Baban ölüb, ay Tərlan

Hədiyyə Şəfaqət

- "Onlardan biri hürə-hürə arxadan gəldi, qadının üstünə tullanıb onu yerə yıxdı, qolunu ağzına aldı. O biri özünü çatdırınca kişilər ayağa qalxmışdılar."

"Qapının açılmasıyla gəlinin ürəyinin yerindən oynaması bir oldu... Otağın ağırlaşmış havasından ödü ağzına gəldi..."

Hədiyyə Şəfaqət

İt hürüşü

-1-

-Bəhram dayı! Ay Bəhram dayııı!

Haylamanın ardıyca dəmir darvaza döyülməyə başladı. Bəhram kişinin yaşlı anası “Allah xeyir eləsin, kim olar indi?” - düşüncəsiylə yaylığını başına atdı, qabağa getdi.

Bəhram kişinin ailəsi belə çağırışlara adətkardı. Kişi “el anası” sayılırdı, qapısını döyən çox olurdu.

Qarı darvazanın kiçik tayını açdı, gələn Tərlandı, Sadiq kişinin nəvəsi, boynunu büküb dayanmışdı.

- Gəl, ay oğul, gəl içəri. Bəhram dayın namazdadır. Xeyir ola, bu vaxt?-dedisə də, dodağını dişlədi, “Ay axmaq qarı, bu yaşa çatdın, danışığını qanmadın ki, qanmadın. Adama deyən lazım, sənin qapını xeyirliyə döyən olurmu?”

Oğlan qapı dirəyinin başındakı fənərdən düşən zəif işığın altında dayanıb əllərinə yer axtarırmış kimi qurcuxdu, baxışlarını qaçırıb ora-bura gəzdirdi. Qarı narahat oldu.

-Nə olub, ay oğul?

Oğlan üzünü yana tutub boğuq səslə dillənmək istəyirdi ki, Bəhram kişi eyvanda göründü:

-Kimdir ay ana, niyə evə gəlmir?

Qarı gözlərini yeniyetmədən ayırmadan oğluna cavab verdi:

-Allah köməyi olmuş, Cəlalın gədəsidi, gəl görək nə olub?

Bəhram kişi “Cəlalın gədəsi” sözünü eşidib hövlləndi. Tələm-tələsik pilləkənləri endi, ayağına bir şey keçirib darvazaya yönəldi, gələ-gələ da qarını evə səslədi:

-Ay ana, di sən çıx evə...

Qarının baxışları sərtləşmişdi, üzünü oğluna çevirdi:

-Bəhram...

Bəhram kişi anasına göz-qaş elədi:

-Di yaxşı, sən keç evə..

Tərlan bu nataraz vəziyyətin altında büzüşüb kiçilmişdi. Onun günahkar baxışları Bəhram kişini də şübhəyə saldı:

-Noolub, ədə?

Yeniyetmə udquna-udquna, səsi əsə-əsə dilləndi:

-Babam keçinib...

Bəhram kişi üçün adi xəbərdi, heç axşamın bu vaxtında qapısının döyülməsini də eyninə almazdı, amma oğlanın səsindəki günahkar titrəyiş onu qorxutdu:

-Noolub əəə, yoxsa dədən hirslənib nəsə eləyib?

Sualın tonunda bir az da xəbərdarlıq vardı, “xatalı olana oxşayırsınız, məndən kömək gözləməyin”. Bilirdi ki, belə şeylər olur.

Elə keçən ay qonşu məhəllədə özünü asan gəlinin adamları məsələni səssiz-səmirsiz həll etmək qərarına gəlib gecəylə meyiti yudurmuş, basdırmışdılar.

Amma xəbər anında polisə çatmış, səhər bütün qəsəbə nədir, bütün ölkə bilmişdi ki, filankəsin gəlini özünü öldürüb.

Üstəlik, ölü yuyan da, məzar qazan da, molla da, ölü yiyələri də o maşına basılıb gedən olmuşdular, xeyli zaman qohum-qardaşları qapılarda qalmışdı.

Bəhram kişi bilirdi ki, dalaşan, qəza edən, ovda filan yoldaşını güllələyən, çayda çiməndə batan adamların yaxınları get-gələ, çək-çevirə çəkilməkdən yayınmaq üçün məsələni tez həll etməyə çalışır, axşama-səhərə baxmırlar...

Tərlan udqundu:

- Bəhram dayı, atam babamın xətrinə dəyəndimi heç?

- Yox, dəyən deyildi. Heç kim bu kənddə dil çevirib deyəmməzdi ki, Sadiq kişi nə edir etsin, ya oğlu, ya nəvəsi ona yan gözlə baxa...

Bəhram kişi səsinin tonunu bir pillə aşağı saldı. “Uşağa imkan verdimmi ki, bir sözünü deyə? Bəlkə elə indidən tapşırırlar ki, səhər baş qarışanda yola-kola düşməsinlər? Bəlkə də axşamtərəfi keçinib, heç günortayacan saxlamaq istəmirlər? Həm, bu yazığın uzaqda oğlu yox, qızı yox, saxlayıb neyləyəcəkdilər?”

-Yaxşı, səhər tezdən gedib hazırlayaram yerini

-Yox, - oğlan onun sözünü kəsdi - elə gecəynən basdıracaqlar-dedi və hönkürdü...

Bəhram kişi çaşıb qaldı, bir an susub havadan gələn səslərə qulaq verdi. Axşam sakitçiliyində məhəllənin o başında bir hərəkətlilik, səs-küy duyulurdu. Yoox, xəlvət işə oxşamırdı.

- Atam dedi ki, bir zəhmət, bizə gəlsin, deyəcəkləri var - Tərlan günahkar-günahkar baxdı kişiyə - ayağına çağırmaq kimi olmasın, Bəhram dayı, amma vəziyyət belə gətirib...

Getməklə, görməklə ki, nə olub, necə olub, kim ona nə deyəcəkdi ki? Qazmadı, basdırmadı, neçə ildir bir məhlədədirlər, lap elə başqa iş var, nə olsun, eşidib, gedir.

Görsə ki, nəsə başqa iy gəlir, yaxasını çəkər qırağa. İndi nə deyib imtina edəcəkdi, eyibdi, neçə ilin gor qazanıydı, el adamıydı...

-Əynimə-ayağıma bir şey keçirim gəlim.

Dönüb evə sarı getdi:

-Başqa işlərin varsa sən get, gəlirəm mən.

Oğlan tərəddüdlə dayandı, deyəsən qorxdu ki, kişi deyər, eləməz, şübhələndiyini anlamışdı. Bəhram kişi ona acıqlandı:

-Ə, get də, görmürsən həyət-baca paltarındayam? Üstümü dəyişib gəlirəm...

-2-

Güllü-çiçəkli, ağaclı-meynəli həyət adamla dolmuşdu. Sonuncu dəfə bura rəhmətlik Suğra arvadın növbəti ilinə Quran oxunanda, bir ay əvvəl gəlmişdi.

Sadiq kişi onda başını aşağı salıb masanın başında bir az oturmuşdu, süfrəyə düzülən yeməklərə gözucu baxıb əl uzatmamışdı, molla avazla Yasin oxumağa başlayanda səssizcə durub getmişdi.

