Qaçqınları dəstəkləyən mer seçildi

Henriette Reker

-

Almaniyanın Köln şəhərində qaçqınları dəstəkləyən fikirlərinə görə bıçaqlanmış namizəd mer seçilib.

Henriette Reker Kölndə qaçqınlara xidmətlərə cavabdehdir. Onun oktyabrın 17-də ifrat sağçı bir nəfər tərəfindən boğazından bıçaqlandığı bildirilir. Ancaq xəstəxanada yatmasına baxmayaraq, ertəsi gün həmin xanım namizəd mer seçilib.

Seçki kampaniyasının sonuncu günü hücuma məruz qalması ona seçici rəğbətini artırıb, bir qəzet belə yazır.

Müstəqil namizəd olan Reker səslərin 52.6 faizini qazanıb.

58 yaşlı Reker ağır xəsarət alsa da, tam sağalacağı bildirilir. O, Kölndə idarəçilik sistemində fundamental dəyişikliklər və şəffaflıq vəd edib.