-
Kanadanın SSL şirkəti Azərbaycanın ikinci telekommunikasiya peykini inşa edəcək.
Bu barədə «Azərkosmos» ASC-nin məlumatında bildirilir.
Məlumatda deyilir ki, kommersiya peyklərinin aparıcı təchizatçısı olan «Space Systems/Loral» (SSL) şirkəti «Azərkosmos» ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib.
Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan «Intelsat» ilə «Azərkosmos» ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək «Azerspace-2» Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.
«Azerspace-2» peyk layihəsi Kanadanın «Export Development Canada» (“EDC”) ixrac-kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kredit xətti vasitəsilə maliyyələşdiriləcək.
Peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
Azərbaycanın ilk rabitə peyki – «Azerspace-1» kosmosa 2013-ci il fevralın 7-də Kuru kosmodromundan Fransanın «Ariane-5» daşıyıcı raketi ilə çıxarılıb. Peykin ümumi qiyməti $203 million təşkil edib.