Müsavat Partiyasının başqanı Arif Hacılı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktub göndərib.
Məktubda o, MSK sədrinə bildirir ki, namizədlərin təbliğatında pulsuz efirin olmaması yolverilməzdir. Müraciətdə o da qeyd edilir ki, Müsavat Partiyasının 24 namizədi qeydiyyatdan keçib:
“Namizədlərimizin təbliğat kampaniyasının təşkili, onların platformalarının seçicilərə çatdırması üçün İctimai Televiziyada pulsuz efir vaxtının ayrılması zəruridir. İctimai diskussiyaların təşkili, bərabərhüquqlu təbliğat imkanları prinsipi baxımından da televiziyada pulsuz efir vaxtının ayrılmaması yolverilməzdir”
Seçki Məcəlləsinə görə, yalnız 60-dan çox dairədə namizədi qeydə alınan siyasi blok və ya partiya pulsuz efir vaxtından istifadə edə bilər. Bu imkanı isə yalnız hakim Yeni Azərbaycan Partiyası qazanıb. Ancaq YAP pulsuz efirdən imtina edib.
Yada salaq ki, 2010-cu ildə keçirilən son parlament seçkilərində namizədlərə 5 dəqiqəlik pulsuz efir vaxtı verilmişdi. O vaxt bu, MSK-nın bir jesti kimi dəyərləndirildi.
Bir neçə gün qabaq isə MSK sədri jurnalistlərə bildirmişdi ki, indi belə bir hal düşünülmür.