Kiçik məclisdəkilər elə hamısı simsar, qohum-qonşuydu, xasiyyətini bilirdilər, heç kim onu çağırıb saxlamamışdı. Bircə qonşu Tükəz arvad dərin bir ah çəkib əllərini göyə açmışdı:

-İlahi, sən hər şeyi bilənsən! Yazıqdı bu kişi də, oğul-uşaq da, bir əlac elə, bir saya yolla. Yazıq Suqranın yerinə köz dolur yəqin o dünyada, onun savabına bağışla bu kişini...

- 3 -

Elin-günün, bütün qəsəbənin anasıydı rəhmətlik Suğra. Tibb məktəbini oxuyub bitirəndən sonra uzaq qohumlarından olan Sadiqlə evlənib qəsəbəyə gəlin gəldi.

Toylarından bir ay keçmiş qəsəbənin neçə aydan bəri həkimsiz qalıb bağlanmış tibb məntəqəsində işə başladı. Xoşxasiyyətdi, hamının hörmətini qazanmağı bacardı.

Gün o gün, tibb məntəqəsi yalan oldu, kimin xəstəsi olsa, kimin başı ağrısa, dişi ağrısa, Sadiq kişinin qapısını döydü.

Gecənin bir vaxtı kiminsə hərarəti qalxan uşağının, kiminsə təcili iynəsi vurulmalı xəstəsinin dalıyca qəsəbənin bu başından o başına getdi.

Hər dəfəsində də şikayətlənmədən, sanki bu da onun işiymiş kimi şirin yuxusuna haram qatıb yatağından duran, əynini geyinən, onunla birlikdə xəstə evinə yollanan ərinin narazılığını eşidən olmadı el içində.

Xeyirdə-şərdə, oturub-durub razılıq etdi adamlar. “Sağ olsun, işləməyə qoymasaydı nə edəcəkdik?” Başqa biri səsinə səs verdi: “Lap elə işləsin, desə ki, getmə gecənin yarısı ora-bura?”

“Nə getmə, görmürsünüz, özü də onnan bir sürünür ”... Xəstə sahibləri hər dəfəsində Suğraya dua edəndə Sadiqi də unutmurdular, yarı-gerçək, yarı-zarafat dillənərdilər ki, “Allah səndən razı olsun, nə yaxşı bu doxturla evləndin, bizim də rayon mərkəzinə xəstə aparıb-gətirməkdən canımız qurtardı”.

Bəzən Suğraya hörmət edib, cibinə nəsə qoymaq istəyəndə Sadiq kişini yanlayıb qılıqladılar: “Ay kişi, əziyyət çəkir, el anasıdır, biz də gərək xəcalətli qalmayaq”. Sadiq deyib-gülən, yeyib-içən adamıydı, hamıyla tuturdu xasiyyəti, hamıya ərki çatırdı:

-Ə, pulunu cibinə qoy, deyirsən arvad məni vəzifədən azad eləsin?.

Zarafat-zarafat, qəsəbə bir də ayıldı ki, Suğranın yanında gəzə-gəzə Sadiq kişi də yara bağlayır, dərman sürtür, belə yüngül fason pensillen-zad da vurur arabir.

Camaat bilirdi ki, belə şey olmamalıdır, amma nə olsun? Haylarına yetən vardı? Vardı. Bir ziyanını görməmişdilər ki? Görməmişdilər. Üstəlik, “camaat üç aylıq kursa gedib doxdurluq edir” deyirdilər - “bu da olsun onlardan biri”...

Günlərin bir günü, gecələrin bir gecəsi qəsəbədə təzə doğulan uşağın halı pisləşəndə Suğra həmişəki kimi iynə-dərmanını çantasına toparladı,

Sadiq kişiylə birgə xəstə uşağın babasının yanına düşüb qəsəbənin o başına yollandı.

Ev sahibi maldarlıqla, qoyunçuluqla məşgul olan adamdı, evi lap kənarda olduğundan düzlərdə dolaşan çaqqaldan -canavardan ehtiyatlanır, həyətində iki zorba it saxlayırdı. Qapıya çatanda onları gözləyən gənc ata üstlərinə cuman itləri uzaqlaşdırıb üzrxahlıq elədi:

-Ölmüşləri neylədim, kəndirə gətirəmmədim, axşam oldu açıb buraxıram, səhərəcən bağlayammıram, uşağın da ki, halı birdəncə pisləşdi.

İtlər mır-mır mırıldayır, dayanmadan hürürdülər. Suğra yanındakı üç kişinin onu qorumasına arxayındı, heç tükü də tərpənmədi...

Xəstə uşağı özünə gətirmək uzun çəkdi. Amma neylədisə də hərarəti düşmədi. Suğra üzünü əli-ayağı əsən, həyəcandan anqappaq ağarmış gənc anaya tutdu:

-Uşağı xəstəxanaya çatdırmaq lazımdır...

Çarpayının üstünə atdığı nazik yaylığını boynuna saldı:

-Sən uşağı geyindir, hazırlaş, mən çıxım deyim, tez bir maşın tapsınlar...

Eyvana çıxdı, pilləkənləri düşüb həyətin yan küncündəki altaçığın altında oturub papirosunu tüstülədən kişiləriə səslənə-səslənə onlara tərəf getdi:

-Görün kimin maşınını danışırsınız, uşağı tez çatdırmaq lazımdır rayon mərkəzinə...

Hər şey bir anda, gözlənilmədən oldu. Nə Sadiq, nə ev sahibi onun beləcə bir başa düşüb gələcəyini gözləmirdilər, Suğrasa tələskənlikdə həyətdəki itləri unutmuşdu...

Onlardan biri hürə-hürə arxadan gəldi, qadının üstünə tullanıb onu yerə yıxdı, qolunu ağzına aldı. O biri özünü çatdırınca kişilər ayağa qalxmışdılar.

Sadiq dəli kimi bağırıb itin üstünə cumdu, ev sahibinin gücü altaçığın bir tərəfində dəmir tora söykənmiş lapatkanı götürüb itin başına endirməyə çatdı...

Olan olmuşdu... Suğranı köməkləşib eyvana çıxardılar, İtin dişləri qadının qolunu didib-tökmüşdü...

Sadiq arvadının baxışlarında donub qalan qorxunu bir anda içinə işləyən gördü. Çiçəkli donun didilib qana bulanmış qoluna zilləndi, arvadının gözləri indi ona həmin o yerdən də baxırdı...

- 4 -

Suqra sağalmadı. Bir ayıldı-beş bayıldı. Dili söz tutmadı, parıltılı baxışları dəyişmədi, nəyə baxdı, kimə baxdı, oyum-oyum oynadı. Çeynənmiş qolun sağalmaq bilməyən yarası bir yandan, canına işləyən qorxu bir yandan, ikisi birləşib cavan gəlinin canını çəkib sovurdu...

... Bir gün, göz qapaqlarını azacıq aralayıb zorla tərpədə bildiyi əlinin qurumuş barmaqlarını ərinin əlinin üstündə gəzdirdi, gözü gözünə zilləndi. Sadiq gördü ki, arvadının bir aydan bəri o dünyadan boylanan dəli baxışları yumşaldı, həmişəki oldu.

