Bir saatdan sonra partlamalıyam

Teona Dolencaşvili

- Teona Dolencaşvili 1977-ci ildə Gürcüstanın Kutaisi şəhərində doğulub. Tibilisi Dövlət Univerisitetinin jurnalistika və kinomatoqrafiya fakultəsini bitirib.

Bir müddət gürcü televiziyalarında mədəniyyət verilişləri hazırlayıb. Daha sonra gürcü qəzetlərində müxbir kimi çalışıb. Jurnalist kimi “Oxucu simpatiyası” və “İlin ən səs-küylü məqalə müəllifi” mükafatlarına layiq görülüb.

İndi o müxtəlif gürcü dərgilərində köşələr yazır. Onun hekayələri Alman, İngilis, Rus, Ukrayna, Azərbaycan dillərinə çevrilib. 2005-ci ildə rejissor Gio Mqeladze onun “Fədai” hekayəsini ekranlaşdırıb.

Hekayə Oxu Zalında müəllifin icazəsilə təqdim olunur.

Gürcü dilindən tərcümə: Emin Mahmudov

Teona DOLENCAŞVİLİ

FƏDAİ

yaxud ƏMİNƏ ÜÇDƏN BEŞƏDƏK

Saat 15:00

Başçı “Avi qado” və bal gətirir. Mən çəltikli salat hazırlayıram. Xörək hazırlamağı heç vaxt sevməzdim, lakin bu bezikdirici işdən burda da yaxa qurtara bilmədim.

Salinin cəmi on yeddi yaşı var, Nəzifə isə mətbəxə ümumiyyətlə, girmir. Sən demə, məhz ayran aşı bişirirdi ki, uşaqlarını qırsın - beş yaşlı oğlunu və üç yaşlı qızını.

Dəqiqi necə olmuşdur, bilmirəm, özü cınqırını çıxarmır və mütəmadi saata baxır. Sanki saniyəölçəni artıq işə salmışlar və o da çox-çox tələsir ki, nə zaman yanacaqdır.

Sakitcə çörəyimizi yeyirik. Sali qəhvə hazırlayır. Qızılgül rəngli dodağı çapılmışdır və quru barmaqları ilə fincanda gümüş qaşıqla qarışdırır.

Buraya qardaşı gətirmişdir. Bir-birini qapının kandarında öpdülər...”O dünyada görüşərik, fədai”, - dedi qardaşı və getdi.

Salinin şabalıdı saçları az qala belinə çatır. Başçı artıq bir dəfə dedi, yığışdır, o isə xına ilə boyadı və dağıtdı. Bir az özbaşına görünür. Mən isə düşünürəm, əgər ölmək üçün hazırlaşırsansa, saçı boyamaq və dağıtmaq ağılsızlıqdır.

Mən Əminəyəm, iyirmi altı yaşım noyabrda tamam oldu. Axırıncı dəfə lap indicə yemişəm və indi siqaret çəkirəm, həmçinin qüssəli gözlərlə pəncərəyə baxıram.

Pəncərədən Parisin dar küçəsi və kitab mağazası görünür, paralel aləm, burada fransız qızları gəzişir və kitab oxuyurlar.

Mən də kitab oxudum; Başçıdan aldım. Mulitlərin dövləti barədə yazılmışdı, Alamun qalası və fədailər — ilk terrorçular - özlərini öldürənlər barədə.

İndi artıq başa düşürəm ki, bu kitabı heç zaman oxuyub başa çatdıra bilməyəcəyəm, lakin oxuduğum səhifələri özümün bürünc rəngli baş sancağımla işarələdim - bir də ki, ancaq daha nəyimə gərək olacaqdır...

Saat 15.10 dəqiqə.

Teona Dolencaşvili

Güzgünün qarşısında durmuşam və gözlərimə baxıram.

İdman ayaqqabılarımın qaytanını bağlayıram.

Bel çantamı çiynimə atıram və məftilləri qolçaqlarda gizlədirəm.

Bir sözlə, hazırlaşıram. Başçı artıq necə hərəkət edəcəyimi izah etdi. Saat beşdə “İmpressionistlər”də möhtəşəm sərgi-aksiya keçirilir. Bir neçə senator da olacaq. Özümü məhz burada partlatmalıyam...

Qızlarla vidalaşıram. Yükləyicini və saatı bir daha yenə yoxlayıram. Sali üzümə baxıb gülümsəyir və əl eləyir. “Tezlikçlə görüşərik, Əminət!” - çağırır. Düz qardaşınınkı kimi alınır...

Saat 15.20 dəqiqə.

Metronun xırıldayan, reklamlarla bəzədilmiş eskalatoru ilə enirəm. Şarl de Qolun ikinci xətti ilə gedəsiyəm. Vaqon qızmış relslər üzərində, aləm isə mənim ətrafımda uçur.

