İran turist “sunamisi”nə hazırlaşır

Arxiv fotosu

-

İranın vitse-prezidenti deyir ki, ölkəsi gələn aylar ərzində xarici turistlərin “sunami”sinə hazırlaşır. İranla altı dövlətin imzaladığı tarixi nüvə sazişi ilə sanksiyaların qaldırılması nəzərdə tutulur.

Masud Soltanifar həmçinin İranın mədəni irs, turizm naziridir. O, oktyabrın 18-də AP agentliyinə müsahibəsində deyib ki, prezident Hassan Rohani-nin mötədil siyasəti və viza qaydalarını asanlaşdırması İrana daha çox turistin gəlməsinə səbəb olacaq.

İranda UNESCO-nun siyahısında olan 19 tarixi ərazi var. Tezliklə Tehran xarici investisiyanın cəlbi və turizmin inkişafı məqsədilə investisiya paketi açıqlayacaq.

İran rəsmiləri ötən iki il ərzində turizmin 12 faiz artdığını bildirir. 2013-2014-cü illərdə ölkəyə 5 milyon turist gəlib.

ABŞ Dövlət Departamenti isə amerikalılara xəbərdarlıq edir ki, İrana səyahət zamanı ehtiyatlı olsunlar. Özəlliklə ikili, ABŞ və İran vətəndaşlığı olanların problem yaşaya biləcəyi bildirilir.

Washington Post-un müxbiri Jason Rezaian casusluq ittihamıyla həbs olunub. Ondan başqa azı 3 iranlı amerikalı İranda saxlanıb və ya itkin düşüb.