Özunu onun üstünə atdı, saçlarına sığal çəkdi, üzündən öpdü. Qadın gözünü otaqda hərləyib bir kəlmə söz pıçıldadı, oğlunu axtardı...

Sadiq özünü uzun dəhlizin bu başından o başına çırpdı, kim var, kim yox düşünmədən var gücüylə çığırdı:

-Cəlalı çağırın! Cəlalı gətirin, anası istəyir! - və günlərdən bəri tükənən son gücünü itiribmiş kimi, divara söykənib yavaş-yavaş yerə çöküb oturdu - bitdi, qayıtdı Suqram...

Dəhlizdə kiminsə ayaq səsləri tələsik uzaqlaşdı, dəyişik səslər uğuldayıb bir-birinə qarışdı, sonra kiminsə əli Sadiqin qolundan yapışıb ayağa qaldırdı, ayaqlarını hiss etmədən müti uşaq kimi onu palataya çəkən ağ xalatlı adamın arxasıyca getdi.

Suqranın yanağı uzunu axıb boynunda itən göz yaşını silmək üçün əlini uzatdı və donub qaldı. Buz kimiydi. Əli çarpayıdan sallanıb qalmışdı... Dizləri yerə gəldi, dünya başına fırlandı...

...Günortaya yaxın Suqranın meyiti evinə gətirildi, qəsəbənin o biri başında maldar qoca qapısının ağac basdırmasına dirəklənib dünyadan çıxmış gözlərini eyvandan enən pilləkəndən iki addım bu yanda Suqranın itin dişlərinə tuş gəldiyi yerə zilləyən Sadiqin qarşısında dayanıb zülüm-zülüm ağlayırdı.

Bir də ayıldı ki, dünya aləm Sadiqin eyninə deyil, daşa dönüb, nə yuxuludur, nə ayıq. Ayaqları əsə-əsə evə cumdu, əlində qoşalülə tüfənglə çıxdı, bayaqdan xam adamın gəlişindən qızışıb zəncirini qırmağa çalışan itlərin hərəsinin başına bir güllə çaxdı.

Sadiq güllə səslərindən diksindi, əlindəki stəkandakı suyu ona içirməyə çalışan ev sahibəsini itələyib ağır-ağır evinə yollandı...

- 5 -

Sadiq arvadı basdırlanan gün itdi, başqa bir adam gəldi yerinə. Heç yas günlərində də adamlara qarışmadı, kim gəldi, kim getdi, nə oldu, nə olmadı, heç nə bilmədi.

Sonra da neçə ay havalı gəzdi, havalı dolandı. Dinmədi, danışmadı, yemədi, içmədi, əyni-başı tökülüb pis günə düşdü, kimin kimsənin sözünü eşitmədi... Günlərlə arvadının qəbrinin üstündən çəkilmədi...

Bir gün ayıldı ki, nə qədər vaxtdır oğlunu görmür. Dəli kimi həyət-bacanı, ev-eşiyi bir-birinə vurdu, tapmayanda qəsəbənin canına düşdü, bir-bir qonşuların, qohumların qapısını döydü, Cəlalı axtarmağa başladı.

Ağsaqqal-ağbirçək araya girdi, başa düşdü ki, uşağı yas düşən günü aparıblar, dedilər ki, halı hal deyil, bu vəziyyətdə kiçik uşağı ona vermək olmaz, uzaq olsun, uşağa bir xətər yetirər, ya da lap yetirmədi, özünü əldən verib, qayğıya möhtac, altı yaşında oğlan uşağına necə baxacaq?

Beynində ildırım çaxdı Sadiq kişinin. Dəli kimi gecə-gündüz dolaşdığı yollardan, dağdan-daşdan yığıldı. Üstünü-başını səliqəyə saldı, həyət bacaya əl gəzdirdi, bacılarına xəbər saldı, gəlib yorğan-döşəyini yudular, qavladılar, az qala yarım il əl dəyməyən evin tozunu-torpağını silib təmizlədilər.

Həmişədən işlədiyi traktor parkına getdi, allah üçünə, müdürləri yaxşı adamdı, başına gələn müsübəti də bilirdi, köhnə sürücüsünə “yox” demədi, Sadiqi əvvəlki işinə qaytardı.

Bir az keçmiş, əli təkrar qazanca yetən kimi adam saldı, söz verdi, arxayın elədi, oğlunu nənəsindən, Suqranın anasından alıb evə qaytardı.

Cəlal gələndən elə-günə qaynadı-qarışdı, xeyirdə-şərdə görünməyə başladı, qəbristanlığa getməyi azaltdı, sonra da arabir, bayramdan bayrama, onda da oğluyla baş çəkib qayıtdı.

Eşidən bilən sevindi, qulağına səslər gəlməyə başladı. “Nə yaxşı”-dedilər, “təki yaxşı olsun, balasını böyütsün” .

Qəsəbə sakit duran qəsəbə deyildi. Bir ara kimlərinsə fikrinə gəldi ki, bir yol tapıb Sadiqi evləndirsinlər, evində qadın olsun, həm yaraları sağalsın, həm uşaq ana qayğısı görsün.

Peşman oldular, bir axşam yığılıb uzaqdan gələ-gələ başına ağıl qoymağa cəhd eləyən qohum-qonşuya kəsə cavab verdi, “ağlınıza da gətirməyin, Suqradan sonra bitdi bu məsələ”-dedi, xoşkönüllülər anladılar ki, daha üstünə getməyin bir faydası yoxdur.

...Bütün məhəbbətini oğluna yönəltdi, üstündə əsdi, başına fırlandı, yadigar kimi qorumağa çalışdı.

Oğlu bəzən hər nə qədər bu gərəksiz qorxulardan, ehtiyatdan, qorunmadan bezdisə də, qohum-qonşunun sözünə baxdı, atasının üzünə gəlmədi, səsini çıxarmadı.

...Cəlal əsgərliyini çəkib qayıdınca yarı canı qalmışdı Sadiq kişinin...

-6-

...Qəsəbəyə hay düşdü. “Sadiq Cəlalı evləndirir”-dedilər... Xonçalar bəzəndi, nişan aparıldı. Qızın sorağı qəsəbəyə özündən qabaq gəldi.

Ağızdan-ağıza keçdi, qulaqdan qulağa adladı, hamı bildi ki, Sadiq kişi oğluna rəhmətlik Suqranın qohumlarından qız bəyənib, o da elə Suqra kimi tibb məktəbini bitirib, sən demə, taa əsgərlikdən qabaq Cəlalın da qıza könlü varmış...

Nişandan sonra bir həftə evi doldu-boşaldı, el gözaydınlığına gəldi. Hərə bir yandan əl uzatdı, dilxoşluq elədi, Sadiq kişi bilmədi harda qazan asıldı, harda mağar quruldu, bir də ayıldı ki, həyətində toy-büsatdı, oğlu da gəlinlə oturub məclisin başında...

