlərlə mesaj yazır.
Dəstək kampaniyasına isə əri icazə vermədiyi üçün Malaziyadakı səfər oyununa gedə bilməyən İranın qadınlardan ibarət futbol komandasının kapitanı səbəb olub.
Müdafiə kampaniyasına onlarla iranlı kişi qoşulub.
"LADY QOL"
Niloufar Ardalan İranın qadınlardan ibarət futbol yığmasının kapitanıdır. Cəmiyyət arasında “Lady Qol” kimi də tanınır. Bu ayın əvvəlində Malaziyada keçirlən futbol qarşılaşmasında ölkəsini təmsil edəcəkdi. Ancaq “Lady Qol” həmin oyunda iştirak etmək üçün Malaziyaya gedə bilməyib. İran mediası yazır ki, buna əri icazə verməyib. Futbolçu qadının həyat yoldaşı Mehdi Toutounchi tanınmış idman jurnalistidir. Dərs ilinin ilk günündə oğlunun yanında olmasını istədiyinə görə, Niloufar-ə bu səfərə icazə verməyib.
ƏRİN İCAZƏSİ VARSA...
İranda ailə quran şəxslər nikah müqviləsini imzalayanda sənəddə yazılır ki, qadının xaricə səfər etməsi, işləməsi, boşanmaq üçün müraciət etməsi ərinin icazəsi ilə olur. Ancaq ərlər istəsə bu sənədin bəzi maddələrindən əl çəkə də bilərlər. İndi futbolçu Niloufar Ardalanın matça gedə biməməsi ilə bağlı onlarla iranlı kişi internetdən cinsi bərabərliyi müdafiə edən mesajlar yazır. Ərlər mesajlarını ABŞ-da yaşayan və 1 milyona yaxın adamın izlədiyi "My Stealthy Freedom" adlı Facebook səhifəsinin yaradıcısı, iranlı jurnalist Masih Alinejada göndərirlər. Bu səhifə keçən il İrandakı qadınların hüquqlarının müdafiəsi məqsədi ilə yaradılıb.
Səhifədə məcburu baş örtüyü və çarşabla bağlı qanunun əleyhinə çıxan qadınlar başıaçıq şəkillərini dərc etdiriblər. Alinejad deyir ki, şəkilləri səhifəyə qoymazdan əvvəl onların orijinal olub-olmadığını yoxlayır. Alinajad BBC-yə deyib ki, qadınların çoxu nikah müqaviləsinə dəyişiklik edilməsini tələb edə bilmələrindən məlumatsızdırlar.
QADINLARA HAQLARINI GERİ QAYTARIRLAR
Kampaniya əvvəlcə ərlərin həyat yoldaşılarının xaricə gedə bilmək haqqını məhdudlaşdırmayacaqları açıqlamaları şəklində başlayıb. Ancaq kampaniyaya qoşulan kişilərin çoxu sonradan həyat yoldaşlarına işləmək və boşanmaqla bağlı haqları da daxil bütün haqları verdiklərini bildirən mesajlar da göndərib.
Mesajlardan birində bir ər “Həyat yoldaşıma bütün haqlarını qaytarıram”, digəri “Arvadımın sahibi yox, həyat yoldaşıyam”, digəri isə “Həyat yoldaşımın haqlarını məhdudlaşdırma haqqına sahib olduğunm üçün özümdən utanıram” yazır. Kampaniyaya qoşulan bəzi ərlər isə qərarlarının sübutu kimi nikah müqaviləsinin dəyişdirilmiş səhifələrinin şəkillərini də göndərir.