- Nərdivan var küçəmizdən cənnətə
Amin Mehdi
Şeirlər
***
İndi
Bakıda kirayə qaldığım evə,
Yeni məhləmizə,
Qonşulara,
Həyətdəki insanlara öyrəşirəm
Və öyrəşirəm
Divarların qollarında
Özüm üçün darıxmağa.
Qapıların səssizliyində
Barmaqlarının sükutuna,
Pəncərənin Günəş döyən yanlarından
Qaranlığa qaçmağa,
Şəkildəki gözlərində
Darıxmağa öyrəşirəm.
Məhəccər önündə kitab, tütün qutum
Və isti çayımdan aldığım
Hər qurtuma,
Pəncərədən mənə boylanan
Yad insanlara,
Güzgüdəki məndən uzaqlara
Addım-addım yaxınlaşıb
Öyrəşirəm.
İndi əvvəllərə baxanda
Daha tez-tez yoruluram
Sıxılıram özümdən.
Bir nəfərlik təkliyimi yaşayıram
9-cu mərtəbədə.
Kafkanı, Sartrı oxuduqca
Müqəddəs sayıram tənhalığı-kədəri.
İndi həm də, əsmər qadınım.
Yoxluğuna öyrəşirəm.
Heç barışmadığım yoxluğuna.
***
Yaman darıxmışam sənin səsinçün.
Bu ölkə bəs etmir xəyallarıma.
Yollara düzüblər min cürə nişan.
Bir səni göstərən çıxmır qarşıma.
Mən sənə güvənib yelkən açmışam.
Qəm ümmanında itirmişəm hədəfi.
Başqa sevdalara Günəş olanda.
Bir dəfə olmadın dəniz fənərim.
Qollarım qırılıb düşüb yanıma.
Daha qucaqlamıram heç özümü də.
Dünən tənbeh etdim barmaqlarımı.
Daha sığal çəkmirəm şəkillərinə.
Nərdivan var küçəmizdən cənnətə.
Kimdən soruşursan cənnətə gedir.
Bir mən yarımçığam deyən şəhərdə.
Ağlım bədənimdən rədd olub gedir.
Ehhh!
Hardan biləsən nə təhər darıxıram mən.
Adam özü üçün darıxa bilmir.
Darıxmaq:
Yığıb bədənini bir çamadana.
Getmək istəsən də gedilə bilmir.
***
Səkini basıbdı tozlu ümidlər.
Süpürür oranı bükülmüş qoca.
Heç kömək eləmir köhnə taksilər.
Gedib qovuşmağa yerin yoxdursa.
Arzular, xəyallar uzaqlardadır.
Gündə bir yol çəkib hamarlayırlar.
Hansı yolun uzağa apardığına.
Elə yolçəkənlər çaş-baş qalırlar.
Kosmik tənhalığa çarə axtarır.
Dünyada yığışıb bütün adamlar.
Burdan doğmaları eşitmirəm mən.
Bunlar kainata mesaj atırlar.