...“Bir asta hava çalın”-dedi Sadiq kişi, zurnaçalanlara işarə elədi, qədimi bir havanın ilk sədasıyla ortalığa girdi. Onu meydanda tək qoymaq istəməyən adamları qarşısında görüncə əlləri havadan endi, bir an donub dayandı, başına dolanan adamlara üzrxahlıq edirmişcəsinə:

- Mən Suqrayla oynamaq istəyirəm - deyincə toy əhli bir-birinin üzünə baxdı, Cəlal qıp-qırmızı qızardı, baxışlarını camaatın üstündə hərləyib atasında saxladı.

Kişi gözlərini düz onun gözünün içinə zilləyib dayanmışdı, başını aşağı saldı. Bir yandan da gəlin əyilib qulağına pıçıldadı:

-Halal olsun, atan başqa kişidir!

Adamlar ortadan çəkildilər. Toyçular havanı yenidən dilləndirdilər. Sadiq kişi gözlərini yumub qollarını yenidən qaldırdı, asta-asta hərlənməyə başladı...

...Güzünü qəfil açdı, gördü ki, toy əhli aralanıb mağarın qapısı ağzında dayanan Suqraya yol verir. Sadiq kişi qolundan tutub arvadını ortaya çəkdi. Gözəllər gözəli Suqranın yanaqları qızılgül kimi allanmışdı, gözlərində sevinc yaşları duymələnib qalmışdı.

Arvadının çiynindən qol qaldırıb başına dolanmağa başladı. Dolandıqca da mağardakı adamlar əriyib itir, musiqinin səsi lap uzaqdan gəlməyə başlayırdı...

Nə qədər keçdi, nə qədər fırlandı ortalıqda, bilmədi, gözlərini açdı ki, Suqra əlini yavaş-yavaş onun əlindən üzüb dal-dalı çəkilir. Donunun ətəklərindən qalxan küləyin çiçək iyi yeri-göyü tutur... Ağappaq duman mağarı bürüyür, arvadı əriyib dumana qarışır...

Zurnaçılara işarə etdi ki, musiqini kəsməsinlər. Əl atıb pencəyinin döş cibindən qırmızı məxmər üzlü qutu çıxardı, cavanlara yaxınlaşdı, qutunu açıb masanın üstünə qoydu, içindən götürdüyü qızıl biləkliyi ayaq üstündə onu gözləyən gəlininin qoluna bağlamağa çalışdı.

Barmaqları tutmurdu, əsirdi, oğlu hayına çatdı, biləkliyi bağlamasına kömək etdi. Sadiq kişi gəlininin alnından öpdü, oğlunu qucaqlayıb özünə sıxdı, üzünü çiyninə qoyub dayandı, təkcə oğlunun eşidə biləcəyi səslə “Xoşbəxt ol”-deyə bildi. Cəlal köynəyə höpub ətinə dəyən nəmişliyi duyub kövrəldi. Atasını qucaqladı-“Sağ ol, ata”...

Başını oğlunun çiynindən qaldırdı, yerinə qayıtdı. Alnında muncuq-muncuq tər parıldayırdı. Adamlara baxdı. Baxışları üstündə ağır yük kimi hiss etdi, nəfəsi təngidi. Kürəyindən soyuq gizilti keçdi.

Bir an sanki harda olduğunu unutmuş kimi oldu. Havasi çatmadı, mağardan çıxmağa tələsdi. Deyəsən, kimsə dalıyca gəlmək istədi, kimsə qolundan yapışdı...

...Ayağini mağardan çölə athaatda hardasa bir cüt güllə açıldı, bayaqdan ritminə qarışıb qol qaldırdığı qara zurnanın səsi öləziyib, öləziyib köpək zingiltisinə çevrildi...

-7-

Gəlini halal süd əmmiş çıxdı, bir sözünü iki eləmədi qaynatasının, qulluğunda durdu. Onun da gəlinə qanı qaynadı. Suqranın havası qayıtdı elə bil.

Qadın əlinə möhtac qalıb yetimləşən həyət-baca çiçəkləndi, yaşıllaşdı, arvadından sonra evdə heç nəyi dəyişməyən, oğluna da bir şeyə toxunmağa icazə verməyən Sadiq kişi gəlinin qarşısında əridi, səsini çıxarmadı. Köhnə evin üstü sökülüb damı dəyişdirildi, divarlar kağızlandı, təzə otaqlar artırıldı...

-8-

...Oğlunun toyundan az keçmiş təzə məsələ çıxdı, birdəncə içməyə başladı. İçmək də var, içmək də... Camaat bir də ayıldı ki, Sadiq kişi əlinə keçəni arağa verir. Bir gün də sərxoş –sərxoş traktoru yoldan çıxarıb ağaca vurdu. Parkın müdürü Cəlalı çağırıb danışdı, başını yellədi:

- Bu vəziyyətdə ona texnika etibar etməyimiz düzgün deyil, amma illərin haqqı var aramızda, sən gəl onun yerinə, bundan artıq heç nə edə bilmərəm” - dedi.

Sadiq kişi işdən çıxarılmağından acıqlansa da oğlunun onun yerinə işləyəcəyini biləndə sakitləşdi. Əvəzində içkini coxaltdı. Qəsəbədəki dükanlar ona içki satmaq istəməyəndə rayon mərkəzinə ayaq açdı, elə orda, kafedə, restoranda içib yıxılıb qaldı.

Cəlal ha nə elədi, atasıyla bacarmadı. Günlərin bir günü çox içib başını masya söykəyib qalanda kafedəkilər elə bildilər ya yuxlayıb, ya da özünü bilmir.

Bir də diqqət edib kişinin rənginin boğulduğunu görəndə əl-ayağa düşdülər, kafenin sahibi təcili yardım çağırdı. Oğluna xəbər elədilər, aləm bir-birinə qarışdı, polis töküldü gəldi təcili yardımın arxasıyca, izahat aldı. Həkim infakt olduğunu dedi...

Düz iki ay yataqda qaldı.

Cəlal elə bildi atası daha içməyəcək. Həkim dönə-dönə xəbərdar eləmişdi. Amma kimə deyirsən, elə ayağı yer tutan kimi, yenə başladı...

Cəlal bir dəfə dözmədi, əsdi-coşdu, vurdu-dağıtdı, xeyri olmadı. Atası elə o günün axşamı evə kefli gəldi, səssizcə keçdi otağına və yatdı. Gecə oldu, ayılmadı, səhər açıldı, ayılmadı.

Gəlin qorxuya düşdü, kişi yerindən durmadıqca hölləndi, özü bir şey kəsdirmədi, axşam Cəlalı rayon mərkəzinə, həkim gətirməyə göndərdi

Həkim yarıyuxulu qocanı müainə elədi, başını yellədi:

-Toxunmayın, özü nə zaman oyansa dursun... Üstünə çox getməyin...

Gəlin gözünün yaşını axıtmağa başladı:

-Necə edək, eləcə gözümüz baxa-baxa buraxaq ölsün?

Həkim çantasını yığışdırıb qocaya sarı boylandı, gəlini otaqdan eşiyə çıxardı:

-Cəlala da deyin, işi olmasın daha... Bu başqa dərddir. Onsuz da çox çəkməyəcək... Amma belə gəlib yatmağı yaxşıdır, sakitləşər

Gəlin razılaşmadı:

-Onsuz da bir şey yeməyi yoxdur, indi bir az da düşəcək...

