►Əsərin sonunda yəhudi Momo İbrahimin sayəsində islamı qəbul edir...
Dövlət Akademik Milli Dram Teatrında fransız dramaturqu Erik-Emmanuel Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" ikihissəli dramı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, əsərə Sankt-Peterburqdan dəvət edilmiş azərbaycanlı rejissor Ərşad Ələkbərov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
İkihissəli tamaşada Müsyö İbrahim rolunu xalq artisti Fuad Poladov oynayıb.
Tamaşada digər rolları əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev ifa ediblər. Dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər Erik-Emmanuel Şmittin avtobioqrafik romanıdır.
Buna da bax: ANS 54 min manat cərimələndi
Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Musa və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan sevgi, hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir.
Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsi ilə sona çatır. Bu məşhur roman 2001-ci ildə dünyada ən çox satılan əsər olub və "Fransız Akademiyası"nın ən yüksək mükafatını qazanıb.
2003-cü ildə fransız rejissoru Fransua Dupeyron bu əsərə eyniadlı film çəkib.