- "Poçtxana yalnız novruzəlilərin avamlığını üzə çıxarmaq baxımından əlamətdar deyil, o, həm də xalqın, cəmiyyətin ünsiyyətsizliyini, bir-birilərinə olan yad münasibətini, mənəvi ölülüyünü ifşa məkanıdır."
Ülvi Babasoy
Gülüşün kədərli simfoniyası
Rus ədəbi tənqidinin gənc dahisi Nikolay Dobrolyubov yazıçı Aleksandr Ostrovski yaradıcılığını “Zülmət səltənəti” (1859) və “Zülmət səltənətində işıq şüası” (1860) adlandırır.
Kim bilir, bəlkə də, əcəl zəngi çox tez çalınan Dobrolyubov (1836-1861) Mirzə Cəlilin müasiri və həmvətəni ola bilsəydi, onun yaradıcılığını da “Zülmət səltənətində işıq şüası” təbiri ilə ifadə edəcəkdi.
Yox, yəqin ki, belə deyərdi: Mirzə Cəlilin saf, xalis nəsri XIX əsrin cəhalət, XX yüzilliyin fəlakət hökmranlığının qaranlığında günəş ziyası kimi işıq saçdı.
Axı Dobrolyubovun ictimai qayğılarla aşılanan fikirləri Mirzə Cəlil idealına daha yaxın idi.
Bəlkə də ədəbi mətnlərə riyazi dəqiqlik səviyyəsində şərh verən, tənqidçi-estet Dobrolyubov Molla Nəsrəddinlə eyni dövrdə yaşasaydı, məşhur “Oblomovluq nədir?” adlı ədəbi tipologiya tendesiyası ilə yanaşı, “Danabaş(lı)lıq nədir?” probleminə cavab axtaracaqdı.
Mirzə Cəlil qələm məşqi “Çay dəstgahı” (1889) mənzum dramında cəmiyyətin eyblərini yığcam, rəmzi çalarda göstərsə də, sənətkarın həyatı görmə və göstərmə yetənəyi “Danabaş kəndinin əhvalatları”nda öz ədəbi və əbədi zirvəsinə ucalır.
Xalis nəsrin bünövrə və binası da “Danabaş kəndinin əhvalatları” povesti ilə tikilir. Ancaq istərdim ki, əvvəlcə “Poçt qutusu”ndan söhbət açam.
“Danabaş kəndinin əhvalatları” (1894) “Poçt qutusu” (1903) hekayəsindən öncə yazılsa da, müəllifin sağlığında çap olunmadı.
Elə bu səbəbdən “Poçt qutusu” Molla əminin ilk mətbu əsəri kimi diqqət cəlb etdi. Necə ki, ədəbiyyatşünas Mir Cəlal “Poçt qutusu”nu “proqram əsər” adlandırmışdı.
“Poçt qutusu” nəsrimizin cazibə mərkəzinə çevrildi. Kiçik hekayənin böyük örnəyi “Poçt qutusu” hər kəsi düşündürdü, hər kəsi heyrətləndirdi.
Mirzə Cəlil “balaca adamı” təntənəli şəkildə nəhəng ədəbiyyata gətirdi.
Novruzəli daşlı-kəsəkli İtqapan yollarının, dar, qapalı, məhdud mühitindən çıxarılıb hər bir xalqın mədəni sivilzasiyasının ən vacib göstəricilərindən olan ədəbiyyyatın aparıcı adamı səviyyəsinə yüksəldildi.
“Poçt qutusu” məhz Mirzə Cəlilin ictimai ideallarını göstərməsi baxımından dəyərli idi.
Novruzəli obrazının avamlığı, sadəlövhlüyü, mədəni geriliyi arxasında xalqının dərdlərini, acı həqiqətləri, cəmiyyəti düşünən müəllif obrazının “göz yaşı içində gülüş”ü dayanırdı.
“Poç qutusu” hekayəsində ən xırda detal belə, rəmzi ümumiləşdirmə mahiyyətində idi.
Hekayədə İtqapan kəndi təkcə məkanın lokallığı kimi göstərilmir, həmçinin sürətlə inkişaf edən qlobal dünyadan geri qalmağımız, arxaik təfəkkürün simvolikləşdirilməsi, inter-psixoloji hadisə kimi mənalanır.