Həkim sözünü dəyişmədi:

-Mən yenə müalicə yazıram, çalışın iynə-dərmanı vaxtı vaxtında olunsun. Amma kefinə dəyməsəniz yaxşıdır...

İynə-dərmanmı görünürdü gözünə? Qaynatasını hardan tapacaqdı ki, hələ müalicə də edilsin. Bir dəfə, iki dəfə, anladı ki, kişi ipə-sapa yatan deyil. Bu dəfə heç onun sözünü də saymayacaq.

...Gəlin ilk zamanlar uzun çəkən yuxulardan qorxsa da, otağından çıxmayan qaynatasını gündə neçə dəfə yoluxsa da sonra buna adət elədi...

Sadiq kişinin etdikləri get-gedə adi həyat tərzinə çevrildi. Özü gəlib yatır, özü durub gedirdi. Bəzən halı pis olanda nəvəsinə xabər edirdilər, gedib gətirirdi, əyin-başını soyunmasına kömək edir, yatağına salırdı.

Görmüşdülər ki, içmək istəyib içəmməyəndə, bir də yuxusundan oyadanda hirslənir, əlləri əsir, dili-dodağı söz tutmur. Gəlin yeməyini-içməyini verir, əyin-başını yuyub təmizləyir, oğlu hamama salıb çimizdirir, daha hara gedib hardan gəlməyinə qarışmırdılar...

Nədənsə, hamı elə o həkim kimi inanırdı ki, bu çox çəkməyəcək, ömrü az qalıb Sadiqin.

Hamı əlindən gələni eləməyə, könlünü almağa çalışırdı. Qəsəbədəkilər içki qadağasından vaz keçdilər, gedib rayon mərkəzində içib gəlməsindənsə elə gözlərinin qabağında olsaydı yaxşıydı.

Heç olmasa tanıyırdılar, özlərinkiydi, halı dəyişəndə harayına yetirdilər. Kəndin Sadiq kişiylə həmyaş adamları başlarını yelləyir, yaşarmış gözlərini bir-birindən gizləyirdilər:

-Ay gidi dünya! Ay Suqra! ör nə günlərə qaldı bu cür adam...

Amma Sadiq kişinin canı bərk çıxdı, bu dünyadan ayrılıb öz aləminə qapıldıqca ömrü də uzandı...

- 9 -

...Cəlal ikiqat qalmışdı. Günəşin yandırıb qap-qara elədiyi sifətində çuxura düşüb itən gözlərini yerdən qaldırmırdı. Bəhram kişi bir əliylə əlindən tutub bir əlini çiyninə vurdu:

-Özünə gəl, neyləmək olar daha? Yerində rahat olsun...

Bilirdi oğlunun Sadiq kişini çox istəməsini, bilirdi aylarca nə çəkdiyini, çox zaman qəsəbədən uzaq əkin sahələrində, şumda olsa da atasını yoluxmaq üçün bir ayağı evdəydi, yollarda az qalmamışdı.

O da, oğlu da qulluğunda durmuşdular, bir də qoymamışdılar oğul-uşaq üzünə dursun, lağ-lağaya qoysun, hörmətsizlik eləsin. Bir də ki, balaca qəsəbəydi, hamı bir-birini tanıyırdı, Sadiq kişi zamanında indiki cavanların çoxunun beşiyi başında Suqrayla yan-yanaşı dayanıb keşik çəkmişdi. Hamıda xətri vardı...

Kişilər Cəlalı çağırırb apardılar. Qonşulardan biri Bəhram kişinin qoluna girib onu bir qırağa çəkdi:

-Gör neynirsən, bir-iki kömək də götür get, sənə fanar tutsunlar, kişini bu gecə basdırmaq lazımdır...

Bəhram kişi daha ağzını açıb bir kəlmə də soruşmadı. Əlbəttə, vardı bir məsələ, amma bir halda ki, qəsəbənin demək olar ki, bütün camaatı axşamın gec vaxtında bu həyətdədir, deməli belə məsləhətdir. Başını tərpətdi:

-Yaxşı, di ürəkli uşaqlardan bir ikisini yollayın, nə lazımdırsa edək. Allah rəhmət eləsin!

Qonşu razılıq elədi:

-Allah razı olsun. Əskik olmayasan...

-10-

Axır vaxtlar arvadı tez-tez yuxusuna girirdi. Hər dəfəsində də qayğılı, incik, küskün görünürdü.

Üstündən heç zaman keçməyibmiş kimi, evləndikləri gənc yaşlarındakı gözəlliyiylə gəlir, lal-dinməz dayanır, dayandıqca da yaşlanır, yanaqlarına qırış düşür, gözləri öləziyib batır, üzünün sümükləri arıqlayıb çıxır, sonra kölgə kimi çəkilib gedirdi.

Hiss olunmaz duman görürdü hər dəfəsində, ağappaq... Sadiq kişi baxa-baxa qalırdı... Arvadını göz qabağındaca yaşlanmasına, qocalmasına dözəmmirdi, amma əlindən də bir şey gəlmirdi... Qan-tər içində oyanır, eşim-eşim eşələnir, yenidən yuxuya gedirdi...

Son dəfəsində gəlib yanında oturdu Suqra. Masa həyətə qoyulmuşdu. Süfrə açılmışdı, yemək düzülmüşdü. Sadiq ilk şüşədən özünə içki süzdü, amma içəmmədi, arvadı əlini uzadıb araqla dolu iri stəkanı götürdü, içindəkini gülə-gülə kənara, həyətin otlarının üstünə tökməyə başladı.

Yamyaşıl otlardan tüstü qalxdı, yanıb qaraldı otlar. Nə işdisə Sadiq kişi göz qabagında yanan yaşıllığın gözəlliyinə heyfləndi, sinəsində ağrı duydu.

Arvadı stəkanı qaytarıb süfrəyə qoydu, elə gəldiyi kimi də durub getdi, yenə ağappaq dumanın içinə qarışdı.

Sadiq kişi arxasıyca baxdı, baxdı, birdəncə anladı ki, ilk dəfədir Suqra necə gəlmişdisə elə, cavanca, gözəlcə qayıtdı gəldiyi yerə...

Oyandı. Səhər açılmışdı, gün xeyli qalxmışdı. Əynini geyinib eyvana çıxdı. Gəlin həyətdə toyuqlara yem səpirdi, qocanı görüb əlindəki qabı yerə qoydu, suyum açıb əllərini sabunlaya-sabunlaya səsləndi:

-Düş ay ata, əl-üzünü yu, mən yeməyini qoyum.

Nizam əvvəlki nizamdı, bu evdə təkcə gəlininin sözünü eşidirdi, onun qabağında uşağa dönürdü. Bilirdi onu çox istəyir. Evə sərxoş döndüyü zamanlarda bulanıq gözaltı hamını süzür, xəcalət çəkirdi.

Anlayırdı ki, oğlundan, nəvəsindən fərqli olaraq gəlin ona hirslənmir, təkcə elə içməyini dərd edir. Bəzən yarı sərxoş olsa da özünü tamam kefli göstərir, gəlinin ürəyini ağrıdan baxışlarından qaçmaq üçün erkəndən yerinə girib yatırdı.

