Rusiya Tacikistandakı hərbi bazasına əlavə Mi-24P hücum vertolyotları göndərib.
Rusiya müdafiə nazirliyinin oktyabrın 7-də yaydığı məlumata görə, hücum vertolyotları ilə yanaşı Tacikistanın Hosor rayonundakı “Ayni” aerodromuna Mi-8 MTV hərbi-nəqliyyat təyyarələri də göndərilib.
Bu baza paytaxt Düşənbənin 30 kilometrliyində yerləşir.
Bəyanatda deyilir ki, məqsəd Rusiyanın Tacikistandakı hərbi bazasını gücləndirməkdir, amma vertolyotların sayı barədə məlumat verilmir.
Tacikistan prezidenti Emomali Rahmon bundan bir gün əvvəl rusiyalı həmkarı Putinlə Soçi görüşündə son vaxtlar islamçı qrupların Əfqanıstanla sərhəd bölgəsində fəallaşmasından narahatlıq bildirmişdi.
Hazırda Tacikistandakı 201 saylı bazada 7 min Rusiya əsgəri var.
Bu Moskvanın Rusiyadan kənarda ən böyük hərbi bazasıdır.