Sərnişinlərə diqqət yetirirəm. İnsanlar öz daxili aləmlərindədirlər. Onların arasında, ölümün cazibədar ağuşuna atılacaq və mənimlə xoşbəxtliyi bölüşəcək birilərinin olduğuna əminəm.

Bəlkə kimsə heç olmasa başa düşəcəkdir ki, bu parlaq, gözoxşayan həyat yalandır və həqiqət tamamilə başqa yerdədir.

Saat 15.32 dəqiqə.

Küçə həmişə yaddır. Prospektdəki mağazaları və kafeləri nəzərdən keçirirəm. Kiçik, yaraşıqlı köşkə daxil oluram və ən gözəl şərfi seçirəm.

“Son dərəcə gözəl əl işidir. Batika” - Satıcı seçimimi bəyənir, sora daxılın yanına gedir və şərfi səliqə ilə qatlayır. Mən pulunu verir və vərəqdə ünvanı yazıram.

Çox qiymətli maldır, lakin pula heyfim gəlmir. Bu mənim axırıncı hədiyyəmdir. Anam onu sabah səhər, özünün ad günündə alacaqdır.

Saat 15.37 dəqiqə.

Bir yerdə oturub dincəlməyi qərara aldım. Hələ yalnız dördün yarısıdır və qarşıda - bütün əbədiyyət dayanıb. Vaxt nəhayətsiz, sonu görünmədən uzanır...

“La Kampos” kafesi çox gözəl yerdədir, şüşələnmiş divarın yanında otururam, elə əyləşmişəm ki, küçəyə baxıram. Bir-birləri ilə pıçıldaşan və müxtəlif tərəflərə tələsən insanların davranışına baxmağı sevirəm.

Hamı harasa tələsir - sərgiyə, təqdimata, yoxsa görüşə. O zaman ki, yalnız bir yol vardır və axırda hamı bu yola qədəm basacaqdır, lakin yəqin ki, müxtəlif istiqamətdə biletləri ilə.

Qulluqçu qəhvə və qovrulmuş badam içi gətirir, şokolad kimi qatı və ətirli qəhvə. Burada həmçinin turş albalı və şaftalı qurusu da vardır.

Təəssüf ki, bel çantamı çıxara və stulda rahatca otura bilmərəm. Mən qəhvə içirəm və bel çantamda yan-yana düzülmüş bombalar var.

Saat 15.45 dəqiqə.

Kafe yeknəsəqliklə, eyni cür səslə güyüldəyir. Pəncərədən“İmpresionistlər”in fasadı görünür. Qarşı masanın arxasında kimsə qəzeti xışıldadır.

Sabah bütün qəzetlərin birinci səhifələrində mən olacağam və mənim çoxsaylı qardaş və bacılarım sakitcə qürur hissləri keçirəcəklər.

Nə qəribədir, insan ölüm ayağında belə, gələcək barədə düşünməkdən özünü saxlaya bilmir, onun üçün artıq başa çatmış və heç zaman mövcud olmayacaq gələcək barədə.

Üzərimdə sürəkli nəzərlər hiss edirəm...

Saat 15.50 dəqiqə.

- Sizin masanın arxasında əyləşsəm, Sizi narahat etmərəm ki? Bütün yerlər tutulmuşdur. Ərəb oğlandır. Qara mayka və sürtülmüş cins şalvar geyinmişdir.

Pizza sifariş verir.... İştahlı adama oxşayır.

- Burda yaxşı hazırlayırlar, - mənə gülümsəyir - Mənim adım Tamirdir, sizinki?

- Əminət.

- Gözəlsiniz və adınız da gözəldir. - Çox irəlilədi. Yəqin başa düşür ki, vaxtım azdır.

- Tanışlığa həmişəmi komplimetlə başlayırsınız?

- Yox. Bu birinci dəfəmdir. Bura gələnədək uzaqdan baxırdım. Qəşəng gözləriniz var.

Saata baxıram.

- Bir yana tələsmirsiniz ki?!

- Hə. Cənnətdə gözləyirlər.

- Mən də məmnuniyyətlə Sizə qoşulardım. Əminəm ki, Siz bara getsəniz, ora cənnətə çevriləcəkdir.

Kompliment etməyi doğrudan da bacarır. Onunla söhbət etmək xoşuma gəlir. Bu dünyada daha bir tanışım olsaydı, pis olmazdı.

Tamir məni portağal şirəsinə qonaq edir. Özü barəsində danışır. Sən demə universiteti artıq bitirmişdir və indi bankda işləyir. Parisin küçələrində gəzməyi, kinematoqrafıyanı və futbolu çox sevir.