Bacarmırdı, bacarammırdı, elə bu gəlinin xətrinə yüz dəfə özünə söz versə də sözünün üstündə durammamışdı... Oğlu əsirdi, coşurdu, nəvəsi yalvarırdı, amma bu eləcə susub baxır, uzaq başı ərini, oğlunu sakitləşdirməyə çalışırdı...

...Gəlin çayını şirinlədi, çörəyini dilimləyib qaba yığdı, ağartı, yumurta gətirdi... Başını buladı, iştah deyilən şey yoxuydu, candərdi, yıxılmamaq xətrinə ağzına loxma atırdı...

Gəlin süfrəni qaydasına sala-sala söhbətindən qalmırdı:

-Ata, mən kəndə dəyib qayıdıram. Gedim bir anama baş çəkim, yemək bişirib qoymuşam soyuducuya, Tərlana tapşırmışam. Sən Allah, həyət -bacanı yiyəsiz qoymayın, bu da başdansovdudu, boş buraxma-eyvanın bir tərəfində oturub telefonunu qurdalayan oğluna işarə elədi-gedib başı qarışacaq uşaqlara, mal-qara qapıda qalacaq. Axşama qayıdaram, çatdırmasam da səhər evdəyəm...

Oğlu gülümsədi. Hamı bilirdi ki, Sadiq kişi nə həyət-bacaya baxandı, nə evdə oturan, elə gəlinin dalıyca başını atıb gedəcək, oturacaq həmişəki kimi kəndin çayxanasında, içib axşamtərəfi qayıdacaq, ya da xəbər edəcəklər gedib Tərlan maşına qoyub gətirəcək...

Gəlin oğluna göz ağartdı. Hər nə olur olsun, illərdi ki, bu beləydi və illərdi ki, gəlin hər şeyi qaynatasıyla məsləhətləşir, hər nə oldu, kim xəstədi, kim gedib, kimin mal-qarası itib, kim evlənib, kim boşanıb, hər şeyi danışırdı.

Sadiq kişi onu demək olar ki, dinləmirdi, üstəlik yaddaşını xeyli itirmişdi, bəzən heç qonşularının, qohumlarının adını xatırlayammırdı, bəzən də adama baxır, kim olduğunu ayırd edəmmirdi. Gəlin ümüdünü üzmür, israrla və səbrlə onun yaddaşını oyatmağa çalışırdı. Sanki hamının öyrəşdiyi həqiqəti təkcə o qəbul etmir, olanlarla barışmaq istəmirdi.

Qoca yuxusunu xatırladı, İçindən bir tərpəniş keçdi, loxması ağzında böyüdü, o yan-bu yana çevirib zorla uddu, bir udum çay alıb başını yellədi:

-Yaxşı...

İçməyəcəkdi, nə olur olsun, bu gün içməyəcəkdi!

...Gəlin süfrəni yığışdırıb çıxıb getdi. Getməmişdən əvvəl də Tərlana bərk-bərk təpindi:

-Ora-bura qaçıb babanı tək qoyma...

-Güya evdə oturacaq?

Nəvəsi düz deyirdi, gəlin qapıdan çıxar-çıxmaz durub getdi Sadiq kişi...

...Çayxananın həyətindəki tut ağacının altı xeyli sərindi. Bura sözsüz-söhbətsiz onun yeriydi. Yoxa çıxdığı günlərdə də yerində məcbur olmasaydılar oturmazdılar.

Yox, iyrənib eləmirdilər, allah rizası əyni-başı, əl-ayağı tər-təmiz olardı, iy-miy də gəlməzdi.

Onsuz da hər gəlişindən sonra bir gün, iki gün, bəzən hətta üç gün görünməz, qayıdanda da tər təmiz qayıdardı. İçəndə də öyüyən, qusan adəti yoxdu...

Çayçı Nəsib onu adət etdiyi sakitliklə salamladı. Əldə-ayaqda hərlənən işçisini çağırıb masasına bir çaynik təzə dəm çay göndərdi. Araq sonra gedəcəkdi...

Sadiq kişi başıyla razılıq yollayıb çayını səbrlə içdi. Biçin vaxtı olduğundan kişilərin çoxu sahələrdəydi, çayxananın sakitliyi axşamacan pozulmayacaqdı.

Bir-iki qoca masalardan birinin başına yığılıb nərd atırdı. Uzaqdan-uzağa bir müddət nərdtaxtada sürüşdürülən daşların şaqqıltısını dinlədi. Çox keçmədən səslər beynini döyəcləməyə başladı.

Sonra səs olmaqdan çıxıb ip kələfinə döndü, dağılmağa, dolaşmağa, qarışmağa başladı. Qeybdən bir it çıxıb hürə-hürə üstünə cumdu.

İllərdi beləydi. İllərdi eşitdiyi səslər get-gedə dəyişib üstünə hücum çəkən itin hürməsinə çevrilir, dizləri əsir, ayaqları tutulur, quruyub qalırdı. Ta ki, içib kütləşincəyədək.

Hər əlli qramdan sonra it bir addım geri çəkilir, geri çəkilir, sonra tamam yoxa çıxırdı. Neçə illərdi bu it hürüşünün əlində əsir-yesir olmuşdu, dili-ağzı bağlanmışdı, ha istəyirdi bağırıb –“Ay it, rədd ol”-desin, alınmırdı ki, alınmırdı...

İllərdi əzab çəkir, qorxularını açıb bir adama danışmırdı. İstəmirdi adına “dəli” desinlər, söz qoşsunlar, ocağa-pirə çəkib halına yansınlar, həkimə-dərmana düşməkdən də qorxurdu, elə bilirdi onu dəlixanaya salacaqlar, orda da ölüb gedəcək. Eləcə içində çəkə-çəkə bu zülmün nə zaman bitəcəyini gözləyirdi...

...Sir-sifətinin dəyişməsindən çayçı Nəsib məsələni anladı, kiçik boşqaba göy-göyərti yığdı, pomidor-xiyar, pendir doğradı, kiçik piyaləyə çüyüdlü şor qoydu, kiçik podnusa yerləşdirib gətirdi, hamısının Sadiq kişinin qarşısına düzüb araq şüşəsini açdı, kiçik rumkaya içki süzdü. Həmişəki xəbərdarlığından da qalmadı:

-Nuş olsun, Sadiq dayı. Amma deyirəm istidir, bu istidə araq da təsir edir, sən Allah, az iç..

Sadiq kişi başını tərpətdi. Nəsib nə biləcəkdi ki, qabağında dirənib dayanan, qanlı dişlərini gözünə zilləyib üstünə mırıldanan zorba itdən can qurtarmağın başqa yolu yoxdur? Nə biləcəkdi ki, indi Sadiq kişi onun araq süzməsini necə əzabla gözləyir ki, içsin, azacıq rahatlıq tapsın?

Göy-göyərtiyə, pomidor-xiyara, pendirə etina etmədən əlini rumkaya atdı, qaldırdı ki, başına çəksin, birdəncə Suqra hardansa çıxıb gəlib durdu qabağında.