Dünya ölkələri makromühitdə dinamik, canlı, əqli və mədəni renessans dövrü yaşayarkən Azərbaycanın mikromühitdə süst, hərəkətsiz tənəzzülü İtqapan kəndinin simasında konservativ xarakter daşıyır.
Poçtxana və divanxana da məkanın ən eyhamlı, ən illüstrativ bədii-estetik xronikasını sərgiləyir.
Mədəni ünsiyyətin rəmzi olan poçtdan istifadə bacarığını Mirzə Cəlil dövrün zəruri anlaşma rabitəsi olaraq səciyyələndirir.
Poçtxana yalnız novruzəlilərin avamlığını üzə çıxarmaq baxımından əlamətdar deyil, o, həm də xalqın, cəmiyyətin ünsiyyətsizliyini, bir-birilərinə olan yad münasibətini, mənəvi ölülüyünü ifşa məkanıdır.
Divanxana isə Novruzəlinin ora həbs olunması ilə maraq doğurmur, fikrin, düşüncənin məhbus həyatı yaşaması, şüurun ölümünün bu məkanda tamamlanması cəhətdən maraqlı və mənalı final, kulminasiya ərazisidir:
“Ay yarımdan sonra Novruzəlini divana gətirib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər; amma Novruzəli günahını boynun almadı”.
“Poçt qutusu” hekayəsində Novruzəlinin həbs olunması cəhalətin, avamlığın həbsinə müəllifin acı gülüşlə hökm oxumasıdır. Novruzəlinin ulaq dərdi “əcnəbilərin seyrə balonlarla çıxmasının, biz(im) hələ avtomobil minmə”məyimizin səbəblərinə işarədir.
Mirzə Cəlil “Poçt qutusu” ilə daima inkişafda olan, hərəkət edən həyata, dünyaya zidd olan cəmiyyətimizin durğunluğunu bədii fikrin predmetinə çevirirdi.
“Poçt qutu”sunda reallığın ən qatı naturası həyatın, ədəbiyyatın estetik qayğı və əhəmiyyəti ilə qovuşub ictimai düşüncəni qəflət yuxusundan oyatmağa yönəlmişdi.
Avropa realist ədəbiyyatında “kübar” cəmiyyətin romantik arzuları, kapitalizmin şəhər - qərb mühitinin daxili və xarici görkəmini dəyişdirməsi, insanların öz “ehtiraslarının komediyası” halına gəlmələri tədqiq edilirdi.
Mirzə Cəlil isə “Danabaş kəndinin əhvalatları” povestində kapitalizmə keçid mərhələsində olan kəndin - şərqin qaranlıq tablosunu təsvir etməklə feodalizm mərhələsinin köhnəliyinə yeni ədəbi sözlə yekun vururdu.
“Danabaş kəndinin əhvalatları” ilə ədəbiyyatın düşüncə ölçüsü, poetik imkanları genişlənir, nəsrin bədii strukturu yenilənirdi. Povest nəsrimizə forma və məzmun, üslub və metod yeniliyi gətirir.
Mirzə Cəlillə klassik ədəbiyyatın şirin əhvalatları öz yerini danabaşlığın acı hekayətinə buraxır.
Mirzə Fətəlidən sonra millətin yeni Mirzəsi ünvanına ləyaqət “Danabaş kəndinin əhvalatları”ının qələmə alınması ilə qazanılır. Mirzə Cəlillə klassik ədəbiyyatın şirin əhvalatları öz yerini danabaşlığın acı hekayətinə buraxır.
“Danabaş kəndinin əhvalatları”nda zalımın məzlum üzərindəki hökmranlığı yox, zalımlığı doğuran mühitlə, məzlumluğa səbəbiyyət verən cəhalətin, xurafatın ağalığı qələmə alınır.
Məhəmmədhəsən əmi ruh və şüürun ziyarət meracına yüksələ bilməyən, sxolastika bataqlığında boğulan “müsəman kəndliləri” təmsil edən ən tipik xarakterdir.
Uca yaradana doğru açılan mənəvi ziyarətin yerini imamların qəbri, kərbəla ziyarəti əvəz edir. Məhz buna görə Məhəmmədhəsən əminin ulağı itir.