- Sən nə işlə məşğul olursan? - Mənim peşəmi öyrənməyə çalışır.

- Mən fədaiyəm və düz bir saatdan sonra partlamalıyam. - Bilirəm, inanmayacaq və ona görə də həqiqəti deyirəm. O isə gülür və deyir ki, bu cür şeyi yalnız mənimki kimi qəribə gözlü qız deyə bilər.

- Kimi partlatmalısan?

- Bir-iki nəfər senatoru. Mümkündür ki, daha bir neçə nəfər günahsız insanı da, lakin əsəbləşməyə dəyməz, fransızlar onsuz da bütün ərəbləri terrorçu hesab edirlər.

- Qoy siyasətlə başqaları məşğul olsunlar. Sən uşaqlar böyütməlisən.

- Lakin sabah, mənim uşaqlarımı da öldürə bilərlər,

- Və qərara aldın ki, onları qabaqlayasan?

Qalereyaya doğru baxıram. “İmpressionistlər”də artıq ilk tamaşaçılar göründülər.

- Sən başa düşmürsən və yəqin heç vaxt da başa düşməyəcəksən. O dünyada huri-mələk olacağam və cənnətə yetmiş nəfər yaxın adamımı aparacağam. Gözlərini gözlərimə zilləyir. Uzun müddətə, sanki həmşəliklə mənə baxır.

- Belə şeyləri nə üçün danışırsan. Artıq həyatdan bezmisən? - Sakitcə, yumşaqlıqla soruşur.

-Yox, nə danışırsan, çox sevirəm. Məhz ona görə tələsirəm.

Bir-birimizə nüfuedici nəzərlərlə tamaşa edirik. Bu oğlan məhz bu vaxt haradan peyda oldu, halbuki həyatımım sonuna bir iyirmi dəqiqəyədək vaxt qalıb.

Mən də nəyə görə onu bu qədər yaxın buraxdım, heç zaman heç kəsə demədiyimi ona nə üçün deyirəm. Həm də gör necə baxır...

- Bu işin gəliri necədir? - Gülümsəməyə çalışır.

- Çox yaxşı. Bütün həyatım boyu təmin edilmiş olardım, halbuki pul heç nəyimə gərək deyil. Həmin məbləği mənim ailəmə göndərəcəkdilər, lakin mən həmin pulu yetim fələstinli uşaqların hesabma köçürməyi qərara almışam.

-Və o ölüm...necədir?

- Belə düşünürəm ki, çox yaman olacaqdır. Artıq hiss edirəm ki, hələ heç zaman bu cür xoşbəxt olmamışam.

Tamir ciddiləşir. Siqareti qalın şüşədən şəffaf külqabında söndürür və mənə doğru əyilir. Onun nəfəsini və həyatını hiss edirəm. Çaşır və gözlərimi yayındırıram...

Saat 16.25 dəqiqə.

Məgər bir neçə dəqiqədə sevmək olarmı? İndi, yəqin hər şey mümkündür. Bu illüziyadır. Həyatın tamahlandırıcı illüziyası, bu illüziya məni yoldan çıxarır, mövcudluğun məstedici, müvəqqəti toruna salır və indi, yeni, tanımadığım məkanlar açır...

- Talenin göndərdiyi qadına oxşayırsan,-deyir Tamir. - Nə yaxşı ki, buraya, “La Kompos”a girdim və sən rast gəldin. Heç zaman heç kəslə belə şey başıma gəlməyib.

- Bu axmaqlıqdır. Bağışla, mən getməliyəm, - Vaxtdır, həyatla təhlükəli oyuna son qoydum.

- Getmə, yalvarıram, - Tamir əli ilə əlimi tutur. - İndi getsən, bəlkə, səni heç zaman görməyəcəyəm. Bir neçə dəqiqə yenə qal...

O, başa düşmür ki, bir neçə dəqiqə bütöv bir həyatdır, bütün qalan həyat... Bilmir ki, yubanmağa haqqım yoxdur, nə fikirləşə və nə də sevə bilərəm, çünki fikirləşmək qorxudur, hiss - zəiflik.

- Doğrudan da çox tələsirəm. İndi gedim və ...sabah görüşərik.

Gözləri parlayır. Daha bir dəfə əmin oluram ki, biz yalnız öz arzularımıza inanırıq.

- Yenə də burada, yenə də bu vaxt, - Səsi də tutulur, titrəyir. Onun sadəlövhlüyü və uşaqcasına tez inanmağı məni cəlb edir. Ürəyim sıxılır. Dəlilikdir, anlaşılmaz və təsəvvürolunmaz dəlilik. Lakin doğrudan da sevirəm.