Bir arvadına, bir də çevrilib bir tərəfdən mırıldayan, hürən, səsini kəsmək bilməyən itə baxdı, canına başqa cür vic-vicə düşdü. Əlində rumka çaşıb qaldı.

Bir də baxdı ki, arvadı elə gecəki yuxudakı kimi, əlini uzadıb rumkanı ondan aldı, içindəki arağı ayağının altına, bərkiyib daşlaşmış torpağın ustünə boşaltdı.

Sadiq kişi ağappaq oldu, “indi yanacaq”-deyə fikir doldu beyninə, amma arağın töküldüyü yerdən tüstü qalxmadı, əvəzində bom-boz döyənək torpaq parçasından yam-yaşıl otlar göyərdi.

Sadiq kişi göyərən otlara baxa-baxa bir də hiss elədi ki, arvadı başının üstündən çəkilib getdi, onunla bərabər bayaqdan üzünə şöngüyən zorba it də yox oldu...

...Nərdtaxtanın başına yığışan adamlar donub qaldılar. Belə şey hələ indiyəcən görünməmişdi, Sadiq kişi dolu rumkanı başına çəkmədi, eləcə əlində saxlayıb sonra asta-asta ayaq altına boşaltdı.

Qocalardan biri nəsə olacağından höllənib Sadiq kişiyə tərəf gedən Nəsibə işarə elədi ki, “işin yoxdur, görək nə edəcək”? Nəsib çiyinlərini çəkdi...

Sadiq kişi yerindən qalxıb tut ağacının altındakı çayxana həyətindən uzaqlaşdı...

-11-

...Neçə vaxtdı qəbristanlığa gəlmirdi. Cığır boyu sıralanan məzar daşlarına, şəkillərə baxa-baxa irəliləməyə başladı. Aralarında baş daşına qırmızı yaylıq bağlananı vardı, bəzilərinin üstü gül-çiçəkli, səliqəliydi, bəziləri ot-alağın, kol-kosun içindəydi.

İlahi, sanki neçə ildi yatırmış, birdən oyanıb. Qəsəbənin yarısı köçmüşdü, mənzil eləmişdi qəbristanlıqda . Bu adamlar nə zaman xəstələnmişdilər, nə zaman qocalıb qarımışdılar, nə zaman ölmüşdülər?

Cığırın ortasında dayanıb ətrafına boylandı, hər tərəfdən üzünə baxışlar zillənmişdi, cavanı-yaşlısı, qadını-kişisi ona baxırdı. Hamısını xatırlayırdı, tanış üzlər, tanış adlar...

Havanı dinlədi... Hardansa quş civiltisi gəlirdi... Dayandı, dayandı, gözlədi görsün quş civiltisi nə zaman dəyişməyə başlayacaq? Qorxu gəldi, qayıdıb özünü çayxanaya, içki şüşəsinə çatdırmaq istədi... Amma yerindən tərpənmədi, anlamışdı ki, quşlar hələ də oxuyur. İrəlilədi...

Suqranın məzarı səliqəliydi. Yamyaşıl sarmaşıq çiçəyi qalxıb məzar daşına dolanmış, çiçəkləmişdi, üstündə qızılgül kolu düymələyib açmışdı. Əyilib iylədi, qızılgülün ətri ciyərlərinə doldu.

“Reyhanın işidir, halal olsun”-gəlinini deyirdi... Gözünü məzarın yanındakı boş yerə zillədi. Bunu o zaman nə ağıl etmişdi, kimə necə başa sala bilmişdi, yadında deyildi, amma bilirdi ki, özü üçün saxlatdırıb. “Eeeehhhh.... Gör neçə il keçib, ay Suqra!”...

Sinə daşının ayağında oturdu, ona elə gəldi ki, Suqranın baş daşındakı şəklinə baxmağa cəsarəti qalmayıb, haqqı da yoxdur...

“Bilirəm, incimisən məndən. Gör nə zamandır səni tək qoymuşam. Elə hey özün gəlirsən”. Pıçıldaya-pıçıldaya qəbrin torpağını oxşamağa başladı, dolmuşdu, gözünün yaşı süzülüb yaxasını islatdı.

Əllərini torpağa, sarmaşığın yarpaqlarına, qızılgülün qönçələrinə toxundurduqca üstündəki ağırlıq qalxırdı, birdəncə hönkürtüylə, yanıqlı-yanıqlı, ağlamağa başladı.

...Ayağa qalxanda yüngülləşdiyini duydu. Baş daşına yaxınlaşdı, göz yaşlarının arasından arvadının gülümsəyən üzü bir başqa görünürdü, barmaqlarının ucuyla gözünü silib bir də baxdı... Gözəllər-gözəli Suqra. Ehmalca əyilib arvadının əksini öpdü...

...Birbaşa evə yollandı. Həyətin bir başında suyla nəsə əlləşən nəvəsi babasının tez gələcəyini gözləməsə də darvazanın səsinə başını qaldırıb onu görəndə özünü o yerə qoymadı:

-Baba? Gəldin?

Başıyla “hə” işarəsi verdi. Suyun səsi fikrini sahmanladı. İllərdi bu qədər uzun çəkən su şırıltısı eşitməmişdi. Xeyli dayanıb suya baxdı, baxdı... Birdən xatırladı ki, səhər gəlinin danışdıqlarını da çox aydın eşidirdi...

Nəvəsi onun ayıq qayıtmasından xəbərsiz arxasıyca evə qalxdı:

-Baba, yatacaqsan?

Qoca yatmaq istəmirdi. İstəyirdi eyvanda oturub göz dolusu məhlə-bacaya, nəvəsinə baxsın, çay süzsün içsin, nə vaxtdan bəri tapammadığı rahatlıqdan ləzzət alsın.

Hələ o su səsi! Nə zamandı bu cür möcüzəylə qarşılaşmamışdı, bu cür şirin səs duymamışdı. Amma qorxurdu, qorxurdu suyun səsi get-gedə dəyişər, yenidən o zorba it gəlib durar qabağında.

Otağa keçdi, paltarlarını çıxarıb səliqəylə kətilin üstünə yığdı, yerinə girdi, adyalı üstünə çəkdi:

-İlahi, min şükür sənə!

Həyətdən hələ də su şırıltısı gəlirdi...

Eləcə yuxuya getdi...

Tərlan az keçmiş bir də qayıtdı, qapını aralayıb babasını dinlədi, astaca “Baba, ay baba?”-deyə bir iki ağız səsləyib qapını örtdü. Qoca yuxulamışdı...

-12-

Gəlin nə getdiyi günün axşamı, nə də sabahı günün axşamı, bir də üçüncü günün günortası qayıda bildi. Qardaşının arvadı onu görüb sevinmişdi, neçə gündən bəri diş ağrısından şikayətlənən kiçik qızını göstərib:

-Səni Allah yetirib, ananı qoyub gedəmmirəm, bu da ki, üç gecədir bizi yatmağa qoymur. Həkim də deyir gətir vaxtında müalicə edim, çıxarılmasın dişi, heyfdir.