“Eşşəyin itməkliyi” daha çox rəmzi semantikadır. İtən ulaq Məhəmmədhəsən əmilərin qəbir daşlarına olan ümidlərinin absurdluğunu, əsassızlığını göstərən xurafat illüziyasından xəbər verir. Yumorun bir az acı, bir az şirin üzü ilə “Eşşəyin itməkliyi”nə və tapılmağına şahid olururq.
“Eşşəyin itməkliyi” ilə tapılması arasında keçən üç il ərzində Məhəmmədhəsən əminin başına gələn bəla və müsibətlər də onu xurafat əsarətindən xilas edə bilmir. Məhəmmədhəsən əmi fikirləşir ki, oğlu Əhmədin və həyat yoldaşının ölümü eşşək dərdindəndi.
Mirzə Cəlil öz estetik idealına, həyat materilına tənqidi yanaşma prinsipinə sadiq qalır, fanatizmin fəci nəticələri sadəlövh kəndlinin “dini inancının” çürüklüyü ilə qaynayıb-qarışır və həyatın təbii axarında davam edir.
Çünki Məhəmmədhəsən əmi də öz xələfi Novruzəli kimi şərqin cəhalət atmosferində nəfəs alıb-verir, eyni duyğu və düşüncə mənbəyindən qidalanır.
“Eşşəyin itməkliyi” estetik planda ədəbi priyom olsa da, həmçinin gerçəkliyə ən məqbul ironik yanaşmadır. “Eşşəyin itməkliyi” əhvalatının nəticəsindən doğan ağır sarkazm, rəğbətli xəfif yumor Mirzə Fətəlinin aldanan ulduzlarını xatırladır.
Ulduzların aldadılması Şah Abbası bəladan, xalqı isə ədalətli Yusif şahdan “xilas edir”.
“Eşşəyin itməkliyi” Məhəmmədhəsən əminin ziyarət arzularını ürəyində qoyub həyat yoldaşı və oğlu Əhmədin “ölümünə” səbəb olsa da, hətta Zeynəb və yetim övladlarını müflis etsə də, Xudayar bəyə iki təzə arvad və çoxlu var-dövlət qazandırır.
Xudayar bəy sürətlə inkişaf edən, sənayeləşən dünyanın, demokratiyanın, şəhərləşmənin, yavaş-yavaş ucalmaqda olan göydələnlərin kölgəsində yox olan feodal ağalığının idbar simasıdır.
“Danabaş kəndinin əhvalatları” povesti ilə demokratik sərbəstliyin olmadığı bir cəmiyyətin qanunla deyil, Xudayar bəylərin dəyənəklərinin hökmü, qazıların fitvaları ilə idarə edilməsi həqiqəti ədəbiyyatın, nəsrin başlıca inikas obyekti olur.
Povestdə adi məişət hadisələri fonunda cəmiyyətin, böyük bir qütbün yaşayış mənzərəsi fraqmentar bir tərzdə təqdim edilir. Çünki oturub arxayın bir şəkildə qalın romanlar yazmaq Mirzə Cəlil estetik idealına yad idi.
O, sanki lazım olan anların şəkillərini çəkirdi, bu baxımdan Cəlil Məmmədquluzadə nəsrini fraqment nəsr adlandırmaq məntiqəuyğundur.
“Danabaş kəndinin əhvalatları” povesti poetikasındakı dolğun təravət, bədii bütövlük, dil və üslub xüsusiyyətlərinə görə də xalis Azərbaycan dilində yazılmış nəsrin zirvəsidir.
Ana dilimizin canlı, şaqraq ədası situasiyaların daha anlaşıqlı və dəqiq bir biçimdə mənalanmasına xidmət edir. Povest nəsrimizə yeni təhkiyə texnologoyası da qazandırır.
Yazıçı Danabaş mühitini təsvir etmək üçün kəndin sakinlərindən qəzetçi Xəlillə, Lağlağı Sadığın şahid olduğu hadisələri qələmə alır, daha doğrusu, qəzetçi Xəlil Lağlağı Sadığın nəql etdiyi “Danabaş kəndinin əhvalatları”nı “yazıya götürür”, təhkiyədə həm məzmun, həm də forma cəhətdən rəngarəngliyə, polifonik nəqletmə formasına ilk dəfə Mirzə Cəlildə rast gəlirik.