- Hə, yenə burada, yenə bu vaxt, - pıçıldayıram və gözlərimi yayındırıram. Kirpiklərim nəmlənir. Bu vədədə belə faydasız duyğusallıq nəyə lazım idi...

Yenə də onun isti nəfəsini duyuram. Dodaqları ilə dodaqlarıma toxunmasını... Küçənin səs-küyü, güyültüsü haradasa uzaqlarda itib batır. Ağ, cəlbedici, əl toxunmamış qüssəyə bürünürəm...

Batıram...

Saat 16.43 dəqiqə.

Bir-birimizdən “İmpressionistlər”in giriş qapısı ağzında ayrılırıq. Qalereyaya girdiyimi görməyini istəmirəm, ona görə hələ Tamir əlləri ciblərində uzun, rəngli küçə ilə gedir.

Günəş arabir buludların arasından boylanır, fraqmentlərlə görünür... Tikişlər ovucun içinə qoyulmuş yumurta kimi soyulur. Mənə elə gəlir ki, küçə sonu görünmədən uzanır yə səmaya qovuşur.

Qalereyanın mərkəzi salonuna daxil oluram. Kürkümün qollarında gizlədilmiş yükləyicini ovuclarımın içinə alıram. Salon insanlarla dolur...

Formalılar da istənilən qədərdir. İntuisiyam son dərəcə aydınlaşır, duyğularım olduqca gərginləşir, ağlım sürətlə işləyir - necə hərəkət edəcəyimi, hara gedəcəyimi, necə davranacağımı və necə gülümsəyəcəyimi dəqiq bilirəm ki, heç kəsdə şübhə oyatmayım.

Rahatca addımlayır və divarlardan asılmış neoimpressionist rəsm əsərlərini nəzərdən keçirirəm. Brak, Pikasso, Lense - kub halında və üçbucaq şəklində ayrılmış portretlər, natürmortlar, peyzajlar.

Çox gözəl rəngkarlıq nümunələridir, bir qədər, təcavüzkar, bir qədər dəli, bir qədər anlaşılmaz.

Reallıqla mücərrədliyin, ahəngdarlıqla disharmoniyanm, intizamla xaosun sərhəddində yaradılmış tablolar gözlərimi oxşayır və inanıram ki, onların müəllifləri də indi mənim keçirdiyim hissləri keçirirmişlər.

Senatorlar də təşrif buyurdular... Reportyorlar və sənətşünaslar da həddindən artıq çoxdurlar. Adamlara baxmıram.

Sanki onların bədənləri və sifətləri də həndəsi fiqurlar kimi görünür... Çox parlaq fiqurlardır... Səs-küy həddindən artıqdır... Gərginləşirəm və ovcumda yükləyicilər tərləyir...Barmaqlarımda ölüm oynaşır...

Saat 16.55 dəqiqə.

Beynimdə fikirlərim bir-birinə qarışır - Delonun “Dairəvi formalar”ı - düz beş dəqiqədə hər şey başa çatacaq.

Yalan deyirlər ki, ötən həyat gözlərimin önündən gəlib keçdi. Heç bir ötüb- keçmək və heç bir qaçmaq olmamışdır, yalnız “La Kampos”da məni gözləyən Tamiri, yaşıl bağları və nəyə görəsə, dənizin qumlu sahilini gətirdim gözlərimin önünə, onu da bir anlığa.

Saat 16.59 dəqiqə.

Vaxtı itirə bilmərəm, lakin o qədər gücsüzləşdim ki, hərəkət etməyə də qüvvəm çatmır...

Tamirin çöhrəsində qalereyanın iri pəncərəsindən süzülən günəşin şüaları oynaşır, sınaraq mənə doğru istiqamətlənir və Allaha doğru gedən yolda qarşımda çəpər olur.

Daha bir az keçsin və onu da o dünyaya yola salacağam.

Necə saxlayım?! Necə? Necə?

Fani dünya kubistik lövhələrə köçürülmüş kompozisiyalar kimi dağılır və mənim gözlərim önünə tökülür. Gözlərimi yumuram. Yox, indi hər şey gecdir.

Qərar qəbul olunmuşdur. Hökm çıxarılmışdır! Bağışla, Tamir... Mən istəmirdim. Özün bunu istədin.

Sevirəm, Tamir! Görürsən? Birgə titrəyirik, ürəyim dəlicəsinə çırpınır və mənim zəif, göyərmiş barmaqlarım da sonluğa doğru can atırlar.

Ovcumun içində böyüyən yükləyicilər qan damarları kimi genişlənir... İki tale sonluğu - mən və ölüm, mən və məhəbbət arasında məsafə get-gedə azalır. Əllər, bədənlər, ruhlar bir-birinə birləşir və ölüm qövsü yaranır!

Mən ki dedim, Fədaiyəm...