Qala bilsəydin, iki günlük şeydir, aparıb gətirərdim-deyincə dilinə “yox “- gətirəmməmişdi. Qardaşı Bakıda işləyirdi, ayda-həftədə bir evə baş çəkə bilirdi. Anasının hər nazını gəlin çəkirdi, utandı “qalammaram” deməyə...

Evə zəng elədi, qaynatasını xəbər aldı, oğlu -“gəlib, yatır, yaxşıdı, narahat olma” -deyib onu rahatlatdı...

...Dəmir darvazadan girib eyvana çıxdı. Həyətdə səssizlikdi.

- Tərlan, ay Tərlan-deyib iki ağız oğlunu səslədi. Hay verən olmadı.

- Görürsən bunu, tapşırmışam həyət-bacanı tək qoyma...

Cəlal biçindəydi, qəsəbədən çox aralıydı, iki-üç gündən bir gəlir, yuyunur, əyin-başını dəyişir, evin bazarlığını eləyib qayıdırdı.

Gəlin anasıgildə qalacağını biləndə zəng edib oğluna bərk-bərk tapşırmışdı ki, həyəti çox tək qoymasın, həm də qocaya nəsə lazım olar, tez-tez otağına baş çəksin. Oğlu onu arxayın eləmişdi.

Tərlan elə bil iy almışdı, anasının arxasıyca həyətə girdi. Gəlin ağzını açmaq istəyirdi ki, oğlunun əlindəki qəndi-çayı görüb susdu, eyvana qalxdı. Qalxa-qalxa da qaynatasını xəbər aldı:

- Baban neynəyir?

- Neynəyəcək - uşaq çiyinlərini çəkdi - yatır yenə.

Anasının dalıyca eyvana qalxdı. Gəlin qaynatası yatan otağın qapısına əlini uzadıb xəbər aldı:

-Qoyub ora-bura qaçmamısan ki? Söz tapşırmışam.

Oğlan üz-gözünü turşutdu:

- Güya biz kişini səndən az istəyirik...

Gəlin eşitməməzliyə vurdu:

- Yoxlamısan? Oyanmayıb heç?

- Yox, oyanmayıb, elə sən gedən axşam gəlib yatandı... Yoluxmuşam, dünən nəsə otağın havası ağırlaşmışdı, pəncərələri açdım, sonra gördüm bir az da isti olur, milçək doluşur, bağladım, başqa heç nə...

“Ağirlaşacaq da, bu istidə tər içində yatır yazıq... Heç olmasa havalar sərinləsəydi”...

Qapının açılmasıyla gəlinin ürəyinin yerindən oynaması bir oldu... Otağın ağırlaşmış havasından ödü ağzına gəldi: “İraq olsun, nə olub buna?”

Qaynatasının yatağına yaxınlaşıb üzüdivara bir böyrü üstə uzanan kişinin üstündən üzünə boylandı, nə anladısa dəli kimi nazik adyalı çəkib yerə saldı. Sinəsindən dərin bir çığırtı qopdu:

-Ay aman! Ay aman! Baban ölüb, ay Tərlan!

Anasının ardıyca otağa girən Tərlan key-key dayanıb bir anasına, bir eləcə yuxladığı kimi keçinən babasına baxdı...

Gəlin bir əliylə dartıb yaxınlaşan oğlunun köynəyinin yaxasını cırdı:

-Sən hara baxmısan, hara baxmısan? Başa düşməmisən?

Oğlanın gözləri böyüyüb yaşla doldu. Babasının əlindən tutub onu silkələdi. Qocanın əlinin özgə soyuqluğundan üşəndi.

Silkələnən qoldan qəribə şaqqıltı səsi gəldi. Gəlin əlini atıb qocanın əlini oğlunun əlindən qopartdı:

-Əl çək, əl çək, ölüb!

Qocanın yatağının yanındaca çöküb dizinə-dizinə döyməyə başladı. Saçları dağılıb sinəsinə boynuna dolaşdı, harayı yeddi o yana qonşunu tərpətdi.

Tərlan qaçıb telefonunu götürdü, əlləri əsa-əsə atasına zəng elədi. Gəlinin harayına əvvəl yaxın qonşular, sonra qonşuların qonşuları, sonra bütün qəsəbə yığıldı.

Qocalardan kimsə dolabdan təmiz döşək ağı götürüb qocanın üzünə çəkdi, qadınlara işarə elədi ki, gəlini qaldırıb otaqdan çıxarsınlar. Sonra əlinin arxasıyla yanağı boyunca axıb gedən göz yaşını silib astaca pıçıldadı:

-Sən belə ölməli adam deyildin, ay Sadiq kişi!

...Cəlal iki-üç saata ancaq gəlib çata bildi. Qapinin qabağında onu oğlu qarşıladı, günahkar-günahkar dayanıb başını aşağı saldı, qonşulardan kimsə Cəlalın qəzəbli baxışlarından ehtiyatlanıb qolundan yapışdı:

-İşin olmasın uşaqla, görmürsən nə haldadı? Uşaqdı, birdən-ikidən ölənmi görüb, nə başa düşəcəkdi? Sən də bir yandan yandırma uşağı, cavandı... Qisməti beləymiş rəhmətliyin...

Düyünlənmiş yumruğu boşaldı, sürünə-sürünə çatdırdı özünü evin qabağınacan, heyi qalmadı eyvana qalxsın, elə pilləkənin ayağındaca dizləri qatlandı, hərə bir tərəfdən qolundan yapışdı.

İçəri otaqdan çıxıb günahkar-günahkar boynunu bükən arvadının üzünə baxa-baxa qaldı, gəlinin yarı canı getmişdi, başını qaldırıb ərinə baxammadı. Cəlal səsini çıxarammadı. Qonşulardan kimsə qulağına pıçıldadı:

-Lazım deyil. Azmı çəkib əziyyətini?

-13-

Axşamdan xeyli keçmiş həyətdəki adamlarda canlanma yarandı. Kişilər sıxlaşıb meyit namazına durdular, qadınlar eyvana, həyətin bir tərəfinə yığılıb dayandılar, əllərini duaya qaldırdılar. Gəlin ayaq üstə zorla dayanırdı. İçini çəkdikcə sinəsindən xırıltı qopurdu.

Molla üzünü camaata tutdu:

-Ay camaat, halallıq verirsinizmi?

Həyətdən qalxan səs qəsəbənin bir ucundan o biri ucuna yayıldı:

-Halal olsun! Halal olsun! Halal olsun!

Qadınların titrək hıçqırıqıarının müşayətiylə namaz qılındı.

Mollanın işarəsiylə onlarla cavan cənazəyə yaxınlaşdı, onlarla çiyin tabutun altına girmək üçün növbəyə durdu...

-Hanı başının altındakı daş? - deyə kimsə soruşdu...

Sadiq kişinin gəlini sual verən kimdirsə, üzünə boş-boş zilləndi, kölgə kimi irəliləyib həyətin bir tərəfində açıq qalıb şırıl-şırıl axan bulağın suyundan bir parç doldurdu, dəmir darvazadan çıxıb gedən adamların arxasıyca atdı...

...Qəsəbənin içindən keçib gedən adamların yandırdığı fənərlərin işığı işıldaquşlar kimi yanıb-sönürdü.

Qəsəbənin bütün itləri susmuşdu...

2015