Qərəz, “Danabaş kəndinin əhvalatları” povestində pak, təmiz ana dilimiz yenidən doğulur və modern nəsrin arxitekturası klassik Cəlil Məmmədquluzadə qələmi ilə çəkilir.
Məhəmmədhəsən əmi xarakterində sərgilənən dini fanatizm “Usta Zeynal”da ifrat dərəcədə təzahür edir.
Usta Zeynalın əməl və düşüncəsində “təəssübünü çəkdiyi” İslam dininin ən sakral, ən mühafizəkar kanonlarına belə, rast gəlmək mümkün deyil.
Usta Zeynalın əməl və düşüncəsində “təəssübünü çəkdiyi” İslam dininin ən sakral, ən mühafizəkar kanonlarına belə, rast gəlmək mümkün deyil.
Yarımçıq, şikəst inancın cəmiyyət üçün yarasız, iqtidarsız obrazı Usta Zeynaldır.
Avamlıq, xurafat və “Allahın qəzəbinə düçar olmaq” xətası “Dəllək” hekayəsində davam etdirilir. Xoruzun “arvad” olması əhvalatına “Piverdinin xoruzu”nda rast gəlirik, atasından xoruz gözləyən Pirverdinin qarşısına bir neçə saatın içində siğə edilən Pərinisə çıxır.
“Pirverdinin xoruzu” nəinki Azərbaycan, bəlkə də dünya nəsrində ən fərqli, ən böyük estetik rişxənddir. “İranda hüriyyət” azadlığa, müstəqilliyə yad olan, bu qavramı heç təsəvvürünə belə, gətirməyən cəmiyyətin hüriyyətsizliyinin ifşasıdır.
“İranda hüriyyət” əsəri Azərbaycanı azad, müstəqil görmək istəyən Mirzə Cəlilin özgürlük nidasıdır.
“Nigarançılıq” artıq cəmiyyətimizin, “ziyalılarımızın” azad yaşamağa hazır olmadığının ədəbi isbatıdır.
“Nigarançılıq”da işlənən ziyasız ziyalılıq, ziyalı biganəliyi “Sirkə” hekayəsində təsdiq olunur.
“Zırrama” yelbeyinliyin, “qəmişliyin” komediyasıdır. Uzun sözün qısası, Məmmədquluzadə imzası ictimai fikrin, şüurun iflic durumuna bədii-estetik etirazdır, bütün zamanların əyintilərinə güzgüdür.
Mirzə Cəlil yaradıcılığı bütövlükdə həzin, ağrılı və eyni zamanda dinamik, təntənəli, vahid müsiqi əsərinə bənzəyir.
Bu baxımdan, Mirzə Cəlilin həyatı da, yazdıqları da gülüşün ən kədərli simfoniyasıdır.
Mirzə Cəlil dramaturgiyası və publisistikası da köhnə çağın ölümünə ironik baxış, müasir dövrün sənət, ədəbiyyat və həyat qovşağında başlanğıcıdır.
“Sizi deyib gəlmişəm” və “Azərbaycan” yazıları Mirzənin bütün yaradıcılığı, həyat məramı üçün epiqrafdır. “Anamın kitabı” ədəbiyyatımızın ana kitabıdır. “Ölülər” “canlı insanlara” ölü deyə bilməyin cəsarət ünvanıdır...
Yazımı Mirzə Cəlildən sonra nəsrin ikinci böyük poetik düha sahibi Əbdürrəhim bəy Haqverdiyevin “Molla Nəsrəddin haqqında xatiratım” məqaləsindən bir hissə ilə bitirmək istəyirəm.
“Mirzə deyərdi: Adını mühərrir qoyub ortalığa çıxan gərək bir-bir vəziyyəti nəzərdə tutsun. Yəqin mühərririn düşməni dostundan çox olacaq; düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil, camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxaran mühərririn qiyməti bir qara puldur, o da qəlp.
Mən heç bir şeydən hətta ölümdən də qorxmayıb həqiqəti yazacağam, bir vaxt olar mənim dostum düşmənimdən çox olar, mən ona əminəm.
Fəqət gərək ziyalı cavanlar kömək versinlər, bu böyüklükdə yükü bir adam götürə bilməz”.